Search
Bank_Standard_ipoteka_albom_030712

Bugündən “Bank Standard”da olan xırda əmanətlərin ödənişinə başlanılır, digər ödənişlər üzrə moratorium uzadılıb

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Bank Standard” QSC-yə təyin olunan müvəqqəti inzibatçı bankın aktivlərinin səfərbər edilməsi və likvidlik səviyyəsinin normallaşdırılması istiqamətində tədbirlər görüb.

Palatadan verilən məlumata görə, bu tədbirlər nəticəsində toplanmış vəsaitlər hesabına 3 iyun 2016-cı il tarixindən etibarən fiziki şəxslərin “Bank Standard”dakı 1 000 manata qədər olan xırda əmanətlərinin ödənişinə başlanılır.

Bununla yanaşı, bankın və onun müştəriləri olan təşkilatların əməkdaşlarına əmək haqlarının ödənişi də davam edəcək.

Digər ödənişlər üzrə moratorium isə məhkəmənin qərarı ilə 1 ay müddətinə uzadılıb.

Müvəqqəti inzibatçı bankın borcları üzrə öhdəliklərin icrası ilə yanaşı, verilmiş kreditlərin qaytarılması üzrə fəaliyyətini davam edir. Bununla əlaqədar Palata bir daha bankın borclularını öz öhdəliklərini intizamla icra etməyə dəvət edir.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən, mayın 3-dən etibarən “Bank Standard” QSC-yə 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib. Buna səbəb son dövrlər bankın aktivlərinin keyfiyyətinin pisləşməsi nəticəsində bankın likvidlik və kapital mövqeyinin zəifləməsi, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklərin yaranması idi.
Palata bankda yaranmış mövcud vəziyyəti qiymətləndirmək üçün bankda yoxlama təyin edib.

Palatanın qiymətləndirməsi müəyyən edib ki, mövcud səhmdarlar və idarəetmə orqanları bankda yaranmış çətinlikləri həll etmək üçün yetərli resurslara sahib deyil.

Məhz bu səbəbdən bankda yaranmış problemləri tənzimləmək üçün Palata tərəfindən banka inzibatçı təyin edilib və bankın likvid aktivlərinin səfərbər edilməsi və lazım ola biləcək əlavə dövlət dəstəyinin həcmini müəyyənləşdirmək üçün məhkəmə qərarı ilə 3 may 2016-cı il tarixindən etibarən 1 ay müddətinə fiziki və hüquqi şəxslərin əmanətlərinin ödənilməsi dayandırılıb.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir