Search
qht

İqtisadiyyat Nazirliyinin qeyri-kommersiya təşəbbüsü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırığa uyğun olaraq, aprelin 6-da Bakı Biznes Mərkəzində QHT rəhbərləri ilə görüş keçirilmişdir. Görüşdə 20-dək iqtisadi sahədə fəaliyyət göstərən ictimai birlik rəhbəri iştirak etmişdir.
İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov və Sahib Məmmədov Nazirliyin fəaliyyət istiqamətləri, görülən işlər və icra olunan layihələr, sahibkarlığın dəstəklənməsi tədbirləri, iqtisadi fəallığın artırılması, yerli və xarici investisiyaların təşviqi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat vermiş, İqtisadiyyat Nazirliyinin vətəndaş cəmiyyəti institutları ilə fəal əməkdaşlıq etdiyini, ictimai nəzarətin təşkilində QHT-lərin rolunun artırılmasının vacibliyini vurğulamışlar.
Qarşılıqlı dialoq formatında keçirilmiş tədbirdə “İctimai iştirakçılıq haqqında” Qanundan irəli gələn vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparılmış, Nazirlikdə və onun strukturuna daxil olan qurumlarında vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirildiyi qeyd edilmişdir.
Görüşdə “İqtisadi inkişaf” Ekspert Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə yaradıldığı bildirilmiş və Şuranın təkliflər hazırladığı istiqamətlər barədə məlumat verilmişdir.
Görüşdə “İqtisadi inkişaf” Ekspert Şurasının üzvləri iqtisadi fəallığın artırılması, sahibkarlığın və biznes mühitinin inkişafı, istehlakçı hüquqlarının qorunması, ticarət qaydalarının təkmilləşdirilməsi, istehlak kreditləri, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, maarifləndirmə tədbirlərində ictimai birliklərin iştirakı və s. istiqamətlərdə təkliflər səsləndirmiş, müzakirələr aparılmışdır.
Müzakirələrdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi, vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin inkişafında, ictimai nəzarətin təşkilində QHT-lərin rolunun artırılmasının əhəmiyyəti vurğulanmışdır.
Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri çıxış edərək bu cür görüşün ilk dəfə keçirildiyini, belə tədbirlərin ictimai təşkilatlarla dövlət orqanları arasında əlaqələrin inkişafında rolunu diqqətə çatdırmışlar.
Tədbirdə ictimai birlik rəhbərlərinin sualları cavablandırılmış, səsləndirilən bir sıra təkliflərin daha ətraflı araşdırılması üçün görüşlərin davamlı olaraq keçirilməsi qərara alınmışdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir