Search
banknews.az_2016-03-04_06-18-02

Sosial yönümlü sığorta satılacaq

“Standard Insurance” sığorta şirkəti rəngli sığorta məhsulları satmağa hazırlaşır. Bu barədə fins.az-a müsahibəsində şirkətin İdarə Heyətinin sədri Aydın Rəhmanov bildirib.Yeni layihə «Sığortana rəng qat» adlanır. Söhbət üç rəngdə satılacaq sığorta şəhadətnamələrindən gedir. Qırmızı, yaşıl və göy rəngdə olan şəhadətnamələr avtomobil, əmlak və səfər sığortasını əhatə edəcək.

Şirkət rəhbərinin sözlərinə görə, istənilən şəxs bu üç növdən birini əldə edərkən üç rəngdən birini seçə bilər: “Qırmızı rəng bizim partnyorumuz olan talassemiya xəstələri olan uşaqlara yardım fondu –  qan bankıdır. Yəni, qırmızı rəngdə alınan bütün sığorta polislərinin dəyərinin 5%-i həmin fonda köçürülür, talassemiyalı uşaqlara yardım edilir. Göy rəngdə sığorta polisləri üzrə yığılan məbləğin 5%-i məktəb icmaları təşkilatının xüsusi fonduna çatacaq. Yaşıl polislərin 5%-i isə ətraf mühitin qorunması, təmizlik və ekologiya məqsədləri üzrə işləyən “Təbiətin dostları” fonduna köçürülür”.

 A.Rəhmanov deyir ki, bu 3 fondun hər birinin hesabları və onlar barədə məlumat sığorta şirkətinin saytında qeyd ediləcək. Hər bir satılan polis və onlara yönəldilən məbləğ də burada əksini tapacaq: “Yəni, hamı şəffaf görəcək ki, ödədiyi sığorta haqqının hansı hissəsi necə sərf ediləcək. Xüsusi ilə qeyd edim ki, bu yenilik nəticəsində müştərilər əlavə xərcə düşməyəcək, onlar elə həmişəki qədər sığorta haqqı ödəyirlər, sadəcə, ödədikləri pulun bir hissəsi bu məqsədlər üçün sərf ediləcək. Bununla biz həm şirkətimizin sosial yönümlülüyünü göstəririk, həm də müştərilərə müəyyən formada yaxın oluruq. Ola bilər ki, çoxları bu işi, yəni yardımları etmək istəyirdi, amma buna imkan tapa bilmirdilər, indi isə bizdə sığortalanmaqla bunu edə biləcəklər”.

A.Rəhmanov deyib ki, hazırda layihə ilə bağlı reklam məsələləri tamamlanmaq üzrədir və tezliklə bu layihəyə start veriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir