Search
Samir-Eliyev1

Bank sektorunda vəziyyət qənatbəxş deyil

Samir Əliyev: “Zərərlə işləyən bankların sayının artması onların bağlanması təhlükəsini gündəmdə saxlayır”

Mərkəzi Bank ölkənin bank sektorunda mövcud problemləri həll etmək üçün müəyyən tədbirlər həyata keçirir. Həmin tədbirlərdən biri də kredit verilməsi prosesində sərtləşdirmə siyasəti tutmasıdır. Söhbət ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul kredit verilməsini, eləcə də kredit xəttinin açılmasını qadağan etməsi və sairdən gedir. Amma deyəsən bu tədbirlər vəziyyəti bir qədərdə çətinləşdirib. “Üç nöqtə”yə müsahibəsində iqtisadçı ekspert Samir Əliyev dedi ki, Mərkəzi Bankların addımları atılarkən bir sıra fəsadlarının olacağı gözlənilən idi.
– Ilk növbədə onu qeyd edim ki, Mərkəzi Bankın bu addımı daha çox, uzunmüddətli dövrə hesablanmış addımdır. Bu tədbirlərin yaxın aylarda müsbət təsirini görmək mümkün olmayacaq, ən azı ilin ortasında hiss olunacaq.
Mərkəzi Bank bir addımla iki məsələni həll etməyə çalışdı. Birinci məsələ ondan ibarət idi ki, ölkədə istehlak kreditlərinin payı getdikcə artırdı. Hazırda bu 41 faizə gəlib çatıb. 4-5 il öncə bu cəmi 10 faiz təşkil edirdi. Bu göstərici onu göstərir ki, əhali kəskin formada borclanmaya gedir. Artıq vətəndaş nəsə alanda öz gəlirləri hesabına yox, bank kreditləri hesabına istəyini reallaşdırır. Bu sosial vəziyyətlə bağlı çox böyük təhlükə yaradır. Deməli, istehlak kreditlərinin kəskin artımının qarşısını almaq əsas hədəf götürülmüşdü. İkinci məsələ yanacaqla bağlı idi. Kütləvi şəkildə avtomobillərin sayı artır və Azərbaycanda onlara yanacağı çatdıra bilmir. Təsəvvür edin, neft ölkəsi olaraq benzin ixrac edən ölkədən idxal edən ölkəyə çevrilirik. Hökumətin məsələni həll etmək istəyi də Mərkəzi Bankın məqsədinə çevrilib. Ona görə bir tərəfdən arayış tələb etməklə istehlak kreditlərin şərtləri ağırlaşdırıldı, digər tərəfdən avtomobil kreditlərin iki ay dayandırıldı, sonrakı mərhələdə ağır şərtlər irəli sürüldü. İndi nə baş verir? Mərkəzi bankın statistik göstəricilərinə nəzər salsaq görərik ki, yanvar-fevral aylarında müsbətə doğru heçnə baş verməyib. Əksinə, bu dövrdə istehlak kreditlərin verilməsində stabil artım tempi nümayiş olunub. Əvvəl də belə artım baş verirdi, sanki Mərkəzi Bank buna qarşı heç bir addım atmayıb. Artım tempi əvvəlki qaydada davam edir. Əslində Mərkəzi Bankın addımının başqa səbəbi də, problemli kreditlərin həcminin artımına qarşı idi. 2014-cü ilin geridə qalan iki ayında nə kredit qoyuluşunda istehla kreditlərin xüsusi çəkisi, nə də problemli kreditlərin həcmində azalma baş verib. Bu dövrdə 44 milyon manat artım baş verib. Bu müqayisə göstərir ki, Mərkəzi Bankın tədbirləri effekt vermir.

– Bəs növbəti aylarla nələri proqnozlaşdırırsınız?
– Biz əvvəl də proqnozlaşdırmışdıq ki, hər halda kredit qoyuluşunda istehlak kreditlərin həcmi artacaq. İstisna etmirəm ki, bu artım tempində əmənət qoyuluşu da azalsın. Çünki bankların kredit verməsi çətinləşib. Avtomobil kreditləri ilə bağlı şərtlər çox ağırdı, götürən yoxdur. Əvvəlki kontigent azaldığı üçün onlar əllərində olan pulu kredit şəklində verə bilmirlər. Həm də Beynəlxalq, Kapital bank kimi iri banklarda istehlak kredit bazarına daxil olduğu üçün çox gərgin rəqabət yaranıb. Bildiyimiz kimi bankların kredit verdiyi vəsaitin əsas mənbələrindən biri də əmanətlərdir. Vətəndaşdan yüksək faizlə əmanət götürürsə, onu kredi şəklində verməlidir ki, həm gəlir götürsün, həm də əmanət öhdəliyini yerinə yetirə bilsin. Bir halda kredit verə bilmirsə, onda əmanəti də calb etməyin yeri yoxdur. Onun üçün proses ona aparacaq ki, əmanətlərin faizləri aşağı düşəcək. Yəni Əmanətlərin Sığortalanma Fondu sığortalanma faizlərini 10-a salandan sonra əmanətlərin ümumi faizləri aşağı düşməyə başlayacaq. Bu prose onu da şərtləndirəcək ki, əhali banklara əmanət qoymaqda bir o qədər də maraqlı olmayacaq. Belə olanda əhali pullarını daşınmaz əmlaka yönəltməyə başlayıb, bu da öz növbəsində daşınmaz əmlak bazarında artımları doğuracaq.

Bu il gözlənilir ki, kredit qoyuluşunun artım tempində, əmanət qoyuluşnda azalma olsun. Hər şey Mərkəzi Bankın statistikasından asılıdır. Son zamanlar bu statistika reallığı əks etdirmir. Reallıq daha acınacaqlıdır.

– Samir müəllim, Vergilər Nazirliyi avtomobil lizinq xidmətlərinin göstərilməsinə məhdudiyyətlər tətbiq etdi: VÖEN-i olmayan fiziki şəxslərə lizinq yolu ilə avtomobil verilməyəcək.Yəni maşın almaq istəyən şəxslər öncə VÖEN açdırmalı və orada gəlirləri barədə bəyannamə təqdim etməlidirlər. Bu tədbiri necə qiymətləndirirsiniz?
– Mərkəzi Bank kommersiya banklarına avtomobil kreditlərinin verilməsinə qadağa qoyub. Bu qadağadan sonra bankların bu vəzifəsini lizinq şirkətləri həyata keçirməyə başlamışdı. Lizinqin kreditdən fərqi ondan ibarətdir ki, belə şirkətlər nəqliyyat vasitələrini hər hansı bir təşkilatdan, şəxsdən alır, sonra onu üçüncü bir şəxsin idarəçiliyinə verir. Müqavilə şərtləri əsasında, müəyyən müddətdə vəsait ödəyirsən. Müqavilə müddəti bitdikdən sonra avtomobil üçüncü şəxsin adına keçir. Lakin burada faiz dərəcələri kreditlərə nisbətən baha olur. Mən Vergilər Nazirliyinin lizinq şirkətlərinə qarşı irəli sürdüyü tələbini obyektiv sayıram.

Çünki lizinq şirkətlərinin əksəriyyəti banklara yaxın şirkətlərdir. Azərbaycanda lizinq şirkətləri lisenziya almadan fəaliyyət göstərir. İstənilən şirkət bu fəaliyyət növü ilə məşğul ola bilər. Ölkədəki hər bir bankın sığorta, lizinq və qiymətləndirmə şirkəti var. Banklar birbaşa bu xidmətlərdə iştirak etməsə də, dolayısı yolla əlaqələri var.

– Zərərlə işləyən bankların sayının artması onların bağlanması təhlükəsini gündəmdə saxlayır?
– Mərkəzi Bankın qərarı bankların qazancını məhdudlaşmağa başladı. Artıq bank filiallarının bağlanması, ixtisarların olması məsələsi gündəmə gəlib. Banklar əvvəllər istehlak kreditləşməsinə üstünlük verirdi. Buna görə də banklarda əlavə iş yerləri açılmağa başladı. Biznes kreditlərindən fərqli olaraq istehlak kreditlərinin verilməsində daha çox işçi tələb olunur. Biznes krediti bir şirkətə verilir, bunun üçün bir nəfərin xidmət göstərməsi yetərlidir. Ancaq istehlak kreditlərinin verilməsində vəziyyət fərqlidir. Məsələn, 1 milyon manatı min, yaxud beş yüz adama vermək olar. Bu qədər adama bir nəfər xidmət göstərmir. Bu zaman banklar əlavə işçi götürür, xərcləri də artır. Indi istehlak kreditlərinin verilməsi məhdudlaşdırılıb, avtokreditlərin şərtləri ağırlaşıb. Ona görə də bu işçilərə ehtiyac yaranmır. Yay aylarında vəziyyət bir qədər də gərginləşə bilər. Çünki banklar iki ay gözləmə mövqeyi tutdu. Ancaq növbəti aylardan başlayaraq xüsusilə kiçik banklarda birləşmə, ixtisar məsələləri güclənə bilər. Qarşıda bəzi bankların bağlanması ehtimalı var. Ona görə ki bankların zərəri artıb. Bu gün hər 4 bankdan biri zərərlə işləyir. Yəqin bu ilin sonuna doğru bu banklar bazarı tərk edəcək. Mərkəzi Bankın son addımına görə zərərlə işləyən bankların sayı artacaq. Bunun da kökündə o durur ki, bankların gəlirləri azalıb, xərcləri artıb.

http://ucnoqta.az Əfsun




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir