Search
Pul-manat-373x280

Manatın güclənməsi üçün hansı tədbirlər görülməlidir?

Manat növbəti sınaq qarşısındadır. İki kəskin devalvasiyaya məruz qalmış milli valyutamız dəyərini yenidən kəskin itirmək təhlükəsi ilə üzləşib. İyun ayından başlayaraq dəyərini tədricən itirməsi hələki təhlükəni sovuşdura bilməyib. Valyuta bazarında son həftələr yaranmış ajiotaj manata təzyiqi gündən-günə artırır. Qara bazarın getdikcə “çiçəklənməsi” xarici valyutaların qeyri-rəsmi dövriyyəsinə şərait yaratmaqla yanaşı  manata ən böyük zərbəni vuran kapital axınını stimullaşdırır. 

Bütün bu baş verənlər əlbəttə nəticədir. Səbəb isə sadədir. Manat yığım funksiyasını itirib, tədavül və ödəniş funksiyasını isə getdikcə zəifləyir. Manatın məzənnəsinin qeyri sabitliyi insanların – sahibkarların, əmanətçilərin, bankirlərin ona inamını sarsıdıb. O inamı ki onu qazanmaq üçün illər tələb olunub.

Bu gün ölkənin valyuta bazarında sabitliyi təmin etmək üçün xarici valyutaya olan tələb və təklif arasında fərqi minimuma endirmək vacibdir. İyun ayından başalayarq Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarında dollara olan tələb təklifi 10-12 dəfə üstələyir. Buna səbəb bankların xarici valyutaya ehtiyaclarının artmasıdır. Valyuta bazarında mövcud gərginliyi azaltmaq üçün təklifin əhəmiyyətli artırılması və ya tələbin nəzərəçarpacaq dərəcədə azaldılması tələb olunur. Hər iki addım ajiotajı qısamüddətli yatırmağına rəğmən problemi həll edə bilməz. Neft Fondu və Mərkəzi Bank hesabına dollar təklifinin tam ödənilməsi bu valyutaya tələbi yalnız qısa müddətdə azalda bilər. Çünki iqtisadiyyatın dollarlaşması, xarici borcun getdikcə artması, rəsmi və qeyri-rəsmi kapital axını dollara tələbatı daim yüksək səviyyədə saxlayacaq. Manat kütləsini məhdudlaşdırmaq, idxalı azaltmaq, rəsmi kapital çıxışına qadağa hesabına tələbi azaltmaq da çıxış yolu deyil. Bu addımlar iqtisadi tənəzzülə yol aça bilər. Proses paralel aparılmalı, daha çox iqtisadi alətlərdən istifadəyə üstünlük verilməlidir. Ölkəyə neftdən kənar dollar axını çox azdır. Təkcə idxalatçı şirkətlərin aylıq tələbi 650-700 milyon dollar civarındadır. Bura dövlətin və özəl şirkətlərin, o cümlədən bankların xarici borca xidmət xərclərini, əhalinin dollar yığımını, xaricə kapital axınını əlavə etsək, aylıq tələbatın 1-1,2 milyard dollar civarında olduğunu görə bilərik. Üstəlik bağlanan bankların manatla qaytarılan əmanətlərinin dollara çevrilməsi, banka manatla ödənilən xarici valyuta kreditlərinin dollara konvertasiyası tələbatı daha da artırır. Bu həddə tələbatın qarşılığında valyuta təklifinin aylıq həcmi 700-800 milyon dollardan çox deyil. Aylıq 300-400 milyon dollarlıq valyuta çatışmazlığını Neft Fondunun aktivləri və Mərkəzi Bankın ehtiyatları hesabına müvəqqəti aradan qaldırmaq olar. Ancaq bu, problemin ömrünü uzatmaq və onun taleyini dünya bazarlarında neftin bahalaşmasına bağlamaqdan başqa bir şey deyil. Problem sistem xarakter daşıdığından məsələnin həlli köklü yanaşma tələb edir. Manatın məzənnəsinin sabitliyi yalnız dayanıqlı makroiqtisadi sabitlik və iqtisadi inkişaf fonunda mümkündür. Ölkənin maliyyə sektorunun sürətlə dollarlaşması milli valyutaya təzyiqi artırmaqla yanaşı makroiqtisadi sabitliyi risk altına qoyur.

BVF-nin emprik tədqiqatları göstərir ki, bir qayda olaraq dəyişkən inflyasiya, milli valyutanın dəyərsizləşməsi, asimmetrik məzənnə siyasəti və maliyyə bazarının kiçikliyi maliyyə sisteminin dollarlaşmasını şərtləndirir. Valyutanın məzənnəsinin tez-tez aşağı salınması və valyuta məzənnələrində yüksək volatillik xarici valyuta depozitlərinin artımına gətirib çıxarır, yüksək inflyasiya isə öz növbəsində, bank kreditlərini “dollarlaşdırır”. Bütün bunlar Azərbaycanın maliyyə sektorunda müşahidə edilir və yüksək həddə dollarlaşma makroiqtisadi sabitliyi risk altına alır. 2014-cü ilin sonu 2016-cı ilin 1 iyul tarixinə olan rəsmi məlumata görə, kredit qoyuluşunda xarici valyuta kreditlərinin payı 27%-dən 48%-ə yüksəlib. Bu müddətdə əmanət qoyuluşunun dollarlaşması səviyyəsi 38%-dən 80%-ə çatıb. Xarici valyuta depozitlərinin geniş mənada pul kütləsində (M3) payı 36%-dən 90%-ə qalxıb.

Maliyyə sektorunun dollaşması bankların likvidliyinə problem yaradır, iqtisadiyyatın pulla təminatını pisləşdirir. Əmanəti xarici valyutada cəlb edən banklar krediti də həmin valyutada verməyə məcburdur. Əks halda bankın valyuta mövqeyi pozula bilər və qeyri-sabit məzənnə siyasəti dövründə zərərə düşə bilər. Bank əmanəti dollarla qəbul edib, krediti milli valyutada verdikdə bank sistemində valyuta riski artır. Çünki bankların valyuta öhdəlikləri onların valyuta akitvlərini üstələyəndə milli valyutanın məzənnəsinin aşağı salınması onun aktivlərinin xalis dəyərini aşağı salır və bankı ödəmə qabiliyyətini itirmək riskinə atır. Bütün bunlar dollarlaşmanın Azərbaycan iqtisadiyyatına, o cümlədən maliyyə sisteminə vurduğu ağır zərbələrdir.

Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunması, milli valyutanın iqtisadiyyatda rolunun artırılması və əhalinın inamının bərpası üçün mövcud problemin həllinə strateji yanaşma tələb olunur. Bu yanaşma özündə etibarlı pul-kredit və məzənnə siyasətini, aşağı və sabit inflyasiya səviyyəsini, maliyyə bazarının genişlənməsini ehtiva etməlidir. Bütün bunlara iqtisadiyyatda dollarlaşma səviyyəsini aşağı salmaqla nail olmaq olar. Ona görə də hökumət əksdollarlaşma (de-dollarlaşma) strategiyası hazırlamalı, makroiqtisadi sabitliyə yönəlik tədbirlərin icrasına başlamalıdır.  İqtisadiyyatda dollarlaşma səviyyəsinin aşağı salınması vacib olmaqla yanaşı, uzunmüddətli və mürəkkəb prosesdir. Ancaq kompleks tədbirlər və düzgün koordinasiya hesabına uğurlu nəticəyə nail olmaq mümkündür.

İqtisadiyyatda idxalın yüksək səviyyəsi əksdollarlaşma prosesini ləngidən amildir. Valyuta bazarını və maliyyə alətlərinin inkişaf etdirmədən dollardan imtina çətin görünür. Çevik valyuta məzənnəsi əsasında inflyasiya hədəflənməsi rejimi və büdcə maraqlarından çıxış etməyən pul-kredit siyasəti maliyyə bazarının əksdollarlaşması üçün əlverişli əsas ola bilər.

Əksdollarlaşma siyasəti müxtəlif ölkələrdə həyata keçirilib və bu siyasət bazar alətlərinə və inzibati tədbirlərə əsaslanıb.

Bazar alətlərinin tətbiqi tədbirləri qismində dövlət borcunun idarə edilməsi, daxili maliyyə bazarının inkişafı, dollar aktivlərinə alternativin tətbiqi, üzən məzənnəyə keçid, ödəniş sisteminin tənzimlənməsi, indeksasiya mexanizmlərinin yaradılması, maliyyə liberallaşması, məcburi ehtiyat tələblərinin tənzimlənməsi həyata keçirilib.

Dövlət borcuna xidmətlə bağlı kompleks tədbirlərə  milli valyutada dövlət istiqrazlarının buraxılışının artırılması daxildir. Bu addım mübadilə məzənnəsinə çeviklik verməklə dövlətin valyuta balansının dollarsızlaşmasına imkan verir. Zərurət yarandıqda dövlət istiqrazları inflyasiyaya uyğun indeksləşdirilə bilər. Boliviya, İsrail, Meksika kimi ölkələrdə belə təcrübə mövcuddur. Bir məsələni nəzərə almaq lazımdır ki, məzənnə dəyişməsinin kompensasiyası üçün tətbiq edilən yüksək faiz dərəcəsi bir sıra hallarda dövlətin borca xidmət xərclərini kəskin artırır.

Daxili maliyyə bazarının inkişafı zamanı dollar depozitlərinə alternativ investisya imkanlarını artıran milli valyutada olan istiqraz bazarının stimullaşdırılır. Daxili pul və kapital bazarında milli valyutada olan qiymətli kağızların artması dollar aktivlərinin azalda bilər. Anqola, Boliviya, Çili, Meksika, Rusiyada belə təcrüdən istifadə edilib.

Maliyyə liberallaşması tədbirlərinə bankların faiz dərəcələri üzərində inzibati nəzarətin ləğv edilməsi daxildir (Estoniya, Haiti, Macarıstan). Bu ona gətirib çıxarır ki, daxili real faiz dərəcələri müsbət olur və milli valyutanın cəlbediciliyi artırır.

Məcburi ehtiyat normalarına tələblər müəyyənləşdirilərkən xarici valyuta ilə müqayisədə milli valyutada yerləşdirilən depozitlərə daha əlverişli şərait yaradılır. Bu tələb xarici valyutada olan kreditləri bahalaşdırır. (Boliviya, Honduras, Nikaraqua, İsrail). Bu addım bankları milli vayutada depozit cəlbinə stimullaşdırır.

Əksdollarlaşma tədbirləri qismində kommersiya banklarına olan prudensial siyasətlərdə əhəmiyyətli rol oynayır. Bu tədbirlərə açıq valyuta mövqeyinin maksimal daralması tələbləri (Xorvatiya, Türkiyə), xarici valyutada olan depozitlərə (Anqola, Uruqvay) və kreditlərə (Xorvatiya) yüksək tələblər, valyuta kreditləri, xüsusən də sığortalanmamış (unhedged) borclar üzrə ehtiyatların yaradılmasına yüksək tələblər (Anqola, Honduras, Vyetnam)  daxildir.

Çili, Kolumbiya, Meksika və İsraildə milli valyutanın cəlbediciliyini və inamı artırmaq, həmçinin alıcılıq qabiliyyətinin sabitliyini qorumaq üçün kəskin məzənnə dəyişiklikliyindən sığortalamağa imkan verən əhalinin gəlirlərinin indeksasiyası sistemi tətbiq edilib.

İnzibati tədbirlər siyasətinə xarici valyutada olan depozitlərin milli valyutaya məcburi konvertasiyası, xarici valyutanın hesabdan çıxarılmasına müəyyən müddətə qadağa, xarici valyutada olan müqavilələrin və faiz gəlirlərinin vergiyə cəlbini qeyd etmək olar.

Xarici valyutada olan depozitlərin milli valyutaya məcburi konvertasiyası Boliviya, Meksika  Peru kimi ölkələrdə kapitalın maliyyə sektorundan axınının artımına gətirib çıxardı. Xarici valyutanın hesabdan çıxarılmasına müəyyən müddətə qadağa Argentina  Pakistanda tətbiq edilib. Argentinada xarici valyutada olan “dondurulmuş” depozitlər inflyasiya səviyyəsinə uyğun indeksləşdirilib, Pakistanda milli valyuta ilə ödənilib. Pakistanda xarici valyutada yerləşdirilən bank depozitləri və istiqrazlarından əldə edilən gəlirlər vergiyə cəlb edilir. Boliviyada xarici valyutada ifadə olunan istənilən aktivlərlə bağlı müqavilələr vergiyə cəlb edilir.  Peruda yerli valyutada ödənişləri stimullaşdırmaq üçün xarici valyutada olan ödəniş çeklərinə 2%-lik vergi tətbiq edilir. Ukraynada milli valyutada olan əmanətlərin vaxtından əvvəl banklardan götürülməsi qadağan edildi.

Təcrübə göstərir ki, bazar alətlərindən istifadə etmədən yalnız məcburi əksdollarlaşma tədbirlərinin həyata keçirilməsi lazımi səmərə vermir. Peru və Boliviya inzibati yolla dollarlaşmanı azalda bilməməsi buna sübutdur. Argentina və Pakistanda atılan addımlar nəticəsi ona gətirdi ki, rezidentlər xarici valyuta vəsaitlərini bank hesablarında yox, nağd şəkildə saxlamağa üstünlük verdilər. Belə məhdudiyyətlər milli bank sektoruna inamı təhlükə altına qoyur və kapital axınına və dezintermediasiyaya gətirib çıxarır.

Xarici ölkələrədə sınaqdan çıxmış uğurlu və uğursuz təcrübələrin öyrənilərək Azərbaycanda tətbiqi imkanları araşdırılmalıdır. Çünki hansısa ölkədə uğurlu nəticələrə səbəb olan mexanizmlər Azərbaycanda fərqli nəticələr göstərə bilər. Ölkəmiz xüsusilə ona iqtisadi-siyasi baxımdan yaxın olan, eyni idarəetmə prinsiplərinə malik ölkələrin təcrübəsinə önəm verməlidir. Məsələn, hazırda Azərbaycan iqtisadiyyatının strukturu, idarəetmə forması, qərar qəbulu sxemi, iqtisadiyyatın mövcud durumu, neftin iqtisadiyyatda rolu baxımından Rusiya və Qazaxıstana daha yaxındır. Rusiyada valyuta depozitlərinin payı 2014-2016-ci illərdə 20%-dən 35%-ə, Qazaxıstanda isə 37%-dən 74%-ə yüksəlib. Həmin dövrdə dollar rubla münasibətdə 102,8%, tenge 75,5% bahalaşıb. Hər iki ölkədə son dövrlər əksmərkəzləşmə tədbirləri həyata keçirilir. Rusiyada milli valyuta 2014-cü ildən üzən məzənnəyə keçib, uçot dərəcəsi artırılıb. Xarici valyutada olan kreditləşmə və ya qiymətli kağızların alınması zamanı banklar üçün risk əmsalı artırılıb. Əsasən Rusiya təcrübəsinə əsaslanan Qazaxıstanda ölkə iqtisadiyyatının dollarlaşma səviyyəsini azaltmaq üçün ayrıca tədbirlər planı hazırlanıb. Plan 3 əsas strateji istiqamətə – makroiqtisadi sabitliyin təmin edilməsinə, nağdsiz ödənişlərin inkişafına və kölgə iqtisadiyyatının azaldılmasına əsaslanır. Milli Bank və hökumətin birgə tədbirləri nəticəsində təngə üzrə maksimal faiz dərəcəsi 10%-dən 14%-ə qaldırılıb, xarici valyuta üzrə illik faiz dərəcəsi 3%-dən 2%-ə endirilib. Milli valyuta üzrə depozitlərin kompensasiya məbləği 5 milyon təngədən (15 min ABŞ dolları) 10 milyon təngəyə (30 min ABŞ dolları) artırılıb. 1 yanvar 2016-cı il tarixindən xarici valyuta gəliri olmayanlara xarici valyutada kredit verilməsi qadağan edilib. Fevral ayından isə Milli İqtisadiyyat Nazirliyi elektron ticarətdə qiymətlərin istisnasız olaraq milli valyutada göstərilməsi barədə Qayda hazırlayıb. Fevral ayının 1-dən etibarən dolların alış və satış qiyməti arasında fərq (marja) 6 təngə müəyyənləşdirilib. Avro üzrə bu hədd 7 təngədir.

Azərbaycanda da əksdollarlaşma istiqamətində müəyyən addımlar atılıb, Rusiya və Qazaxıstan təcrübələrinin bir qismi tətbiq edilib. Manat üzən məzənnəyə keçib, xarici valyutada gəliri olmayanlara xarici valyutada istehlak kreditlərinin verilməsi qadağan edilib, xarici valyutada olan məcburi ehtiyat normaları artırılıb (0,5%-dən 1%-ə), Maliyyə Naziriyi dövlət istiqrazlarının buraxılışını həyata keçirib, manata güvənlik üçün uçot dərəcəsi 3%-dən 9,5%-ə artırılıb və s. Ancaq bu tədbirlər vahid starategiya şəklində yox, dövrü olaraq situasiyaya uyğun atılıb. Bu baxımdan təəssüf ki, atılan addımlar gözlənilən səmərəni vermir. Uğurlu təcrübələr Rusiya və Qazaxıstanla məhdudlaşmamalı, digər təcrübələr də nəzərdən keçirilməlidir.

Azərbaycanda hökumətin və Mərkəzi Bankın iştirakı ilə Əksdollarlaşma Strategiyası hazırlanmalı və sənəddə bazar və inzibati mexanizmləri nəzərdə tutan tədbirlər əksini tapmalıdır. Strategiyada aşağıdakı tədbirləri nəzərdə tutula bilər:

– Kapital bazarının inkişaf etdirilməsi, bank sektorunun liberallaşdırılması və rəqabətin gücləndirilməsi

– Alternativ maliyyə alətləri bazarının inkişaf etdirilməsi, o cümlədən milli valyutada buraxılan dövlət istiqrazlarının inflyasiyaya uyğun indeksləşdirilməsi

– Xarici valyutada olan əmanətlərə dair tələblərin sərtləşdirilməsi (məcburi ehtiyat normalarının 1%-dən 3%-ə artırılması, əmanətlərdən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi)

– Milli valyutada olan əmanətlərin stimullaşdırılması (əmanətlərin sığortalanma faizlərinin 12%-dən 15%-ə qaldırılması)

– Manat əmanətlərini kəskin məzənnə dəyişiklikliyindən sığortalamağa imkan verən indeksləşmə mexanizminin yaradılması

– İstehlak və mikro kreditlərinin illik faiz dərəcələrinə tətbiq edilən tavanın (uyğun olaraq 29% və 25%) ləğv edilməsi

– Xarici valyutada olan istehlak kreditlərinin milli valyutaya konvertasiyası imkanlarının araşdırılması və banklara tövsiyə edilməsi

– Nağdsız ödənişlərə keçidin sürətləndirilməsi və nağd ödənişlərə məhdudiyyətlərin (1-2 min manatdan yuxarı) tətbiqi

– Mərkəzi Bank tərəfindən banklara milli valyutada məqsədli kreditlərinin verilməsi

– Mərkəzi Bankın nəzdində Problemli Kreditlər üzrə Fondun yaradılması (Fond banklara uzun müddətə, aşağı faizlə yerləşdirdiyi depozitlər hesabına dollar kreditlərinin manata konvertasiyası təmin edilir)

Xarici ölkələrin təcrübələri göstərir ki, heç də bütün tədbirlər effektiv nəticələr vermir. Əksdollarlaşma siyasəti fiskal konsolidasiya (büdcə xərclərinin optimallaşdırılması, struktur islahatlarının aparılması, büdcə daxilolmalarının iqtisadi stumullaşdırma tədbirləri hesabına artması) və sərt pul-kredit siyasətini (tələbin azaldılması hesabına inflyasiyanın aşağı salınması, real və nominal mübadilə məzənnəsinin artması) nəzərdə tutuan makroiqtisadi sabitliyə əsaslanır. Əksdollarlaşma təkcə maliyyə sektoru ilə yekunlaşmamalıdır. İqtisadi artımına nail olmaq, qiymətlərin sabitliyini təmin etmək, emal sənayesini inkişaf etdirmək, xarici valyutanın qeyri-rəsmi dövriyyəsini azaltmaq, yerli məhsul istehsalını artırmaq da bu tədbirlərin paralel aparılmalıdır.

BBN.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir