Search
plastik kart

Plastik kartların şifrələri mürəkkəbləşdiriləcək?!

Cahid İsmayıl: «Şifrə rəqəmlərinin sayı artırılarsa, gərək aparatlar, bankomatlar da dəyişdirilsin, yenidən qurulsun»

 

Samir Əliyev: «Plastik kartların şifrəsinin mürəkkəbləşdirilməsi vətəndaşlar üçün çətinlik yarada bilər»

Son illər bütün dünyada nağdsız ödənişlər genişləndiyindən, ödəmələr daha çox plastik kartlar vasitəsilə edilir. Və bununla əlaqədar plastik kartların təhlükəsizliyi məsələsinə xüsusi önəm verilir. Çünki, istifadə geniş olduğundan, şifrələrin sındırılması, hesabdan pul oğurlanması halları tez-tez baş verir. Kartın təhlükəsizliyini təmin etmək üçün müxtəlif üsullardan istifadə olunur ki,  bunlardan biri də şifrə rəqəmlərini sayını artırmaqdır.
Azərbaycanda plastik kartlaın şifrələri bir qayda olaraq 4 rəqəmli olur. Təhlükəsizlik baxımından şifrələrin Avropada olduğu kimi bir qədər mürəkkəbləşdirilməsi və altı rəqəmə çatdırılması təklif olunur. Məsələyə ekspertlərin rəyi müxtəlifdir.
Belə ki, İKT üzrə mütəxəssis  Cahid İsmayıl məsələ ilə bağlı Movqe.az-açıqlamasında bildirir ki, həqiqətən də plastik kartların şifrəsinin dəyişdirilməsi onun təhlükəsizliyini 50% gücləndirir: “Amma  şifrə rəqəmlərinin sayı artırılarsa, gərək aparatlar, bankomatlar da dəyişdirilsin, yenidən qurulsun. Bu, bankların seçimidir. Hansı bank istəsə, bu yeni texnologiyanı tətbiq edə bilər. Amma kartların təhlükəsizliyini təmin etmək üçün müxtəlif vasitələr var. Məsələn, PİN kodlar vasitəsilə də mərhələlərlə müştəriyə təhlükəsizliyin gücləndirilməsi təklif edilə bilər”.
İqtisadçı-ekspert Samir Əliyev isə indiki halda Azərbaycanda 4 rəqəmli şifərələrin 6 rəqəmli olaraq dəyişdirilməsini zəruri saymadığını bildirib: “Bu, ilk baxışdan maraqlı görünsə də, əslində, mənim fikrimcə, şifrənin 4, ya 6 rəqəmli olması ciddi fərq eləmir. O baxımdan ki, şifrəni qırmaq istəyən haker, onsuz da bu işi peşəkar səviyyədə edir. 6 rəqəmi açmaq, 4 rəqəmi açmaqdan daha çətin olsa da, o, bunu edə bilər. Azərbaycanda plastik kartların şifrəsinin mürəkkəbləşdirilməsi vətəndaşlar üçün çətinlik yarada bilər. O baxımdan ki, bizdə nağdsız ödənişlər geniş yayılmayıb. Plastik kartların 90%-i əmək haqqı və təqaüd kartlarıdır ki, onu da vətəndaşlar karta pul köçürən kimi gedib bankomatdan çıxarır, nağdlaşdırırlar. Yaşlı nəsil isə ümumiyyətlə, kartlardan istifadə etməkdə çətinlik çəkir. 4 rəqəmli şifrəni yadda saxlamaq onsuz da onlara çətindir, qaldı ki, 6 rəqəmli olsun.  Bu gün bizdə plastik kartlardan istifadə aktual deyil deyə, hakerlərin də şifrələri sındırmaq, hesabı ələ keçirmək halları demək olar ki, yaşanmır. Bu səbəbdən indiki halda 6 rəqəmli şifrələrin tətbiq olunması vəziyyəti, düşünürəm ki, daha da mürəkkəbləşdirər”.


movqe.az
Aysel HƏSƏNOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir