Search
Vuqar_Bayramov

Lombardların fəaliyyətinə dövlət nəzarəti zəifdir

Son illər Azərbaycanda əhali arasında lombardlara maraq kəskin artıb. Məlumat üçün qeyd edək ki, əvvəllər lombard xüsusi icazə (lisenziya) əsasında fəaliyyət göstərən hüquqi şəxs idi. Lakin indiki qanunvericiliyə görə onların fəaliyyəti xüsusi razılıq tələb olunan fəaliyyət növlərinə aid deyil. Girov qoyan qismində isə ancaq fiziki şəxslər çıxış edə bilər. Girovun predmeti isə yalniz şəxsi istehlak üçün nəzərdə tutulan daşınan əşyalardır ki, lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Əgər müştəri girov əsasında götürdüyü pulu müqavilədə göstərilən zamanda geri qaytara bilmirsə, lombard girovluqda olan əşyanı sata bilər. Son aylar kreditlərə tələbatın artmasını görən sahibkarlar təxirəsalmadan lombard fəaliyyətinə keçirlər. Ona görə onların sayında da sıçrayışlı artım baş verib. Belə ki, 2011-ci ildə ümumilikdə 600 lombard mövcud idisə, indi onların sayı iki dəfə artaraq 1200-ə çatıb. Lombardlar əhalinin artan tələbat və artan marağından istifadə edərək faiz dərəcələrini artırırlar.

Ümumiyyətlə lombard fəaliyyətinin belə geniş şəkil almasının əsas səbəbi istehlak krediti ilə bağlı şərtlərin sərtləşdirilməsi, daha dəqiq desək kommersiya bankları tərəfindən istehlak kredit üçün iş yerindən arayış tələb edilməsi şərtidir. Xatırladaq ki, son zamanlar bankların nağd kredit şərtlərini sərtləşdirməsi vətəndaşların lombardlara axın etməsinə şərait yaradıb. Banklardan fərqli olaraq lombardlarda kiçik məbləğli kreditlər götürmək üçün sənədləşmə daha asandır. Heç bir zamin və iş yerindən arayış təqdim etmədən şəxsiyyət vəsiqəsi və girov qoyulacaq qızıl məmulatları ilə lazım olan məbləği əldə etmək mümkündür.
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, lombardların fəaliyyətinə nəzarət mexanizmləri zəifdir: “Onlar məhz nəzarətin zəif olmasından istifadə edərək vətəndaşları aldadır. Bəzi hallarda lobardlar öz yerlərini asanca dəyişə bilirlər. Çünki banklardan fərqli olaraq adətən onların kiçik otağı olur. Həmin otaqlar da icarəyə götürülür. Ona görə də başqa yerə köçmə və eyni zamanda ölkəni tərketmə riskləri yüksək olur. Bu, nəzarətin gücləndirilməsinə ciddi ehtiyac yaradır. Əgər lombardlar tez-tez yerlərini dəyişirlərsə, nəticədə min manat borca görə ora 2 min manatlıq qızılı əşyası qoyan vətəndaşın girovu təhlükə altında qalır. Hazırda lombardların vətəndaşları aldatması ilə bağlı kifayət qədər faktlar mövcuddur. Hesab edirəm ki, sözügedən fəaliyyətlə bağlı tələb olunan qaydalar və meyarların sərtləşdirilməsinə ehtiyac var”.
Müsahibimiz deyir ki, lombardların əhaliyə təqdim etdiyi faiz dərəcələri qənaətbəxş deyil: “. Aylıq 3-4 faizlə kredit verdiklərini nəzərə alsaq, illik bu göstərici 36 faizdən çox olur. Bu isə olduqca yüksək faiz dərəcəsidir. Bank kreditlərinin orta aylıq dərəcəsi isə 30 faizdən aşağıdır”.
Lombardlar kredit verərkən iş yerindən arayış tələb etmədiyini söyləyən ekspert qeyd etdi ki, bu kredit götürməklə bağlı işləri dahada yüngülləşdirir və bu səbəbdən də vətəndaşlar kredit faizlərinin yüksək olmasına o qədər də əhəmiyyət vermirlər. Bu amillər vətəndaşların lombarddan daha çox istifadə etməsinə şərait yaradır.

Əfsun


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir