Search
14569929021962630545_554x360

«Bu il sığorta bazarında asan olmayacaq, amma biz artım gözləyirik» – MÜSAHİBƏ

Azərbaycanın sığorta bazarında vəziyyət, 2015-ci ilin nəticələri və 2016-cı ildən gözləntilər, eləcə də rəhbərlik etdiyi şirkətin işi ilə bağlı suallara «Standard Insurance» sığorta şirkətinin idarə heyətinin sədri Aydın Rəhmanov cavab verir.

– Aydın müəllim, 2015-ci ildən başlayaq, ötən il asan olmadı, sığorta sektoru ili necə başa vurub?

– Əslində sığorta bazarında çətinliklər 2014-cü ildən başlamışdı. Çünki məlumdur ki, bəzi könüllü sığorta növləri, xüsusilə də girovların sığortalanması – istər avtomobil, istərsə də əmlakın sığortalanması – kreditlərin verilməsindən asılıdır. Və artıq 2014-cü ildən avtomobil kreditlərinin sayının azalması təbii olaraq bu sığorta növlərinin də azalmasına səbəb olmuşdu. 2015-ci ildə isə maliyyə sektorunun, yəni təkcə sığorta yox, həm də bank sektorunun hansı problemlərlə üzləşdiyi artıq məlumdur. Doğrudur, sığorta sektoru devalvasiyadan birbaşa zərər çəkmədi, amma digər sahələrə təsiri olduğu üçün onun mənfi nəticələrini sığorta sektoru da hiss etdi və bu təsir getdikcə artacaq. Çünki bizim xüsusi işlədiyimiz əsas sahələr –nəqliyyat, əmlak və səhiyyə sahəsində bahalaşma baş verib, əsas səbəb də istifadə olunan vasitələr və ehtiyat hissələr ölkəyə idxal edilməsidir. Burada da manatın və digər valyutaların kursları böyük rol oynayır.

– Bəs «Standard Insurance» ili necə başa vurdu?

– Çətinliklərə baxmayaraq, 2015-ci ildə «Standard Insurance»ın portfeli əvvəlki ilə nisbətən artıb, təqribən 17%. Bunun da səbəbi odur ki, təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, artıq insanlar sığorta şirkəti seçəndə imicə, güvənliyə, gələcəkdə rahat və keyfiyyətli xidmətin alınmasına üz tuturlar. Bu, xüsusilə icbari sığortada özünü göstərir. Məsələn, ötən il bizim icbari portfelimiz artıb. Həm Bakı şəhəri, həm də regionlar üzrə. Bu, o deməkdir ki, artıq icbari sığortanı alan adam bundan əvvəl sığorta şirkəti seçəndə ucuz qiymətin ardınca qaçırdısa və keyfiyyətə o qədər də diqqət vermirdisə, artıq o, güvənli və xidmətə önəm verən şirkətə üz tutmağa başlayıb.

– Bu artım təkcə icbari sığorta növlərinin hesabınadır?

– Əsasən bəli, amma könüllü sığortada da artım var. Əslində könüllü sığortanı da iki yerə bölmək olar. Birincisi, adı könüllü olan – yəni girov sığortası olanlar, ikincisi isə sözün əsl mənasında  könüllü olanlardır. Yəni vətəndaşlar öz əmlaklarını və nəqliyyat vasitələrini özləri gəlib sığortalayırlar. Əsl könüllü hissədə artım var. Bu ilbəil müşahidə olunur. Doğrudur, iqtisadi vəziyyət və insanların maddi durumu bura təsir göstərir, amma son 10 il ərzində burada cüzi də olsa artım müşahidə olunur. Yəni könüllü qaydada əmlakını və özünü sığortalayanların sayı azalmır. Az-az da olsa artır. Amma bəzən bu artım rəqəmlərdə hiss olunmur. Çünki avtomobilin və ya əmlakın dəyəri düşür, sığorta haqları da bu dəyərdən hesablandığına görə, ciddi hiss edilmir.

– Yəni 2015 «Standard» üçün uğurlu olub.

– Bütün nəticələri ümumiləşdirsək, belə demək olar. Demək olar ki, şirkətimiz ili artımla, daha dəqiqi, itkisiz başa vurub.

«Zəif şirkətlərin bazardan çıxması müsbət haldır»

– Sizcə, bu il sığorta sahəsində vəziyyət necə olacaq? Bəzi şirkətlərin nümayəndələri bir neçə, hətta 10-a qədər sığorta şirkətinin bağlanacağını düşünürlər. Sizcə belə ola bilər?

– Gəlin, belə danışaq  – mən hesab edirəm ki, bağlanması düşünülən sığorta şirkətləri, yaxud kimlərinsə dediyi şirkətlər, bunlar ötən il də bağlana bilərdi, bu il də bağlana bilər, bundan bir-iki il sonra da bağlana bilər. Belə halların baş verməsi bir neçə səbəblə, o cümlədən iqtisadi vəziyyətlə bağlı ola bilərdi. Yəni mənim fikrimcə, bu sırf haırki iqtisadi vəziyyətlə bağlı deyil. Ümumiyyətlə bəzi şirkətlərin təsisçiləri düşünməli idi ki, bu şirkətin olmasının məqsədi nədir? Çünki hər hansı kommersiya qurumunun müəyyən məqsədi olur. Və təbii olaraq həmin təsisçilər məqsədlərini nəzərə alaraq düşünməli və qərarlaşmalıdırlar. Belə olmasa, həmin şirkətlər bazardan təbii yolla, daha doğrusu, iqtisadi mexanizmlərlə çıxa bilər.

– Sizcə, zəif şirkətlərin bazardan çıxması bazara necə təsir edəcək?

– Əslində bu, sığorta bazarı üçün müsbət haldır.  Çünki artıq sığortanın qloballaşması və xırda şirkətlərin oyundan çıxması, nəticədə müəyyən bir dürüst və əsaslı sığorta mühitinin formalaşmasına gətirib çıxarır. Bu, özünü qiymət formalaşmasında da göstərir, xidmətin səviyyəsinin müəyyən olunmasında da, yəni istənilən məsələdə təbii ki, müəyyən fundamenti olan şirətin şansları daha böyükdür. Əhali üçün isə bunun nə faydası, nə də ziyanı olmayacaq. İnsanlar sığortadan indiyədək necə istifadə edirdilərsə, bundan sonra da edəcəklər. Lakin perspektivdə sağlam sığorta mühitinin yaranmasından təbii olaraq bazarın bütün iştirakçıları faydalanacaq, xüsusəndə əhali. Sığorta artıq insanların maliyyə-təsərrüfat və şəxsi həyatının ayrılmaz və əvəzolunmaz bir tərkib hissəsinə çevrilməlidir.

– Bəs bazarda nə dəyişəcək?

– Yəqin ki, həyat sığortası azalacaq. Müəyyən formada korporativ məsuliyyət sığortaları azalacaq. Amma korporativ əmlak sığortası arta bilər. Lakin bu artım məzənnə fərqinin sayəsində mümkün olacaq hər-halda.

– Bəzi ekspertlər bildirirlər ki, əslində böhran vaxtı sığorta almaq daha vacibdir. Çünki bir hadisə baş versə, dəyən zərəri ödəmək böhran vaxtı daha çətindir. Və belə vaxtda sığorta adama dəstək ola bilər. Sizcə bizdə sığortaya münasibət o həddə çatıbmı ki, bu halın sığortaya müsbət təsir olsun?

– Xeyr. Təəssüf ki, hələ sığortaya münasibət hələ o həddə deyil və buna görə də əhali çox güman ki, sığortaya qənaət edəcək, nəinki onu almağı artıracaq. Sığorta cəmi 15-20 ildir ki, bizim həyatımıza daxil olub və bu müddət ərzində belə nəticələr gözləmək hələ tezdir.

«Bu il artım gözləyirik»

– Bəs «Standard Insurance» 2016-cı ilə necə «davam gətirmək» niyyətindədir? 

– Təbii olaraq, biz də xərclərin müəyyən formada optimallaşdırılmasını planlaşdırırıq. Əslində biz son iki ildə bu rejimdə işləməyə çalışırdıq. Hesab edirdik ki, «ekonom» rejimə keçməyin zamanıdır. İndi isə artıq bunu zəmanə də tələb edir. Lakin artmaq fikrimiz var. Ən azından qarşımızda duran proqnozlar bunu nəzərdə tutur. Hesab edirəm ki, azı 15-20%  artıma nail ola biləcəyik. Portfelimizi də bir qədər diversifikasiya etmək istəyirik ki, icbari növlərin payını şişirtməyək.

– Bu artım nəyin hesabına olacaq – ümumiyyətlə bazara yeni gələn müştərilərin hesabına, yoxsa, başqa şirkətlərin müştərilərinin hesabına?

– Ola bilər ki, bu bir az «feyr pley» deyil, amma digər şirkətlərin müəyyən formada incimiş, küsmüş, və ya müəyyən səbəblərə görə xidmətdən razı qalmayan müştərilərə də ümid edirik. Bizim bazardakı mövqeyimiz də budur ki, artıq insanlar get-gəldən, vaxt itirməkdən, artıq hərəkətlərdən bezib, rahatlıq axtarırlar. Hətta biz hərdən belə bir danışıqların şahidi oluruq ki, insanlar artıq gələn ildən nəyin bahasına olursa gəlib «Standard Insurance»da sığortalanacaqlarını vədd edirlər. Yəni biz son 12-15 il ərzində şirkətimizin belə yüksək imicini formalaşdıra bilmişik. Yəni imic formalaşıb ki, ola bilər, «Standard» başqalarına nisbətən baha da olsa, amma keyfiyyətini qoruyub saxlayır.

– Bu il «Standard Insurance» üzrə hansı sığorta növlərində artım və azalma olacaq?

– Azalmanı gözləmirəm artıq. Çünki bizim proqnozlarda girov avtomobil və girov əmlak sığortalarına böyük yer ayrılmadığı üçün orada itki riskimiz də yoxdur. Digər proqnozlarımız da, mən hesab edirəm, realistikdir və buna görə də azalma gözləmirəm. Əvəzində istər əmlakda, istər avtomobildə, istərsə də səfər sığortasında və tibbi sığortada, eləcə də icbari sığortada artım gözləyirəm. Çünki bazar mövcud vəziyyətdə doyub. Və qarşıdakı iki il ərzində bazarın böyüməsi ehtimalı azdır. Sadəcə olaraq, hazırda mövcud olan durumu normal idarə etmək lazımdır.

«Uzağı 3 günə ödənişi veririk»

– Aydın müəllim, hazırda şirkətin işi, məsələn hadisələrin tənzimlənməsi prosesi sizi tam qane edir?

– Burada iki məsələni qeyd etmək lazımdır. Xüsusilə sığorta ödənişləri sahəsi – burada «sualtı qayalar» var. Biz bunlarla rastlaşırıq və bunlar bizə xidməti maksimum və istədiyimiz formada göstərməyimizə mane olur. Bu hadisələrin sənədləşdirilməsində problemlərimiz və müəyyən çətinliklərimiz var. Digər tərəfdən, dəymiş zərərlərin qiymətləndirilməsində çətinliklərimiz var. Çox az müştəri başa düşür ki, sığortanın işi pulu verməkdir. Maşının təmiri yaxşı oldu, pis oldu, hansısa detal lazımi qayda da deyil və s. bizim işimiz deyil. Amma biz öz səviyyəmizi saxlamaq və keyfiyyəti itirməmək üçün bütün bu sahələrə müdaxilə etməli oluruq ki, keyfiyyətin arxasında dayana bilək. Ona görə də bizim 2016-2020-ci illərdə qarşımızda duran əsas məqsədlərdən biri sığorta ödənişi prosedurunun maksimum optimallaşdırmaq, sadələşdirmək və şəffaflaşdımaqdır.

– Gəlin, dəqiqləşdirək, indi sizin şirkətdə tənzimləmə prosesi neçə gün çəkir?

– Burada hadisələri bölmək lazımdır. Var standart və sadə hadisələr, yəni iki avtomobilin bir-biri ilə toqquşması – heç bir bədən xəsarəti yoxdur, yalnız əmlak zədələnib. Belə hadisələr zamanı ödəniş maksimum 3 günə yerinə yetirilir. Bu, normal hadisənin prosedurudur.

– Belə hadisələr ümumi hadisələrin neçə faizini təşkil edir?

– Təqribən 40%-ni. Növbəti 30% hadisələrdə 2-dən artıq avtomobil iştirak edir. Burada bəzi məsələlər işi ləngidir. Məsələn, maşınlardan biri zərəri almağa hazırdır, amma ikinci avtomobilin qiymətləndirilməsi baş tutmayıb. İcbari sığortada isə ödənişlər edildikdə, zərər ümumiləşdirilir və ödəniş bunlara proporsional şəkildə həyata keçirilir. Ona görə də ikinci avtomobilin zərəri hesablanmayana qədər birinci avtomobil də ödənişini ala bilmir. Biz də belə halların maksimum tez başa çatmasına çalışırıq.

– Bəs belə hadisələrdə ödəniş neçə gün çəkir?

– Maksimum 1 həftə, əgər bura başqa sığorta şirkətinin müdaxiləsi yoxdursa. Yəni, məsələn vurulan maşınlardan birinin kasko təminatı ola bilər. Bu, o deməkdir ki, həmin maşını öz sığortaçısı təmir etdirir, yalnız bundan sonra şirkət dəyən zərər barədə bizə məlumat verir. Ümumilikdə deyə bilərəm ki, xəsarət və ölüm halları olan hadisələri nəzərə almasaq, digər hallarda bizdə ödənişin verilməsi prosesi 7 günü keçmir, yəni hadisə baş verəndən sonra 7 gün. Hansı ödəniş 7 gündən artıq çəkirsə, deməli orda ya xəsarət var, xəsarət varsa, deməli müstəntiqin iştirakı var və araşdırma var. Ölüm hadisəsi olsa, məsələ 3-6 ayadək uzana bilər. Hərçənd, belə hallarda da çalışırıq məsələ maksimum tez həll olunsun. Amma müəyyən sənədlərin gözləmə proseduru var, onlar bizdən asılı deyil.

«Ödənişi 24 saata endirəcəyik»

– Dediyiniz kimi, 2016-2020-ci illəri əhatə edən strategiyanız var, bu strategiya çərçivəsində ödəmə müddətini hansı həddə azaltmağı nəzərdə tutursunuz?

– Planımız var ki, standart qəzalar üzrə ödənişlərin müddəti 1 günə endirilsin. Yəni adam müraciət etdiyi gün ərzində, ya da 24 saat ərzində ödənişini ala biləcək. İndi 7 günə həll edilən ödəniş məsələlərini isə çalışacağıq ki, 3 günə endirək.

– Bəs evlərin yanğını zamanı ödəniş nə qədər çəkir?

– Təəssüf ki, burada 99% hallarda ödənişin sürəti bizdən asılı deyil. Çünki burada FHN-nin arayışı tələb olunur. Yəni, hansı işdə ki, araşdırma və istintaq əməliyyatları aparılırsa, orda artıq biz tez ödənişə təminat verə bilmirik, çünki proseslər bizdən asılı deyil. Gözləyirik ki, iş nə vaxt başa çatacaq. Ona görə də biz bununla bağlı heç plan da qura bilmirik ki, ödəniş müddətini hansı vaxta endirək.

– Qəzaların tənzimlənməsinin daha sürətli baş verməsi üçün nə tədbirlər görüləcək?

– Artıq bütün regional nümayəndəliklərimizin tərkibində, bizim qəza komissarları var və artıq nümayəndəliklərimizin müəyyən bir məbləğ həddində səlahiyyətlənirilməsi həyata keçirilib. Yəni regionda baş vermiş hadisə ilə əlaqədar adamın Bakıya gəlib ərizə yazıb, gedib, sonra bir həftədən sonra bir də gəlib nəyisə razılaşdırmasına və sair hallara ehtiyac yoxdur.

– Bəs müştərilərin sığortaya münasibəti necədir? Onlar şirkətin çətinlikərinə necə yanaşırlar?

– Bir məsələni xüsusi qeyd etmək istəyirəm – əslində dünyanın heç yerində avtomobilin təmiri üçün sığorta ödənişini gözləmirlər. Qəza baş veribsə, avtomobil təmir olunur və araşdırma qurtarandan sonra sığorta şirkəti bu pulu maşının sahibinə ödəyir. Yəni istənilən halda avtomobil təmir edilməlidir. Buna görə hökmən sığorta şirkətini gözləmək nəyə lazımdır ki?  Sadəcə biz sosial vəziyyəti nəzərə alaraq və sığortanın yeni sahə olduğunu nəzərə alaraq qəbul edirik ki, sığorta mədəniyyəti formalaşanadək belə olmalıdır. Amma dünya təcrübəsi belə deyil.

– Bəzən müştərilər sığorta şirkətlərini daha az ödəniş verməkdə və keyfiyyətsiz təmirdə günahlandırırlar. Bu məsələyə münasibətiniz necədir?

– Bəzi hallarda insanlar sığorta hadisəsi baş verəndə ehtiyat hissələrinin təzəsi ilə dəyişdirilməsin tələb edirlər. Halbuki əksər hallarda onları təmir etdirmək mümkündür. Bu israfçılıqdır. Ona görə də müştərilərə izah etmək lazımdır ki, sığorta şirkəti hökmən təzə ehtiyat hissəsini qoymağa borclu deyil. Biz təmirin pulunu ödəyirik, əgər müştəri istəyirsə, onun üzərinə lazım olan məbləği əlavə edib yeni ehtiyat hissəsi ala bilər. Bilirsiniz, sığorta olmasaydı, həmin müştəri onsuz da həmin hissəni təmir etməklə kifayətlənəcəkdi. Sadəcə sığortası var deyə maksimum məbləğ almaq və hökmən yeni ehtiyat hissə almaq istəyir.  Bu isə doğru deyil.

«Yeni sığorta məhsulları buraxacağıq»

– Aydın müəllim, sığortanın satışı ilə əlaqədar nə yeniliklər olacaq? Satış üsulları dəyişəcəkmi?

– Bu sahədə yeniliklər olacaq. Məsələn, 2016-cı il üçün əsas istiqamət həmişə olduğu kimi, sığortalıya və potensial sığortalıya maksimum yaxın olmaqdır. Bunun üçün həm icbari, həm də könüllü sığortada müştərilərlə danışıqlar aparırıq ki, onların sığortadan gözlədiyini müəyyən edib, müəyyən məhsullar hazırlayaq. Məsələn, bu ilə maraqlı bir layihəmiz var, onu artıq açıqlamaq olar. Biz «Sığortana rəng qat» aksiyasına başlamışıq. Hazırda reklam məsələləri tamamlanmaq üzrədir və tezliklə bu layihəyə başlayacağıq.

– Bu nə deməkdir?

– Bu, üç rəngdə – qırmızı, yaşıl və göy rəngdə sığorta şəhadətnamələridir. Rəngli şəhadətnamələr avtomobil, əmlak və səfər sığortasını əhatə edəcək. İstənilən şəxs bu üç növdən birini əldə edərkən üç rəngdən birini seçə bilər. Qırmızı rəng bizim partnyorumuz olan talassemiya xəstələri olan uşaqlara yardım fondudur –  qan bankı. Yəni, qırmızı rəngdə alınan bütün sığorta polislərinin dəyərinin 5%-i həmin fonda köçürülür, talassemiyalı uşaqlara yardım fonduna. Göy rəngdə sığorta polisləri üzrə yığılan məbləğin 5%-i məktəb icmaları təşkilatının xüsusi fonduna. Yaşıl polislərin 5%-i isə ətraf mühitin qorunması, təmizlik və ekologiya məqsədləri üzrə işləyən “Təbiətin dostları” fonduna köçürülür. Bu 3 fondun hər birinin hesabları və onlar barədə məlumat bizim saytda qeyd ediləcək. Və hər bir satılan polis və onlara yönəldilən məbləğ də burada əksini tapacaq. Yəni, hamı şəffaf görəcək ki, ödədiyi sığorta haqqının hansı hissəsi necə sərf ediləcək. Xüsusi ilə qeyd edim ki, bu yenilik nəticəsində müştərilər əlavə xərcə düşməyəcək, onlar elə həmişəki qədər sığorta haqqı ödəyirlər, sadəcə, ödədikləri pulun bir hissəsi bu məqsədlər üçün sərf ediləcək. Bununla biz həm şirkətəmizin sosial yönümlülüyünü göstəririk, həm də müştərilərə müəyyən formada yaxın oluruq. Ola bilər ki, çoxları bu işi, yəni yardımları etmək istəyirdi, amma buna imkan tapa bilmirdilər, indi isə bizdə sığortalanmaqla bunu edə biləcəklər.

– Satışla bağlı başqa hansı layihəniz var?

– İkinci bir layihəmiz də var. Hazırda bizdə regionlarda bir neçə növ sadə avtomobil polisləri var – «ekonom», «ekonom plyus» paketləri və s.  Biz bu il və növbəti illər üçün sadə və asan başa düşülən və limitli ödəniş həddi olan və kifayət qədər ucuz olan məhsullar buraxmaq niyyətindəyik. Bu məhsullar hələ də sığorta ilə heç bir münasibəti olmayan sığortanı bilib tanımayan adamlar üçün buraxılacaq. Adamlar bu məhsulları alır, onunla tanış olur, onu yoxlayır, onun bəhrəsini görürsə, gələcəkdə daha geniş məhsuldan istifadə edə bilər.

– Bu məhsullar kasko sığortaya aiddir?

– Təkcə kasko yox, həm kasko, həm əmlak, həm də məsuliyyət. Əslində biz bunları əvvəlcə regionlar üçün hazırlamışdıq – regional satışların artırılması məqsədilə. Amma hesab edirik ki, hazırki iqtisadi vəziyyətdə belə məhsullar Bakı əhalisi üçün də maraqlı ola bilər.

– Bunların qiymətləri necədir?

– Müxtəlifdir. Burada sığorta haqqı 50 manat da var. Məsələn, belə bir məsuliyyət sığortası var ki, hər bir şəxs bilmədən, xəbəri olmadan, qərəzsiz olaraq kiminsə əmlakına və ya səhhətinə müəyyən xələl yetirə bilər. Belə halda o hüquq xidmətlərindən istifadə etməyə məcbur olur. Və bu sahənin inkişaf etdirilməsi üçün biz xüsusi proqram hazırlayırıq – sadə məsuliyyət sığortası polisi. Yəni müştərimizə qarşı hər hansı bir iddia olduğu halda, müştərimiz bu sığortadan istifadə edərək pulsuz hüquqşünas xidmətindən istifadə edə bilər, hətta yetirdiyi zərər təsdiq olunarsa və buna görə ondan ödəniş tələb olunarsa, ödənişin müəyyən hissəsinin həmin sığortanın hesabına həyata keçirilməsi də mümkün ola bilər.

– Bu, nə vaxtdan başlayacaq?

– Hazırda bunlar hazırlanır. Biz əslində bunları bir az tez – yanvardan başlamaq niyyətində idik. Amma məlum proseslər bizi bir qədər ləngitdi. Hesab edirəm, təqribən aprel-may aylarından bu məhsullar satışa çıxarılacaq.

«Satış üsullarını dəyişəcəyik»

– Elektron satışa keçmək fikriniz varmı? 

– Əslində elektron və ya birbaşa – telefonla satışlar və müştərilərin ofisə gəlməsi kimi hallar var, olub və olacaq. Amma sığorta elə sahədir ki, nə qədər çalışsan da məhsulu standartlaşdırasan ki, onun satışı asan olsun, sığorta birbaşa ünsiyyət üzərində qurulan və onun hesabına satılan məhsullardır. Söhbət könüllü sığortadan gedir. İcbari sığortalar isə elə həddə çatacaq ki, onların satışı üçün heç agentə də ehtiyac olmayacaq. Amma agentsiz bazarın inkişafı mümkün deyil. Xüsusilə bazardakı vəziyyəti, iqtisadi durumu nəzərə alsaq, düşünürəm ki, mövcud satış mexanizmləri ilə eksperiment aparmaq vaxtı deyil.

– Ola bilərmi ki, sizin operatorlar müştəriləriniz olan evlərə zəng edib onlara ehtiyatlı olmağı və ehtiyat tədbirləri görməyi xatırlatsınlar, və ya başqa tədbirlər mümkündürmü?

– Bəli, mümkündür. Bundan başqa, biz ev sahibləri üçün vərəqələr, açıqcalar və təqvimlər də buraxırıq ki, onların üzərində ehtiyat tədbirləri görmək tövsiyə olunur. Avtomobil sahibləri üçün isə kitabçalar buraxırıq. Bu kitabçalar bütün müştərilərə verilir. Burada bütün məlumatlar var – bütün telefon nömrələri, hadisə baş verəndə hara müraciət etmək, özünü necə aparmalı, sürətə necə riayət etməli  və sair.  Yəni insanlar da məsuliyyət hiss etməlidirlər.

– Sizcə bu tədbirlərin sosial şəbəkə vasitəsilə, daha interaktiv formada edilməsinin vaxtı çatmayıb ki?

– Əlbəttə vaxtı çatıb. Ən azından indi siz dediniz, ən azı həftədə bir dəfə, ayda bir dəfə onların mobil telefonlarına qısa mesaj gəlsə ki, filan işarə filan məsələni bildirir, onun diqqəti artacaq. Ola bilər ki, müştəri bu qaydanı bilir. Amma belə mesajın gəlməsi onun diqqətini artıracaq.

«Qiymətləri artırmamaq üçün servislərlə danışığa gedəcəyik»

– İndi sığorta prosesində istifadə olunan bəzi məhsullar – avtomobillərin ehtiyat hissələri, dərmanlar və tibbi ləvazimatar xaricdən gətirilir və devalvasiya nəticəsində onların qiyməti artıb. Sizcə, bu vəziyyətdə sığorta haqları da artmalıdırmı?

– Məsələ belədir, kimsə sığortanı düşünülmüş, yəni şüurlu şəkildə əldə edirsə, o, heç vaxt onu tərgidə bilmir. Yəni siz sığortanı alırsınızsa, onu hər il alacaqsınız. Öyrəşdinizsə, ondan ayrılmayacaqsınız, bu, sizin həyat tərzinizə çevriləcək. Doğrudur, ola bilər ki, siz sığortaçınıza yaxınlaşıb onunla müzakirə edəsiniz ki, bəlkə mən proqramı dəyişim, və ya başqa dəyişiklik edək, xərcləriniz azalsın, bu mümkündür. Amma sığortadan imtina olmayacaq.

– Belə çıxır ki, sığorta haqları artacaq?

– Xeyr, məsələn biz «Standard Insurance» olaraq bir neçə faktora görə sığorta haqqını qaldırmayacağıq. Əvvəla, biz öz imkanımız daxilində, maksimum çalışıb cəmiyyətə, əhaliyə və iqtisadiyyata dəstək olmalıyıq. Yəni, fikrimcə, biz çalışıb xərclərimizi optimallaşdırmalıyıq, nəinki  qiymətləri artıraq. Bu düzgün deyil.

İkinci faktor, sığorta haqqının qaldırılması bazarın, müştərinin itirilməsinə səbəb ola bilər. Doğrudur, təbii olaraq riski daha ucuz qiymətə götürən özünü daha çox problemə sala bilər. Çünki güclü şirkət bu qiymətə bu riskdən imtina edirsə və balaca şirkət onu götürürsə, onun səbəbi aydındır – şirkəti yalnız pul həcmi və dövriyyə maraqlandırır, şirkətin və müştərinin taleyini yalnız ehtimali təsadüfliyə buraxırıq.

Ən azı bu iki səbəbə görə, qiymət qaldırılması düzgün olmaz.

– Bəs belə vəziyyətdə sizin riskləriniz artmır? Çünki sizin qarşılayacağınız xərclər onsuz da artır.

– Xərcləri optimallaşdırmalı olacağıq.

– Məsələn, necə?

– Məsələn, avtomobil servisləri ilə danışıqlara gedib razılaşmaq lazımdır. Məncə onlar həmişə «qalın» marja ilə işləyirdilər, ona görə də onların qiymətləri endirmək imkanları var. Ona görə də hesab edirəm ki, bütün bazarda qiymətləri qaldırmamaqla və bununla yanaşı da heç kimə ziyan verməməklə işləmək olar.

– Sonra hansı üsullarla qənaət ediləcək?

– Qarşısı alınma tədbirləri keçirməklə. Evlərdə, məktəblərdə və başqa bir ərazilərdə, müəyyən təbliğat işlərinin aparılması. Yanğınsöndürmə vasitələrindən istifadənin təbliği yolu ilə. Məsələn, maşınlarda yanğınsöndürmə vasitələrinin və tibb çantalarının olması zərəri azalda bilər. Tibbi sığorta sahəsində«chek-up»ların, müayinələrin aparılması. Dünya təcrübəsi göstərir ki, ildə azı bir dəfə, yaxşı hallarda isə ildə 2 dəfə müəyyən minimum səviyyədə «chek-up» keçən şəxslərin xəstələnmə və ya ciddi xəstəliyə yoluxma ehtimalları aşağıdır. Yəni bu təbliğatı aparmaq və buna müəyyən formada maddi dəstək olmaq lazımdır ki, əhali buna gəlsin.

– Bəs tibbi sığortanın qiymətini dəyişəcəksiniz?

– Xeyr, dəyişməyəcəyik.

– Deməli, hazırda mövcud olan bütün tibbi sığorta paketləri olduğu qiymətlərlə qalacaqlar. Eləmi?

-Bəli. Dəyişməyəcəklər.

– Bəs sizcə, icbari sığorta tarifləri artmalıdır?

– İqtisadi nöqteyi-nəzərdən baxsaq, artmalıdır. Amma ümumi baxanda, hesab edirəm ki, sığorta şirkətləri «kəmərlərini sıxıb» dövlətə bu məsələdə dəstək olmalıdırlar.

«Hissə-hissə ödənişə keçəcəyik»

– Satış zamanı pulun hissə-hissə ödənilməsi imkanları artırılacaqmı?

– Bəli artırılacaq, amma orada müəyyən indeksasiya olacaq. Çünki hissə-hissə ödəniş nəticəsində müəyyən investisiya gəlirinin itkisi baş verir. Və mən inflyasiya ilə bağlı itkini risk kimi üzərimə götürürəmsə, bilərəkdən investisiya itkisinə getməyim düzgün deyil.

– Elə bir sığorta növü varmı ki, indiyədək onun pulunun hissə-hissə ödənişi mümkün deyildi, amma bu il olacaq?

– Əslində bütün sığorta növlərinin pulunu hissələrlə ödəmək mümkün idi, amma bu, tək-tük hallarda olurdu. Olanda da 2 ayla məhdudlaşırdı. Yəni müştəri maksimum 2 aya sığorta haqqını ödəməli idi.

– Bu, hansı sığorta növlərində idi?

– Avtomobil və əmlakın sığortasında.

– Tibbi sığortada yox idi?

– Tibbi sığortada bu daha geniş idi – 3 ay, 6 ay və 12 aylıq ödənişlər də mümkün idi. İndi isə bu variant avtombil və əmlakın sığortasına da aid olacaq. Bir sözlə, biz bu gün iqtisadiyyata hansı formada dəstək ola biliriksə, onu da etməliyik. Çünki biz də bu iqtisadiyyatın bir hissəsiyik.

«İşçilərimizin hamısı sığortalanıb»

– Bu il «Standard Insurance»ın yeni filiallar açmaq niyyəti varmı?

– Söhbət filialdan gedirsə, konkret belə məqsədimiz yoxdur ki, boş yer var və biz orada filial açmalıyıq. Amma müştəri sıxlığı olan ərazilərə, təbii ki, bunun iqtisadi səmərəsini hesablayaraq qənaətə gəlirik ki, müştərilərin və hadisələrin sayını nəzərə alaraq daha yaxşı xidmət göstərilməsi üçün bir ofisin açılması məqsədə uyğun sayıla bilər. Yəni nümayəndəliklərin, satış ofislərinin sayı daim artmaqdadır.

– İşçilərinizin ixtisarı gözlənilmir ki?

– Biz 2015-ci ili özümüzü saxlaya bildik, 2016-cı ildə də belə bir planımız yoxdur, əksinə, biz müəyyən bir motivasiya və stimullaşdırma proqramları hazırlamaqla mövcud olan əməkdaşları daha da aktiv və fəal olmağa çağırırıq ki, nəinki ixtisara düşməsinlər, hətta gəlirlərini artırsınlar. Bu sahədə də bizimlə əməkdaşlıq etmək istəyən müstəqil agentlər və satıcıların da bizə qoşulanların sayı artır. Çünki şirkətin müəyyən imici və nail olduğu statusu və səviyyəsi təbii ki, satışa kömək edir, satıcılar daha rahat vədlər verə bilir. Çünki arxasında, «Standard Insurance» kimi şirkəti dayanıb və onun vədləri boş yerə deyil. Agent deyəndə ki, hər zaman yanındayıq, deməli belə də olacaq.

– Aydın müəllim, biz sığortanın vacibliyindən danışırıq. Sizin şirkətinizin işçiləri sığortalanıb? Məsələn evlərini sığortalayıblar?

– Əlbəttə.

– Hamısı? 

– Bəli. Bizdə bunu kampaniya kimi etdik. Yəni onlara müəyyən güzəşt edildi. Məsələn, onlar sığorta haqlarını hissə-hissə ödədilər. Mən öz işçilərimizə də bildirdim ki, əgər sizin özünüzün sığortanız yoxdursa, siz heç vaxt başqasına sığorta sata bilməyəcəksiniz. Buna görə də onların əmlak sığortaları da var,  tibbi sığortaları da, bədbəxt hadisələrdən sığortaları da var, həyat sığortaları da. Digər maraqlı bir məsələni qeyd edim, bizdə şirkətin rəhbərlərinin üçüncü şəxs qarşısında məsuliyyət sığortası da var.

– Şirkətinizin investisiya portfelində nə dəyişiklik olacaq?

– Sığorta şirkətlərinin investisiyasının əsas mənbəyi bizim banklardır və mən hesab edirəm ki, ötən il də, bu il də və bundan sonra da sığorta şirkətləri maksimum banklara dəstək olmalıdır. Yəni biz də investisiyanı başqa sahəyə yönəldib, əsas işimizi kənara qoyub, digər bizneslə məşğul olmağa çalışsaq, indi onun zamanı deyil. Çünki indi dediyim kimi, ən azı hərə öz yerində oturub öz işi ilə məşğul olsa, bu çətinliyi daha rahat keçə bilərik. Ona görə də biz hər hansı dəyişiklik nəzərdə tutmamışıq. İndiyədək banklarla necə əməkdaşlıq edirdiksə, bundan sonra da edəcəyik.

– Aydın müəllim, «Standard İnsurance» holdinqə daxil olan şirkətdir. Adətən belə şirkətlərin vəziyyəti daha yaxşı və etibarlı görünürdü. Siz iqtisadi cəhətdən holdinqdən asılısınız, yoxsa yox?

– Xeyr, asılı deyilik.

– Kobud desək, indi kimin kimə ehtiyacı daha böyükdür?

– Heç birimizin bir-birimizə ehtiyacımız yoxdur. Biz indiyədək zərərlə işləməmişik, və proqnozlarımızda da bir-birimizə ehtiyacımızın olmasını planlaşdırmırıq. Biz holdinqə məxsusuq, onun inkişaf strategiyasına uyğun fəaliyyət göstəririk.

– Təşəkkür edirəm, Aydın müəllim.

– Sonda icazənizlə mən bir-iki cümlə əlavə edim: Əvvəla, “Standard Insurance”a ayırdığınız vaxta və diqqətinizə görə Sizə təşəkkürümü bildirirəm. Siz başda olmaqla, Fins.az sığortaçıların və sığortalıların vicdanlı dostu olaraq daim yanımızdadır. Artıq Fins.az sığorta və ümumiyyətlə maliyyə sektorunun bir qiymətləndirmə səhnəsinə çevrilib. Daim bizimlə olan loyal müştərimizə təşəkkürümüzü çatdırmaq istəyirəm. Təbii olaraq, biz onlar üçün çalışırıq, onların layiqli dostu və təminatçısı olmağa çalışırıq. Bütün müştərilərimizin bizə göstərdiyi etimadı doğrultmağa  çalışmışıq, çalışırıq və çalışacağıq. Və əlbəttə, mən mütləq bizim kollektivi qeyd etmək istəyirəm. Yəqin ki, Siz də kənar müşahidəçi kimi təsdiqləyə bilərsiniz ki, “Standard Insurance” kollektivi hər zaman öz möhkəmliyi və loyallığı ilə fərqlənib. Mən xüsusi olaraq bizim əməkdaşları, rəhbərlərimizi, nümayəndəliklərimizin əməkdaşlarını və agentlərimizi qeyd edərək, onlara təşəkkürümü bildirmək istəyirəm. “Standard Insurance” öz insan resursları ilə ən zəngin şirkətlər sırasındadır. Fürsətdən istifadə edərək, xalqımızı Novruz Bayramı münasibəti ilə təbrik edir, sülh və əminamanlıq arzulayıram.

– Təşəkkür edirəm, Aydın müəllim. Sizin də qarşıdan gələn bayramınızı təbrik edirəm.

Fins.az

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir