Search
agent11

Agentlər şirkətlər və müştəriləri necə aldadırlar? – MÜTƏXƏSSİS RƏYİ

Sığorta agentlərinin komissiyaya işlədiyinə görə, sığorta məhsulunun satılmasında maraqlıdır. Buna görə də onların bəziləri müştəriləri və şirkətləri aldatmağa çalışırlar. “Azsığorta” şirkətinin təlim üzrə meneceri Şükür Hüseynov Fins.az-a müsahibəsində belə deyib. Onun sözlərinə görə, bəzən agentlər sığorta müqaviləsində göstərilən tələbləri və ya şərtləri təhrif edirlər, müştərilərin hüquqlarını daha çox göstərirlər Ya da müştərilərə sığorta şərtləri ilə bağlı natamam məlumat verirlər, tam izah etmirlər ki, sığorta hadisəsi baş verəndə müştərini nə gözləyir. Bunlar da sonradan sığorta şirkətinə qarşı mənfi rəyə səbəb olur.
Bu sahədə problemlər təkcə bunlardan ibarət deyilmiş. Qaydaya görə, sığortalanan obyektə baxış keçirilməlidir. Bu onun üçündür ki, riskin dərəcəsi dəqiq müəyyən olunsun. Ş.Hüseynov deyir ki, bəzən agentlər daşınmaz və ya daşınan əmlakı sığortalayanda bunu etmirlər. Nəticədə riskləri artırıb-azaldan cəhətlər nəzərə alınmır, sığorta müqaviləsində qeyd olunmur. Hadisə baş verəndə həmin o nəzərə alınmayan və müqaviləyə salınmayan məsələyə görə, sığorta şirkəti  ödənişdən imtina edir. Digər tərəfdən, hansısa hal sığorta hadisəsi siyahısına salınmır, hadisə baş verəndə müştəri gəlir ki, ödəniş alsın, məlum olur ki, bu hal sığorta müqaviləsində nəzərdə tutulmayıb və ona ödəniş düşmür.
“Azsığorta” rəsmisinin dediyinə görə, azadolma məbləği (franşiza) ilə bağlı da xoşagəlməz hallar olur. Belə ki, müqavilə bağlananda sığorta agenti bu məsələni müştəriyə dəqiq izah etmir: “Məsələn demir ki, hadisə baş versə, müştəri özü hansı məbləği ödəməlidir- nəticədə hadisə baş verəndə mübahisələrə, müştərilərdə narazılığa səbəb olur”.
Bundan başqa, qaydaya görə, riski artıran dəyişiklik baş veribsə, məsələn, avtomobilə hansısa qurğu və ya avadanlıq əlavə edilibsə, müştəri bu barədə sığorta şirkətini xəbərdar etməlidir – avtomobilə ksenon lampalar quraşdırılanda, təkərləri başqaları ilə əvəz olunanda və s. Amma agent onu bu barədə xəbərdar etmir. Nəticədə hadisə baş verəndə mübahisələr yaranır.
Ş.Hüseynov bu cür agentlərlə mübarizə yolunu belə görür: “Şirkətlər düzgün işləməyən, etibarsız agentlər barədə bir-birlərinə xəbər verməlidirlər. Elə agentlər var ki, bir şirkətlə uzun illər işləyir və sonra ona böyük zərbə vurur. Və gedir başqa sığorta şirkətində fəaliyyət göstərir. Bunun səbəbi sığorta şirkətləri arasında səmimi münasibətlərin olmamasıdır”.
Mütəxəssis deyir ki, bu üsulla belə agentləri aşkar etmək olar, bundan sonra onlar sığorta bazarından kənarlaşdırılmalı, onların lisenziyası ləğv edilməlidir.

Mənbə: www.fins.az


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir