Search
14702121102470750538_620x403

“Bank Standard”ı onlar idarə edəcək – YENI RƏHBƏRLİK

Məlum olduğu kimi, ölkənin maliyyə sektorundakı mövqeyi, aktivlərinin xüsusi çəkisi və sistem əhəmiyyəti nəzərə alınaraq, səlahiyyətli orqanlarla razılaşdırılmış şəkildə QSC “Bank Standard” Kommersiya Bankının sanasiyası barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərara əsasən Bank Standardın səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasitəsi ilə sağlamlaşdırılması, bu ilin avqust ayının 3-dək Azər-Türk Bank tərəfindən idarəetmə orqanlarının yenidən formalaşdırılması və həmin tarixdən etibarən Bankın fəaliyyətinin biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa ediləsi nəzərdə tutulmuşdur.

03 avqust 2016-cı il tarixində QSC “Bank Standard” KB-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda QSC-nin Müşahidə Şurası və Audit Komitəsinin tərkibi yenidən formalaşdırılmış, İdarə Heyətinin tərkibində də isə dəyişikliklər edilmişdir.

Bankın Müşahidə Şurasının sədri Rumiyə Məmmədova, üzvləri Xəyyam Əliyev və Elşad Şirinbəyov təyin olunmuşlar. Audit Komitəsinin sədri Zamiq Məmmədov, üzvləri Raman Abışov və Paşa Əhmədzadə təyin olunmuşlar. Bundan başqa,  Xalid Əhədov İdarə Heyətinin sədri və Mustafa Rəşidov isə İdarə Heyətinin üzvü vəzifələrinə təyin olunmuşdurlar.

Müşahidə Şurasının yeni sədri R.Məmmədova 1994-cü ildən bank sektorunda fəaliyyət göstərir və 08 dekabr 2014-cü il tarixindən “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

İdarə Heyətinin yeni sədri X.Əhədov 1998-ci ildən bank sektorunda fəaliyyət göstərir və bu təyinatından öncə “UNİBANK” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin baş icraçı direktoru vəzifəsində çalışmışdır.

Ümumilikdə Bankın idarəetmə orqanlarına yeni təyin olunan üzvlərin bilik və bacarıqlarına, bank fəaliyyəti sahəsində təcrübələrinə və şəxsi keyfiyyətlərinə görə Bankın sağlamlaşdırılması prosesində və gələcək fəaliyyətində böyük tövhələr verəcəkləri istisna olunmur.

Səhmdarların Ümumi Yığıncağının növbədənkənar iclasında, həmçinin, 04 avqust 2016-cı il tarixindən QSC “Bank Standard” KB-nin sağlamlaşdırılması proqramının birinci mərhələsinin icrasına başlanılması qərarı alınmışdır. Bankın sağlamlaşdırılması proqramının icrası ilə bağlı ictimaiyyətə QSC “Bank Standard” KB tərəfindən ətraflı məlumat veriləcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir