Search
manat pul 010613

“Yeni işə başlayan agentlər ayda 700-1500 manat qazana bilərlər”

Sığorta agentlərinin aylıq gəliri çoxlarına cəlbedici görünür. Bu peşə ilə məşğul olanların arasında böyük həcmdə qonorar qazananlar da var, aşağı qonorarla kifayətlənməli olanlar da. Bəs sığorta agentlərinin gəliri orta hesabla nə qədərdir?

“Azsığorta” şirkətinin təlim üzrə meneceri Şükür Hüseynov Fins.az-a müsahibəsində bu məsələ ilə bağlı bəzi məqamlara toxunub: “Elə agentlər var ki, bazarda on minlərlə manat pul qazanırlar. Xüsusilə, 2012-ci ilin aprel-may-iyun aylarında. O vaxtlar bazar təzə idi, bunlar artıq əlaqələri qurulmuş olduğuna görə, yaxşı gəlir götürə bilmişdilər.
Hazırda isə rəsmi qeydiyyatdan keçmiş olan 800 agent orta hesabla bir neçə min manat qazanc əldə edirlər. Amma agentlərin özündən də çox şey asılıdır. İnsanlar diribaş və fəal olmalıdırlar ki, pul qazana bilsinlər. Müştəriləri artdıqca və portfelləri böyüdükcə, onların gəlirləri də artır.
Bu deyilənlər təbii ki, paytaxta aiddir. Maraqlıdır, bəs regionlarda yeni fəaliyyətə başlayan agentlər ilkin mərhələdə nə qədər gəlirə ümid edə bilərlər? Ş.Hüseynovun sözlərinə görə, regionlarda fəaliyyət göstərən agentlər əgər işgüzar olsalar, ayda 700-1500 manat gəlir götürə bilərlər. Gələcəkdə isə bu məbləğ təbii ki, artacaq, çünki peşəkarlıqlarını artıracaqlar, müştəriləri və müqavilələri artacaq. Peşəkarlıq və səriştə artdıqca müştərilərin sayı artacaq, daha iri müştərilər cəlb edə biləcəklər”.
Bu məsələdə bir sual da yaranır. Agentlərə ödənilən xidmət haqqı (hazırda sığorta haqqının 15% təşkil edir- Fins.az) indiki reallıqlara nə qədər cavab verir? Yəni bu məbləğ agentin normal fəaliyyət göstərməsi üçün kifayət edirmi? Azsığorta rəsmisi deyir ki, bu məsələyə 2 tərəfdən baxmaq olar: “Elə agentlər var ki, sığorta bazarında uzun illərdir fəaliyyət göstərirlər. Onlar üçün xidmət haqqının bu məbləği ola bilsin ki, kifayət edir. Amma yeni və hələ sığorta portfeli yaranmamış, müştəriləri çox olmayan agentlər üçün bu məbləğ az görünə bilər. Amma əksər ölkələrdə o limit, yəni agentlərə verilən xidmət haqqının həddi ilə bağlı məhdudiyyət götürülüb. Yəni, xidmət haqqının nə qədər olacağını sığorta şirkəti özü müəyyən edir.
Bu yanaşma bazar iqtisadiyyatı prinsiplərinə də uyğun gəlir. Yeri gəlmişkən, bu məsələ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcbari sığortalar üzrə komitəsinin bir neçə gün əvvəl keçirilən iclasında da qaldırılıb”.
Amma təbii ki, agentlərə xidmət haqqının artırılması şirkətin gəlirlərini azaldacaq. Bu halda sığorta şirkətlərində ödənişlə bağlı problem yaranmaz ki? Ş.Hüseynov deyir ki, bonusların artması və təbii inflyasiya fonunda sığorta haqlarının məbləği dəyişməz qalır və bu sığorta şirkətlərinin zərərə çıxmasına və sığorta ehtiyatları fondunun yaradılmasında problemlərə gətirib çıxara bilər: “Amma buna baxmayaraq mənə elə gəlir ki, nə vaxtsa, qanunda dəyişiklik ediləcək və agentlərə verilən xidmət haqqını müəyyənləşdirmək şirkətlərin öz seçiminə buraxılacaq. Yəni şirkət agentə nə qədər lazım bilsə, o qədər komissiya ödəsin. Bu məsələ şirkətlərin maliyyə durumundan, ödəniş qabiliyyətindən və sabitliyindən asılı olacaq. Zərərlilik dərəcəsi 90%-i keçdikdə isə dövlət tərəfindən xəbərdarlıq ediləcək və bununla da bu proses tənzimlənəcək”.

Müsahibəni tam həcmdə buradan oxuya bilərsiniz.

www.fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir