Search
POS

POS-terminallar ilə nağdsız ödənişlər azalıb

Azərbaycanda  POS-terminallar ilə nağdsız ödənişlər azalıb.

“kreditxeber” Mərkəzi Bankın saytına istinadən xəbər verir ki, cari ilin fevral ayında ölkədaxilində POS-terminallar ilə 774 min əməliyyat üzrə 28 milyon manat nağdsız ödənişlər həyata keçirilib. Halbuki, yanvar ayında 1 milyon 216  min əməliyyat üzrə 38 milyon manat nağdsız ödəniş yerinə yetirilmişdi. Yəni, yanvar ayı ilə müqayisədə əməliyyatların sayı 36%, məbləği isə 26%  azalıb.

ATM-lər vasitəsilə nağdsız ödənişlər isə yanvar ilə müqayisədə fevralda 1 milyon manat artaraq 17 milyon manatdan 18 milyon manata yüksəlmişdir.

KREDİT KARTLARININ SAYI 1 MİLYON ƏDƏDİ ÖTÜB

Fevral ayında bankların ödəniş kartlarının sayı  56 min ədəd artaraq 5 milyon 808 min ədədə çatmışdır. O cümlədən, martın 1-nə  sosial kartlar 2 milyon 551 min ədəd,  əmək haqları kartları 1 milyon  417 min ədəd, kredit kartları 1 milyon 7 min ədəd, digər kartlar isə  833 min ədəd təşkil etmişdir.

Fevralda əmək haqqı kartlarının sayı 15 min ədəd azalmış, sosial kartların sayı 17 min ədəd, kredit kartlarının sayı  40 min ədəd, digər kartların sayı isə 14 min ədəd artmışdır. Müqayisə üçün bildirək ki, 2013-cü ilin fevralında kredit kartlarının sayı 55 min ədəd artmışdı.

ƏMƏLİYYAT HƏCMİNİN 87%-i NAĞD PULUN ÇIXARILMASIDIR

Cari ilin fevral ayında bir əvvəlki ayla müqayisədə debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 163 milyon manat artaraq 941 milyon manat təşkil etmişdir. Bu həcmin 819 milyon manatını ölkə daxilində ATM-lər və POS-terminallar vasitəsilə nağd pulun çıxarılması təşkil etmişdir. Fevralda ölkə xaricində isə kartlar vasitəsilə  66 milyon manatlıq əməliyyat aparılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir