Search
iir

İranla ticarət dövriyyəmiz 30% artmışdır

İqtisadiyyat naziri Şahin Mustafayev aprelin 6-da ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpuru qəbul edib.
Görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin mövcud vəziyyətindən və inkişafından məmnunluq ifadə olunmuş, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanmışdır. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 23-də İrana səfəri, səfər çərçivəsində keçirilən görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük stimul vermişdir.
İqtisadi sahədə əlaqələrin inkişaf perspektivlərinin müzakirə edildiyi görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında möhkəm hüquqi bazanın yaradıldığını, iqtisadiyyatın bir sıra sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyini, 2016-cı ilin ötən dövründə ticarət dövriyyəsinin həcminin 30% artdığını qeyd etmişdir. Bildirilmişdir ki, hazırda kənd təsərrüfatı, turizm, bankçılıq, nəqliyyat və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq işlər görülür. Ölkələrimiz arasında əməkdaşlığın vacib istiqamətlərindən olan nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəhlizinin inkişaf etdirilməsi əlaqələrimizin genişlənməsinə öz töhfəsini verəcəkdir.
İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur ölkəsinin Azərbaycanla əlaqələrinin yüksək səviyyədə olduğunu, İranın Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir