Search
img1756961

Otellər bağlanmış «Exchange»lər üçün potensial məkan kimi

Azərbaycan bankları valyuta mübadiləsi məntəqələrini bağladıqdan sonra ölkədə valyuta alıb-satmaqla bağlı ciddi problemlər yaranıb. İnsanlar istədikləri vaxt dollar da daxil olmaqla valyuta dəyişə bilmirlər. Üstəlik, bu məsələ ciddi sosial nəticə doğurub – «Exchange»lərdə işləyən minlərlə insan iş yerini itirib.

Yenilənmiş qaydalar

Xatırladaq ki, Bakıdakı «Exchange»lərin kütləvi şəkildə bağlanmasına Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin təsdiqlədiyi «Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları» səbəb olub. Qurum bu qaydaları manatın təkrar devalvasiyasından təxminən 1 həftə sonra, valyuta bazarına nəzarəti gücləndirmək məqsədi ilə yenidən təsdiq edib.

İstirahət və bayram günü «Exchange» tapılmır

Son nəticədə bu gün vətəndaşlar valyutanı yalnız bankların iş vaxtı dəyişə bilirlər. Kredit təşkilatları isə həftənin 5 günü, nadir hallarda isə şənbə günü günorta saatlarına qədər işləyir. İstirahət və bayram günləri isə valyuta dəyişmək üçün «Exchange» tapmaq problemə çevrilir.

6 min nəfərin iş problemi

Daha bir problem isə bu məntəqələrdə işləyən minlərlə insanın işsiz qalmasıdır. Qeyri-rəsmi məlumatlara görə «Exchange»lər bağlanana qədər onlarda təxminən 6 min adam işləyib. Hazırda bu insanların bir qismi metronun 28 may stansiyasının yaxınlığında – Səməd Vurğun bağının, eləcə də Bakı Dəmir Yolu Vağzalının ətrafında «qara bazar» qaydası ilə valyuta alıb-satmaqla məşğuldur.

«Exchange»lər hotellərdə də ola bilər

Bununla belə, «Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları»nda nəzərdə tutulub ki, mübadilə şöbələri qapalı tipli iri ticarət və əyləncə mərkəzlərində, yarmarkalarda, vağzallarda, limanlarda, poçt idarələrində, eləcə də mehmanxanalarda açıla bilər. Məsələn, Bakıda təxminən 150 otelin olduğunu nəzərə alsaq bunların hər biri «Exchange» açmaq üçün potensial məkandır. Yəni, banklar küçələrdə bağladıqları məntəqələri otellərə köçürə bilərlər. Amma həmin məntəqələr bankın bir şöbəsi kimi fəaliyyət göstərməlidir.

Əcnəbilərə qeyri-rəsmi dollar satılır. Əslində, Bakıdakı otellərdə valyuta alqı-satqısı qeyri-rəsmi formada həyata keçirilir. Bu xidmətdən istifadə edənlər əsasən xarici ölkə vətəndaşlarıdır. Əcnəbi qonaqlar bir qayda olaraq otellə hesablaşmanı xarici valyuta ilə aparırlar, paralel olaraq valyutanı Azərbaycan manatına da dəyişdirirlər. Əgər kütləvi şəkildə və qanuna uyğun olaraq otellərdə “Exchange”lər açılsa, bu, həm istirahət və bayram günləri, işdən sonra pul dəyişmək problemini həll edər, həm də işsiz qalmış valyuta alverçiləri üçün məşğulluq imkanı yaranar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir