Search
photo_37736

Almaniya “erməni soyqırımı”nı niyə tanıdı? – Politoloqlar Rasim Musabəyov və Elxan Şahinoğlu

Bildiyimiz kimi iyunun 2-də Almaniya Bundestaqı qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməni qəbul edib. Almaniya bununla da uydurma “erməni soyqırımı”nı tanımış oldu. Heç şübhəsiz ki, Almaniyanın bu addımı Türkiyənin etirazına səbəb olacaq.

Millət vəkili, politoloq Rasim Musabəyov isə bildirib ki, bu heç bir əhəmiyyəti olmayan və vəziyyəti dəyişməyən qərardır. Politoloqun sözlərinə görə, Bundestaqın qərarı ölkələrin ikitərəfli münasibətlərinə xələl gətirəcək: “Bu qərar Türkiyəyə informasiya təzyiqi etmək üçün qəbul olunub. Türkiyə güclü və qüdrətli dövlətdir. Belə addımla Türkiyəni sarsıtmaq və qorxutmaq mümkün deyil. Amma bu ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək. Türkiyə buna soyuqqanlı yanaşmalıdır. Çünki Fransa, İtaliya bu qərarı qəbul etmişdi. Bununla nə əldə etdilər?

Onlarda olduğu kimi Almaniyanın da bu qərarının heç bir hüquqi nəticəsi olmayacaq. Bir müddətdən sonra belə bəyənatları yada salan olmur. Ermənilər bunu bayraq edib, bəlkə də bir ay özlərinə təsəlli verəcəklər”.

R.Musabəyov qeyd edib ki, Almaniya Parlamentinin qərarı Merkel-Ərdoğan əlaqələrinə mənfi təsir edəcək: “Bundan sonra Angela Merkel Ərdoğana necə zəng edib, nəisə xahiş edəcək? Amma bundan sonra xahiş etməli çox şey olacaq. Almaniya Türkiyədən ehtiyat etdiyi üçün bu addımı atdı. Bu qərarı 50 il bundan qabaq da qəbul edərdilər. O zaman Türkiyədən ehtiyatlanmırdılar. Amma indi Türkiyədən çəkindikləri üçün belə bir addım atıblar. Türkiyə əvvəllər hansısa kredit üçün xahiş edirdi. İndi isə Türkiyə heç kimdən heç nə istəmir. Düşünürlər ki, bu kağız parçasını qəbul etməklə Türkiyəyə təsir edəcəklər. Bu ikitərəfli münasibətlərə mənfi təsir edəcək və pislik onların özünə qalacaq”.

“Almaniya “erməni soyqrımını” tanıya biləcək sonuncu ölkə olmalıydı. Çünki, Osmanlı Türkiyəsinin Birinci Dünya Müharibəsinə qoşulması məhz Almaniyanın təşəbbüsü ilə baş verdi. Nəticədə Osmanlı imperiyası dağıldı, Atatürk olmasaydı, böyük dövlətlər Türkiyəni də müxtəlif hissələrə parçalayacaqdılar. Yəni 100 il əvvəl Osmanlı Türkiyəsində baş verənlərə görə elə birbaşa Almaniya cavabdehdir”.

Bunu politoloq Elxan Şahinoğlu Almaniya Bundestaqının qondarma “erməni soyqırımı”nı qəbul etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Almaniya güzgüyə baxmaq əvəzinə tərəfdaşı Türkiyəyə pislik etdi:

“İkincisi, Fransadan fərqli olaraq Almaniyada güclü erməni lobbisi də yoxdur ki, deyəsən Berlin bu lobbinin təsiri ilə “qətnaməni” qəbul edib. Digər tərəfdən Almaniya parlamenti ölkədə yaşayan 3 milyon türkü görməzlikdən gəldi. Qərb ölkələri tarixçilərin müzakirə etməli olduğu iddianı parlamentlərinə daşıyırlar”.

Politoloq hesab edir ki, rəsmi Berlin bu addımla Türkiyəni cəzalandırmaq istəyir: “Bəs Almaniya “soyqırım” qətnaməsini indi niyə qəbul etdi? Axı bir tərəfdən Berlin miqrant məsələsinin həllində Türkiyəyə ehtiyac olduğunu deyir, digər tərəfdən ehtiyac olduğu dövlətə arxadan zərbə vurur. Türkiyənin regional siyasəti Avropa İttifaqını və Almaniyanın maraqlarına cavab vermədiyinə görə Ankaranı bu şəkildə cəzalandırırlar.

Almaniyanın bu hərəkəti ATƏT-in hazırki sədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyinə də gölgə salacaq. Bu gün Ermənistanın və erməni lobbisinin şad günüdür. Berlin işğalçı Ermənistanı cəsarətləndirdi”.

Qeyd edək ki, Almaniya Bundestaqı bir neçə dəqiqə öncə qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməni qəbul edib. Almaniya bununla da uydurma “erməni soyqırımı”nı tanımış oldu.

Türkiyə ilə Almaniya arasında siyasi qalmaqala səbəb olacaq qətnaməyə alman deputatlardan biri etiraz edərək, layihənin əleyhinə səs verib, bir deputat isə bitərəf olub.

Parlamentdə keçirilən səsvermədə Almaniya kansleri Angela Merkel, onun köməkçisi Qabriel və xarici işlər naziri Frank-Valter Ştaynmayer iştirak etməyib.

Məlumata əsasən parlament iclasında hökumət üzvlərinə məxsus sıraların böyük əksəriyyəti boş qalıb.

Mənbə: AzVision.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir