Search

Mərkəzi Bankda görüş

Mərkəzi Bankın sədri Elman Rüstəmovun Beynəlxalq Valyuta Fondunun (BVF) Maddələr Sazişi IV üzrə məsləhətləşmələr missiyasının nümayəndəsi Raja Almarzoqi ilə oktyabrın 21-də keçirilən görüşündə bank sisteminin geniş spektrini əhatə edən məsələlər müzakirə edilib. 

Görüşdə cari il üzrə makroiqtisadi inkişaf və 2014-2015-ci illər üçün planlar, iqtisadi perspektivlər üçün əsas risklər, bank nəzarətinin gücləndirilməsinə dair ən son prudensial tədbirlər barədə məlumat verilib. 2015-ci ilin əvvəllərində həyata keçiriləcək Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramına (FSAP) hazırlıq və bank sektorunda davam etməkdə olan kapitallaşdırma və konsolidasiya prosesləri nəzərdən keçirilib.

Mərkəzi Bankın sədri E.Rüstəmov qonağa bankın pul siyasəti, bank sektorunun inkişafı, bankların kapitallaşması kimi məsələlər barədə ətraflı məlumat verib. Cari ildə və orta müddətli perspektivdə iqtisadi artım və qiymət sabitliyi hədəfləri arasında pul siyasətinin effektiv şəkildə tarazlaşdırılacağını qeyd edən E.Rüstəmov banklarda aktivlərin artım hədəfləri ilə dayanıqlıq hədəfləri arasında optimal tarazlığın təmin olunması məsələlərini diqqətə çatdırıb. Son vaxtlar regionda baş verən hadisələrin və dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsiri barədə danışan E.Rüstəmov qeyd edib ki, ölkədə iqtisadi artım davam edir və bu artım qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub. Son 10 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb ki, bu da ölkə tarixində ən yüksək göstəricidir.

BVF-nin nümayəndəsi Raja Almarzoqi Azərbaycanda müşahidə olunan iqtisadi artımı, makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndirib. O, ölkəmizin qarşısında duran qısa və orta müddətli çağırışlara nəzər yetirərək, BVF-nin bu istiqamətlər üzrə Azərbaycanla birgə fikir mübadiləsi aparıldığını söyləyib.

Görüşdə, həmçinin Mərkəzi Bank ilə BVF arasında formalaşmış əməkdaşlıq əlaqələri və bu əlaqələrin perspektivləri müzakirə olunub.

Sonda BVF tərəfindən diversifikasiyanın sürətləndirilməsi, inflyasiyanın hədəflənməsi və dövlət investisiyalarına dair təqdimat keçirilib.

qafqazinfo.az

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir