Search
Kovserbank

“Kövsərbank” 38 milyon manatlıq səhm buraxacaq

Lisenziyasını bərpa etmiş “Kövsərbank” ASC nizamnamə kapitalını Mərkəzi Bankın tələbinə uyğunlaşdırmaq üçün səhm emissiyası planlaşdırır. Bu barədə fins.az-a açıqlamasına Bankın İdarə Heyətinin sədri Heydər İbrahimov məlumat verib: “Hazırda “Kövsərbank”ın kapitalı 12 milyon manat civarındadır. Mərkəzi Bankın tələbinə görə bu göstərici 50 milyon manata çatdırmalıdır. Ona görə də Bakı Fond birjasında 38 milyon manatlıq səhm emissiyasının həyata keçirilməsi planlaşdırırıq”.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 200 manat olan 19 min səhmin buraxılması nəzərdə tutulub. H.İbrahimovun sözlərinə görə, səhmlərin bir hissəsinin xarici investorlar tərəfindən alınacağı gözlənilir: “Adətən xarici investorlar səhmlərin 20%-ə qədərinə sahib olmağa üstünlük verirlər, bu mənada buraxacağımız səhmlərin təqribən 10 milyon manatlıq hissəsinin xarici sərmayəçilər tərəfindən alınacağını gözləyirik”.

Bank rəhbəri bildirib ki, hazırda “Kövsərbank”ın fəaliyyətə başlaması üçün hazırlıq işləri davam edir. Bankın ödəmə infrastrukturuna, yəni yerli və xarici ödəmə sistemlərinə qoşulması işi aparılır: “Bütün bu işlər təqribən 1 ay çəkəcək. Ondan sonra bank real fəaliyyətə başlayacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir