Search
accident scene

Günahın neçə faizdir? – SƏBƏBKARIN TAPILMASI ÜÇÜN YENİ ÜSUL

Azərbaycanda avtomobil qəzalarının törədilməsi zamanı səbəbkarın müəyyənləşdirilməsində yeni üsul tətbiq oluna bilər. Bu dünyanın bəzi ölkələrində, o cümlədən Türkiyədə geniş istifadə olunan “günah əmsalı” üsuludur.

Hər şey “ağ” və ya “qara” deyil
Sığorta hadisələrinin araşdırılması zamanı ortaya çıxan əsas məsələlərdən biri səbəbkarın müəyyən edilməsidir. Hazırda Azərbaycanda bu məsələ birtərəfli həll edilir – yəni qəza iştirakçıları ya günahkar olur, ya da günahsız sayılır. Amma sığorta mütəxəssisləri də etiraf edir ki, bəzən qəza iştirakçılarının hər ikisində, bəzən hər üçündə günah olur. Bu zaman formal olaraq bir nəfər günahkar sayılır – amma əslində qəzanın səbəbi həm də digər sürücülərin hərəkətləri olur.

Belə halların qarşısının alınması və hadisələrin daha ədalətli araşdırılması üçün xarici ölkələrdə “günah əmsalı” anlayışından istifadə olunur.  Bu üsul vasitəsilə qəzanın hər bir iştirakçısının bu hadisədə günahının nə qədər olduğu müəyyən edilir. Sonradan sığorta ödənişi də günahın dərəcəsinə görə bölünür.

Sığorta sahəsində belə bir nisbətin tətbiq edilməsində əsas məqsəd sürücülər arasında məsuliyyət hissini artırmaqdır. Yəni, sürücülər əvvəlcədən bilir ki, qəzanən törədilməsində onun azacıq da olsa günahı olsa, dəyən zərərin bir hissəsini o özü ödəməli olacaq.

“Kusur oranı”
Türkiyədə günah əmsalı  və ya təqsirlilik dərəcəsi “kusur oranı” adlanır. Ölkənin icbari sığorta qanunvericiyinə görə, yol qəzası iştirakçılarının hər birinin təqsirlilik dərəcəsi (% nisbəti ilə) müəyyən edilir və icbari sığorta ödənişi də buna görə həyata keçirilir. Məsələn, avtomobili başqasının avtomobili tərəfindən vurulan sürücünün hadisədə 25% günahı varsa və onun maşınına 1000 dollar ziyan dəyibsə, bu halda zərərçəkmişə ödənilən məbləğ ziyanın 75%-i qədər olur. Və yaxud əksinə.

Onlarla mümkün variant
Təqsirlilik dərəcəsini müəyyən etmək üçün Türkiyənin icbari sığortalarla bağlı qanunlarında yol qəzasının baş verməsi ilə bağlı onlarla mümkün variant nəzərə alınıb. Təbii ki, hər bir variant üçün də fərqli nisbət götürülüb.
Məsələn, tutaq ki, hər hansı A sürücüsü sola dönməyin qadağan olduğu yerdən sola dönür və bu zaman əks istiqamətdə hərəkət edən avtomobili vurur. İlkin olaraq günah 100% dönmə ilə bağlı qadağaya əməl etməyən sürücüdədir. Amma digər sürücü avtomobili idarə edərkən sürət həddini aşıbsa bu halda günahın bir qismi onun üzərinə yazıla bilər.
Yəni, yolda sürət həddi 30 km/saat müəyyən edilibsə bu sürət imkan verir ki, maşını saxlayıb qəzadan qaçıra biləsən. Amma sürət 60 km/saatdırsa qəzadan qaçmaq, yolu düzgün dönməyən avtomobilə çırpılmamaq mümkün olmur. Elə buna görə də, təqsirlilik dərəcəsi 75%:25% nisbətində müəyyən edilir. Avtomobillərə dəyən ziyan isə 25%:75% nisbətində ödənilir.

Azərbaycanda “günah əmsalı” tətbiq oluna bilərmi?
Son vaxtlar günah əmsalı məsələsi Azərbaycanda dam populyarlaşıb. Azərbaycanın sığorta şirkətlərinin əməkdaşları da təsdiqləyirlər ki, avtomobil qəzalarında heç də həmişə bir tərəf günahkar olmur. “AXA Mbask” sığorta şirkətinin hüquq və subroqasiya departamentinin rəisi Fuad Musa fins.az-a bildirir ki, bu zaman günahların və ödənişlərin daha ədalətli bölgüsü kimi “günah əmsalı” üsulundan istifadə edilə bilər. Amma hələlik onun tətbiqində müəyyən praktiki çətinliklər ola bilər. Çünki bunun üçün mürəkkəb sistem qurulmalı, yol-hərəkət iştirakçıları bundan xəbərdar olmalıdırlar. Üstəlik, mütəxəsislərin fikrincə, avtomobil sahibləri, sığorta şirkətlərinin özü və bəzi dövlət qurumlarının əməkdaşları bu üsulun tətbiqindən sui-istifadə edə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir