Search
photo (1)

MİKRO KREDİTLƏR: EKSPERT ƏJDƏR MƏMMƏDOVUN MÜSAHİBƏSİ:

Müsahibimiz haqqında qısaca:

1986-cı il 22 iyunda anadan olmuşdur. Ali Təhsil: “Azərbaycan Dövlət İqtisad Universiteti”- “İdarəetmə fakultəsi”. Azərbaycanda peşəkar fəaliyyətinə, 2010-cu ildən bank sektorunda başlamışdır. Hal-hazırda “Bank Olmayan Kredit Təşkilatları”nın birində Baş kredit mütəxəssisi,  həmçinin mikro kreditləşmə və aqro seminarların təlimçisi kimi çalışır.

 

 Əjdər bəy, ilk öncə dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirik. 

İlkin sual olaraq bilmək istərdik ki, Mikro kredit nədir və ondan necə faydalanmaq olar?

Adından göründüyü kimi bu növ kreditlər kiçik həcmli kreditlərdir. Mikro krediti təcili maliyyə dəstəyinə ehtiyacı olan fərdi sahibkarlar və kiçik biznes sahibləri götürürlər. Əsasən şəxsi məqsədlər üçün, həmçinin cari və mövsümi biznes məsələlərinin həllində olduqca əhəmiyyətlidir. Bu kredit növündən demək olar ki, əksər insanlar faydalana bilir. Buna da səbəb mikro kreditlərin alınması tezliyinin və sadələşdirilmiş şərtlərin olmasıdır.

Əvvəlki illərə nisbətən mikro kreditlər nə dərəcədə inkişaf etmişdir?

Hamıya məlumdur ki, son zamanlar alınması əlverişli  olduğundan mikro kreditlər bazar üçün sadə bir xidmətə çevrilib. Belə kreditlər həmçinin əhalinin aztəminatlı qruplarının maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Rahatlıq isə borcun həcminin kiçik olması və maliyyə problemlərinin yaxınlara müraciət etmədən həll etməyə imkan verməsindədir. Son illərdə bir neçə bank və maliyyə təşkilatları öz daxili kreditləşmə siyasətində dəyişiklik edərək mikro kreditlərə daha çox yer ayırırlar və bu proses hələ də davam edir. Əlbəttə ki, bu dəyişikliyi tələbdən yaranan təklif kimi qiymətləndirmək lazımdır.

Yaxın gələcəkdə bazarda hansı dəyişikliklər ola bilər?

Mütəxəssislər hesab edirlər ki, mikro kreditləşmə insanların borclarının artmasına gətirib çıxardır, lakin bu məqsədlə “Azərbaycan Respublikası Mərkəzi Bankın Reyestr Xidməti” fəaliyyət göstərir və bu, problemin dərinləşməməsinə xidmət edir. Belə ki son zamanlar banklar və kredit təşkilatları tərəfindən mərkəzi kredit reyestrinə  göndərilən sorğuların artması müştərilərin borclarının dəqiq araşdırılmasının göstəricisidir.

BOKT-lar ən çox hansı  regionlarda daha çevik hərəkət edir və əhalinin kreditləşməsində mühüm rol oynayırlar?

Bu suala dəqiq  cavab vermək   çətin olardı.  Çünki, bu gün respublikamızda  olan kredit təşkilatlarının  əksəriyyətində  müxtəlif növ kredit məhsulları vardır ki bunlar da oz xüsusiyyətinə uygun regionlarda daha çevik hərəkət edir və  əhalinin kreditləşməsində üstünlük təşkil edir.

Gələcəkdə “BOKT”-ların sayı dahada arta bilərmi?

Azərbaycanda “Bank olmayan kredit təşkilatları haqqında” qanun qüvvəyə minib. Sənədə əsasən, Azərbaycan vətəndaşları ilə yanaşı, xarici ölkələrin fiziki və hüquqi şəxsləri də ölkəmizdə bank olmayan kredit təşkilatları təsis edə bilər.
Düşünürəm ki, yaxın gələcəkdə  xarici vətəndaşların  bizim  ölkədə “ BOKT” açmaq fikirləri daha da arta bilər.

Müştərilərinizə  hansı məsləhətləri, təklifləri vermək istərdiniz?

Müştərilərimizə məsləhətim hər bir müraciət  olunan krediti məqsədi üzrə reallaşdırsınlar  və təklif edərdim bizim novruz kompaniyamızdan istifadə etsinlər.

Kreditxəbər haqqında fikirləriniz, arzularınız?

Mən sizi yaxından izləyirəm.  Çünki burda hər tərəfli lazım ola biləcək məlumatlar var. Qısa zamanda  fəaliyyətinizə baxmayaraq, özünüzə kifayət qədər oxuyucu kütləsi toplaya bilmisiniz. Hər zaman işlərinizdə uğurlar arzu edirəm.

Əjdər bəy bir daha sizə öz minnətdarlığımızı bildiririk. Suallarımızı cavablandırdığınız üçün çox sağolun deyirik.

Müsahibəni www.taraz.az aldı.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir