Search
18746fc5dea9e8b6744f0b0063b8382c_XL

“Unibank” kredit borcu olanlara müraciət etdi

“Fırıldaqçıların vədlərinə uymayın!”

Unibank ASC son vaxtlar müştəriləri yanlış yola yönləndirən “antikollektor”lar ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir

Ölkəmizdə yeni iqtisadi vəziyyət, bütün əhalimiz kimi şirkətlərin də öz maliyyə vəziyyətində korrektələr etməsinə gətirib çıxarıb.
Unibank bu gün kreditləşmə bazarında aktiv fəaliyyət göstərən 800 000-dən artıq fiziki və hüquqi şəxs olan müştərilərə xidmət göstərir.

O qədər də asan olmayan iqtisadi vəziyyətə baxmayaraq, müştərilərin əksəriyyəti bank qarşısında öz öhdəliklərini yerinə yetirir. Eyni zamanda Unibank olaraq təəssüflə qeyd etmək istəyirik ki, kredit götürən müştərilərin müəyyən bir hissəsi banka borclarını ödəməkdə müəyyən çətinliklər çəkirlər.

Biz hər zaman bankımız qarşısında öhdəliklərini yerinə yetirmək istəyən, amma müəyyən çətinliklər çəkən bu müştərilərlə gecikən borcların tənzimlənməsi istiqamətində müzakirələr aparmağa, problemin həllinə dəstək olmağa hazırıq. Qeyd edək ki, bankın bu istiqamətə yönəlmiş proqramı uğurla həyata keçirilir və çətinliklərlə üzləşən müştərilərimizin əksəriyyəti öz kreditlərini bu proqramlar çərçivəsində restruktruzasiya edirlər.

Eyni zamanda böyük narahatlıqla qeyd etmək istəyirik ki, son zamanlarda qondarma “antikollektor” adı altında aktivləşən bəzi mənfəətpərəstlər kredit ödənişində çətinliklər çəkən bəzi müştəriləri və ödənişlərdən məqsədli şəkildə boyun qaçıran bir sıra müştəriləri yanlış yola yönləndirirlər.

Öz bank təcrübələrinə əsaslanaraq vəkil rolu oynayan, sosial şəbəkələrdə propaqandalar apararaq müəyyən ödəniş qarşılığında müştərilərə “bankı aldatmağın” yollarını öyrədəcəklərinə və öhdəliklərindən necə yayınmaqda kömək edəcəklərinə söz verirlər. Bu isə təbii ki, sonda onlara inanan müştərilər üçün pis nəticələrə gətirib çıxarır.

Bank qarşısında öhdəliklərindən yayınmaq AR qanunvericiliyinə görə müəyyən hüquqi məsuliyyətlərin yaranmasına səbəb olur ki, sonda cəzanın bütün ağırlığı bu müştərinin üzərinə düşür və onu daha da çətin vəziyyətə salır.

Banklara, kreditorlara qarşı sosial şəbəkələrdə çirkli PR apararaq, aldadıb pulunu aldıqları borcluların qarşısında özlərini təmizə çıxarmağa çalışan bu möhtəkirlər isə sonda sudan quru çıxırlar.

Unibank öz müştərilərinə bu vasitəçi fırıldaqçıların vədlərinə uymamağa, bütün məslələri birbaşa bankla qarşılıqlı anlaşma yolu ilə həll etməyə çağırır.

Öz tərəfimizdən biz bir daha bəyan etmək istəyirik ki, bank olaraq özlərini “antikollektor” adlandıranlarla hüquqi çərçivədə bütün mümkün yollarla mübarizə apararaq, öz müştərilərimizi onların çirkin əməllərinin yaradacağı nəticələrdən qoruyacağıq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir