Search
d66089675b81094e05a32f233dcd014e_XL

Turizmdə yeni istiqamət: Arıçılıq turizmi

Arıçılıq Azərbaycanda ən qədim təsərrüfat sahələrindən biri hesab olunur. İbtidai insanların qədim yaşayış məskənlərindən olan Azıx mağarasında aparılan arxeoloji qazıntılar zamanı üzərində arı şəkli olan kasa qabın tapılması Azərbaycanda arıçılığın çox qədim tarixi olduğunu bir daha təsdiq edir. Əlverişli iqlim şəraitinə, zəngin bitki örtüyünə malik olması ölkəmizdə arıçılığın inkişafını şərtləndirən başlıca amillərdən biridir.

Zəngin floraya malik olan Qax rayonu Azərbaycanın arıçılıq mərkəzlərindən biri sayılır. Son illər rayonda bu sahənin inkişafı istiqamətində məqsədyönlü iş aparılır. Qax Arıçılar Birliyinin sədri Bədrəddin Həsrətovun rəhbərlik etdiyi “APİ-DELTA” arıçılıq kompleksinin bu sahədəki rolu xüsusilə böyükdür.

“APİ-DELTA” respublikada ən iri arıçılıq təsərrüfatıdır

İki ilə yaxındır ki, yaradılan bu kompleks ölkəmizdə fəaliyyət göstərən ən iri arıçılıq təsərrüfatıdır. Təsərrüfatda minə yaxın arı ailəsi var. Kompleksin tərkibinə arıxana təsərrüfatları, damazlıq bölmə, arı pətəyi, çərçivə və arıçılıq üçün lazım olan digər avadanlığın, həmçinin arı mumundan şanın hazırlanması üçün sexlər, laboratoriya, arı südünün alınması və digər istehsal sahələri daxildir. Müəssisədə 10 çeşiddə arıçılıq məhsulu, o cümlədən bal, çiçək tozu, vərəmum, arı südü, orqanik bal və digər məhsullar istehsal olunur.

Bədrəddin Həsrətov, həm də iki aydır ki, Azərbaycan Arıçılar Assosiasiyasına rəhbərlik edir. Təsərrüfat rəhbəri müsahibəsində rayonda arıçılığın inkişafı istiqamətində görülən işlər və kompleksin fəaliyyəti barədə ətraflı məlumat verib.

Müsahibimizin bildirdiyinə görə, arıçılıqla 1987-ci ildən məşğul olur. Əvvəllər qoyunçuluq sahəsində çalışan B.Həsrətov çöldə qoyun-quzu otararkən təsadüfən ağacın koğuşunda bal arısının yuvasını tapıb. Elə həmin vaxtdan arıçılıq diqqətini çəkib, bu sahəyə meyl salıb. Beş il Rusiyada arıçılıq sahəsində çalışıb, bu sənətin sirlərinə yiyələnib. Rayona qayıtdıqdan sonra bu peşəyə ürəkdən bağlanıb, ilk şəxsi təsərrüfatını yaradıb.

Arıçının dediyinə görə, 2006-cı ildə Qaxda Arıçılar Birliyi yeni yaranarkən rayonda cəmi 60 arıcı və 2500 arı ailəsi olub. Onun rəhbərlik etdiyi qurum ötən müddət ərzində səmərəli fəaliyyət göstərib, fermerlərin bu gəlirli sahəyə marağını artırmaq üçün geniş maarifləndirmə işləri aparıb. Arıçılar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə rayon arıçıları üçün xüsusi kurslar təşkil edib. Həmin illərdə Qax arıçıları respublika və beynəlxalq səviyyəli tədbirlərdə, sərgilərdə də yaxından iştirak edib, fərqləniblər. B.Həsrətov özü 2002-2008-ci illərdə respublikada keçirilən müxtəlif arıçılıq tədbirlərində, sərgilərdə birinci yeri tutub, 2008-ci ildə isə Cənubi Koreyada keçirilən arıçılıq sərgisində gümüş medala layiq görülüb.

“Biz nəinki özümüzü təmin edə, eyni zamanda, bal ixrac edən ölkəyə çevrilə bilərik”

Arıçılığın inkişafı ilə bağlı görülən işlərin artıq öz bəhrəsini verdiyini vurğulayan qurumun rəhbəri hazırda rayonda 250 arıçı və 15 minə yaxın arı ailəsinin olduğunu diqqətə çatdırıb. Ümumiyyətlə son illər Azərbaycanda arı ailələrinin sayı xeyli artıb və hazırda sayı 220 minə çatıb. Respublikada ildə təxminən 2 min ton bal istehsal olunur. “Nəzərə alsaq ki, bu, ölkə əhalisinin bala olan tələbatının yalnız 50 faizini təşkil edir, deməli, arıçılığın inkişaf etdirilməsinə ehtiyac var. Təhlillər göstərir ki, ölkə ərazisində 700 min arı ailəsinin saxlanması üçün real şərait mövcuddur. Biz nəinki özümüzü təmin edə, eyni zamanda, bal ixrac edən ölkəyə çevrilə bilərik”, – deyə Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri bildirib.

Cırlaşmış arıların məhsuldarlığı aşağı olur

Arıçılıqda damazlıq işinin mühüm rol oynadığını vurğulayan təsərrüfat rəhbəri deyib: “Arıçı bu işi düzgün təşkil etsə, yaxşı da məhsul götürər. Yaşadığımız bölgədə tarixən mövcud olan və dünyada ən məhsuldar arı cinslərindən sayılan “Boz Qafqaz” cinsi artıq cırlaşıb. Bu arıların xortumunun uzunluğu 7,2 millimetrdir, çiçəkdən yaxşı şirə çəkə bilir. Cırlaşmış arıların məhsuldarlığı isə aşağı olur. Ona görə də bütün arıçılıq təsərrüfatlarının damazlıq ana arıya ehtiyacı var”.

Kompleksdə damazlıq bölmə ötən il yaradılıb. Sağlam, məhsuldar arı cinsi yetişdirmək üçün müəssisə tərəfindən şimal-qərb bölgəsi rayonlarından 240 arı nümunəsi götürülərək, gen analizindən keçirilməsi üçün Türkiyəyə göndərilib. Analizlərin cavabına əsasən, bu arılardan 75-nin təmiz “Boz Qafqaz” cinsindən olduğu müəyyənləşib. Hazırda kompleksin damazlıq bölməsində həmin arılardan mayalandırma yolu ilə ana arılar yetişdirilir. Burada yetişdirilmiş ana arılar artıq Naxçıvan, Şamaxı və Gəncənin arıçılıq təsərrüfatlarına da göndərilib. Belə arı ailələrinin məhsuldarlığını artıq cari mövsümdə müəyyənləşdirmək mümkün olacaq.

Yeni istiqamət: Arıçılıq turizmi

Müsahibimizin bildirdiyinə görə, hazırda kompleksdə arıçılıq turizminin yaradılması istiqamətində iş aparılır. Bu məqsədlə ərazidə xüsusi guşə yaradılır. Turistlər burada qədimdə insanların arı ilə ilk təması, arını özününküləşdirməsi, ona xidmət göstərməsi, məhsulundan istifadə etməyə başlaması, arı pətəklərinin meydana gəlməsi, bir sözlə, arıçılığla bağlı prosesləri əyani şəkildə görə biləcəklər. Turistlər sonra kompleksdəki istehsal sahələri ilə tanış olacaq, ərazidə olan “Bal evi”nin ikinci mərtəbəsindəki zalda arıçılıq sənətinin incəlikləri, arıçılıq məhsulları barədə geniş məlumat əldə edəcəklər. Turistlərə arıçılıqla bağlı buklet və kitabçalar da paylanacaq. Sonra turistlər zalda quraşdırılmış xüsusi monitorda arının çiçək tozunu toplayaraq pətəyə gətirməsi, çərçivələrdəki yuvalara yığması, həmçinin balın, arı südünün və digər arıçılıq məhsullarının hazırlanması prosesini görüntülü şəkildə izləyə biləcəklər. Qonaqlar, həmçinin bu məhsullardan dadacaq, “Bal evi”ndəki mağazadan istədikləri məhsulu alacaqlar.

Müəssisə rəhbərinin dediyinə görə, turistlər artıq bu ildən kompleksin xidmətindən yararlana biləcəklər. Kompleksə turist qruplarının gəlişini təmin etmək məqsədilə “APİ-DELTA” artıq Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan da keçib.

Müsahibimiz bildirib ki, arıçılıq təsərrüfatları ekoloji mühitin yaxşılaşdırılmasında, ekologiyanın qorunmasında çox böyük rol oynayır. Arı tozlandırması nəticəsində yer üzünün bitki aləmi, meşələr, ətraf mühit yaxşılaşır, inkişaf edir, kənd təsərrüfatında, bitkiçilikdə məhsuldarlıq artır. Alimlərin, mütəxəssislərin fikirlərinə görə, arıçılıq məhv olarsa, təbiət də 5-10 ildən sonra məhvə doğru gedəcək. Çünki təbiətdəki tozlanmanın 85 faizini bal arısı aparır. Təbiətdə tozlanma getməzsə, ekoloji zəncir qırılar, həyat məhv olar.

Arı məhsulları ilə müalicə pansionatı yaradılacaq

“APİ-DELTA” arıçılıq təsərrüfatı beynəlxalq əlaqələrə də xüsusi diqqət ayırır. Müəssisə Dünya Arıçılıq Assosiasiyası, Türkiyə, Rusiya və Ukraynanın arıçılıq təsərrüfatları ilə sıx əməkdaşlıq edir. Təsərrüfatın mütəxəssisləri keçən il iki ay müddətində Çində olub, kurs keçiblər.

Gələcək planlar barədə məlumat verən Bədrəddin Həsrətov bildirib ki, müəssisədə istehsal edilən arıçılıq məhsulları hələlik sadə üsullarla qablaşdırılır. Gələcəkdə kompleksin ərazisində qablaşdırma sexinin işə salınması, həmçinin bal süzən xəttin quraşdırılması nəzərdə tutulur.

Yaxın gələcəkdə kompleksin ərazisində arı məhsulları ilə müalicə pansionatının da yaradılacağını diqqətə çatdıran təsərrüfat rəhbəri deyib: “Arı pətəyi özü bir aptekdir, orada bütün xəstəliklərin müalicəsini tapmaq olar. Arı südünün tərkibində insana lazım olan xeyli miqdarda zülallar, karbohidratlar, yağlar, amin turşuları, vitaminlər var. Çox az xəstəlik tapılar ki, müalicəsində arı məhsullarından istifadə olunmasın. Çünki arının zəhəri də dərmandır”.

Pansionatda çalışacaq həkim-mütəxəssislərin hazırlanması işinə də başlanılıb. Həkimlərdən biri artıq xaricdə xüsusi kurs keçib. Tezliklə daha bir mütəxəssis təlim keçmək üçün Sankt-Peterburqa göndəriləcək.

Mənbə: Azərtac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir