Search
apa

Maliyyə Bazarlarına Nəzarət Palatasına BVF-dən dəstək

Maliyyə Bazarlarına Nəzarət Palatasında Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə texniki yardım missiyasının başçısı Filip Bartolomeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Palatadan “APA-Economics”ə verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı qonaqlara maliyyə bazarlarına nəzarət  və tənzimləyici orqanının qarşısında duran əsas vəzifələr və çağırışlar haqqında geniş məlumat verib. Sədr Palatanın funksiyalarına uyğun olaraq institusional islahatların aparılacağını və bunun nəticəsində daha sistemli maliyyə sabitliyi çərçivəsinin yaradılacağını vurğulayıb.

F. Bartolomey Maliyyə Bazarlarına Nəzarət Palatasının üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib. O, BVF tərəfindən ortamüddətli perspektivdə texniki yardımla bağlı tədbirlər planının hazırlanacağını, eləcə də prudensial nəzarət mexanizminin hazırlanmasında təmsil etdiyi qurumun Palataya dəstək göstərəcəyini diqqətə çatdırıb.

Sonda tərəflər arasında texniki əməkdaşlıq istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir