Search
Swiping credit card with POS-terminal

Pos-terminalların sayı artsa da, onların böyük bir qismi istifadəsiz qalıb

Məlumdur ki, maliyyə bazarını şəffaflaşdırmaq və nağd hesablaşmaların məhdudlaşdırılması üçün qeyri-nağd ödəniş formasına keçidi sürətləndirməkdir. Bu fonda atılan addımlardan biri də ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların qeyri-nağd ödənəilməsinə imkan verən pos-terminalların quraşdırılmasıdır. Ölkə prezidentinin 24 noyabr 2011-ci il tarixli sərəncamı ilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 17-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, bütün ticari xidmət subyektlərində pos-terminallar quraşdırılmalıdır. Həmin düzəlişə görə, pos-terminalların quraşdırılması məcburidir və onların quraşdırılmaması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Bu gün demək olar ki, əksər xidmət və ticarət sahələrində pos-terminalları görmək mümkündür. Belə ki, bu ilin 9 ayı ərzində 25 mindən çox pos-terminal quraşdılıb. Artıq onların sayının 60 minə çatmaqda olduğu bildirilir. Ancaq paralel artım bu cihazlardan istifadə edənlərin sayında görünmür. Əhali hələ də nağdsız ödənişə meyl etmir. Bunu rəqəmlərdən də görmək olar. Belə ki, hazırda Azərbaycanda nağdsız ödənişlərin xüsusi çəkisi ümumi ödənişlərin 6 %-ni təşkil edir ki, bu da çox aşağıdır. Göründüyü kimi, pos-terminallara maraq çox azdır.
İqtisadi və Sosial İnkişaf Mərkzənin rəhbəri Vüqar Bayramov da təsdiqləyir ki, pos-terminalların sayı artsa da, onların böyük bir qismi istifadəsiz qalıb: “Halbuki, əhalidə olan plastik kartların sayı günü-gündən artır. Hazırda dövriyyədə təxminən 5 milyondan artıq plastik kart var. Yəni, əhalinin təxminən 40%-nin plastik kartı olmasına baxmayaraq, bütövlükdə ticarətin cəmi 6-7 % i elektron ticarətin payına düşür. Bu da pos-terminallardan istifadə səviyyəsinin aşağı olmasını göstərir. Pos-terminallardan istifadə səviyyəsinin aşağı olmasını ilk növbədə pos-terminallara nəzarətin zəif olması ilə bağlıdır. Qanunvercilikdə də sahəyə nəzarətdə boşluqlar mövcuddur. Yəni, qanunvercilikdə pos-terminaldan istifadə etməyən şəxslərə, onu quraşdırmayan xidmət subyektlərinə qarşı cəza nəzərdə tutulmayıb. Pos-terminallardan istifadə olunmamasının digər səbəbi, xidmət sahələrində onları işlədə biləcək kadrların az olmasıdır. Həmçinin, vətəndaşların plastik kartlara inamının az olması da onların geniş istifadəsinin qarşısını alır”.
Ekspertin fikrincə, istifadəçilərin sayının artırılması üçün, ilkin olaraq təşviqedici, stimullaşdırıcı, maarifləndirici kampaniyalar keçirilməlidir: “Həmçinin, elektron xidmətlər əlavə dəyər vergisindən (ƏDV) azad olunmalıdır. Hansı ki, bu praktika hazırda ABŞ-da tətbiq edilməkdədir. Bunlardan başqa, nağdlı hesablaşmaların məbləğini limitləşdirmək də olar. Eləcə də qanunvercilikdə pos-terminallardan imtina edən sahibkarlara qarşı cəza öz əksini tapmalıdır”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, vətəndaşların özləri pos-terminallardan istifadədə o qədər maraqlı deyillər: “Bunun ilkin səbəbi faiz məsələsidir. Hansı ki, xidmət zamanı əlavə pul tutulur. İkincisi, insanlar pos-terminallardan istifadəyə stimullaşdırılmalıdır. Bunun üçün ilkin olaraq əhali arasında təşviq proqramları həyata keçirilməlidir. Necə ki, Türkiyə sosial roliklərlə, müəyyən təşviq proqramları ilə, müəyyən bonuslar qazandırmaqla bu prosesi dirçəldə bilib. Bizdə də oxşar yanaşmalara ehtiyac var. Bu işi tək Vergilər Nazirliyi yox, eyni zamanda kommersiya qurumları, kütləvi informasiya vasitələri də həyata keçirilməlidirlər. Yəni, vətəndaşlar arasında pos-terminallar haqqında maarifləndirmə işi genişləndirilməlidir. Çünki, vətəndaşlar arasında məlumatsızlıq bu sahəyə inamı itirib”.



Mübariz BAYRAMOV




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir