Search
99474c3b574dddce099a80c9e307a126

Valyuta bazarında son durum

2016-cı ilin I rübü ərzində manatın xarici valyutalara nəzərən məzənnəsi Mərkəzi Bankın ötən ilin sonunda elan etdiyi yeni rejim çərçivəsində formalaşmışdır. Mərkəzi Bankın 2016-cı ilin 1-cü rübü üzrə Maliyyə Sabitliyi İcmalında deyilir ki,  2016-cı ilin I rübü ərzində valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalmışdır. Belə ki, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2.8 dəfə, Avro ilə əməliyyatların həcmi isə 2.7 dəfə azalmışdır

İcmalda qeyd olunur ki, dövr ərzində valyuta bazarında əməliyyatların 82%-i ABŞ dollarında, 18%-i digər valyutalarda aparılmışdır. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilmişdir. 2016-cı ilin yanvar-mart aylarında banklar tərəfindən satılan xalis nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 55 dəfə azalaraq 79 mln. ABŞ dolları, avro ilə əməliyyatlar isə 3.5 dəfə azalaraq 69 mln. avro təşkil etmişdir. Nağd xarici valyutaya tələbin azalması şəraitində rüb ərzində banklar tərəfindən gətirilən nağd ABŞ dolları ötən ilin müvafiq dövrünə nəzərən 6.2 dəfə azalmışdır.

Hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olmuşdur. Xarici valyutaya tələbin azalmasının əsas amillərindənbiri mal və xidmət idxalının azalması olmuşdur. Bundan başqa dövr ərzində ötən müşahidə olunan dollarlaşma prosesinin səngiməsi də xarici valyutaya tələbin azalmasında rol oynamışdır. Valyuta təklifinin aşağı düşməsi əsasən Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən (ARDNF) valyuta satışlarının azalması ilə əlaqədar olmuşdur.

Belə ki, ARDNF-in xarici valyuta satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% azalmışdır. Digər mənbələrdən də (xaricdən pul baratları, ixrac və s) xarici valyuta təklifinin azalması cari ilin I rübündə davam etmişdir. 2016-cı ildə Mərkəzi Bank elan etdiyi yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsinin tətbiqinə nail olmuşdur. Rüb ərzində Mərkəzi Bank valyuta bazarında iştirakını minimuma endirmişdir.

ARDNF-nun valyuta bazarında satışları da Mərkəzi Bank vasitəsi ilə hərraclar çərçivəsində həyata keçirilmişdir. Valyuta hərracları həftədə bir neçə dəfə aparılmış, hər bir hərracın parametrləri haqda məlumatlar hərrac başlamazdan əvvəl Bloomberg  terminalı vasitəsilə bazar iştirakçılarına elan edilmişdir. Valyuta hərracı üzrə parametrlər (təklifin həcmi, kənarlaşma diapozounu və s) dövr ərzində valyuta bazarındakı vəziyyətdən asılı olaraq çevik dəyişdirilmişdir. Hərrac bitdikdən sonra onun nəticələri haqda məlumatlar mütəmadi qaydada ictimaiyyətə açıqlanmışdır. I rüb ərzində ümumilikdə 33 hərrac keçirilmişdir. Tələb 12 hərracda təklifi üstələdiyi halda 21 hərracda tam qarşılanmışdır. Hərraclarda orta günlük tələb 132 mln. ABŞ dolları, təklif isə 148 mln. ABŞ dolları təşkil etmişdir. Mərkəzi Bankın təşkil etdiyi valyuta hərracları çərçivəsində ARDNF-nun xarici valyuta satışları ümumilikdə 1253 mln. ABŞ dolları təşkil etmişdir.

Mərkəzi Bankın valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarı normal fəaliyyət göstərmişdir. Rüb ərzində banklararası valyuta bazarında hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmində artım müşahidə edilmişdir. Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir. Hazırda Mərkəzi Bankın valyuta ehtiyatları 4 mlrd. dollar təşkil edir. Bununla belə Mərkəzi Bankın valyuta ehtiyatları 2016-cı ilə gözlənilən 3 aylıq mal və xidmət idxalını əhəmiyyətli üstələyir.

Xarici valyuta ehtiyatlarının M2 pul aqreqatına nisbəti isə 70%-dir ki, bu da tətbiq olunan yeni məzənnə rejimi üçün tələb olunan səviyyədən bir neçə dəfə çoxdur. Dövr ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnəyə bərabər götürülmüşdür. Bu o deməkdir ki, rəsmi məzənnə tam olaraq orta bazar məzənnəsini özündə əks etdirmişdir. Cari ilin əvvəlindən növbəti iş günü üçün rəsmi məzənnənin bir iş günü əvvəldən elan edilməsi praktikasına başlanmışdır. Yeni məzənnə rejimi çərçivəsində I rübdə manatın məzənnəsinin dinamikasında bir neçə dəfə möhkəmlənmə və ucuzlaşma müşahidə olunmuşdur.

İlin əvvəlində ABŞ dollarının manata qarşı məzənnəsi 1.5610 AZN səviyyəsində olmuşdursa, 11.03.16 tarixində özünün rüb üzrə maksimum həddinə – 1.6456 AZN-ə çatmışdır. Sonra rübün sonunadək manatın möhkəmlənməsi müşahidə edilmişdir. Manatın məzənnəsində müşahidə edilən dəyişkənlik yeni maliyyə alətlərinin fəal istifadəsinə, iqtisadi subyektlər tərəfindən valyuta risklərinin idarə edilməsi qabiliyyətinin inkişafına zəmin yaradan amildir.

I rübün sonuna ilin əvvəli ilə müqayisədə manata nəzərən ABŞ Manat Rus rubluna nəzərən 4.2%, türk lirəsinə nəzərən 1.4% ucuzlaşmış, Ukrayna qrivnasına nəzərən 10.4%, Qazax təngəsinə nəzərən 2.2% bahalaşmışdır. Rüb ərzində ikitərəfli məzənnələrin dinamikası özünü çoxtərəfli məzənnənin dinamikasında da göstərmişdir. I rübdə qeyri-neft sektoru üzrə real effektiv məzənnə 18.9% ucuzlaşmışdır.

Ucuzlaşma əsasən NEM-in (Nominal Effektiv Məzənnə) 23.1% ucuzlaşması hesabına baş vermişdir. Qiymət fərqləri isə REM-ə (Real Sektorun Monitorinqi) 5.4% artırıcı təsir etmişdir. NEM və REM-in dinamikasında ucuzlaşma meyili idxalın əvəzlənməsinə və ixracın stimullaşdırılmasına dəstək verən amildir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir