Search
iran

İran müəssisələri Azərbaycan bazarına girməkdə maraqlı görünürlər

Martın 12-də İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının Şərqi Azərbaycan əyalətinin valisinin ictimai-siyasi məsələlər üzrə müavini Səid Şəbistərinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, son illər dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərindən və keçirilən görüşlərdən sonra Azərbaycan-İran əlaqələri, eləcə də İranın regionları ilə əməkdaşlıq daha da genişlənmişdir. Şərqi Azərbaycan vilayətinin nümayəndə heyətinin ölkəmizə səfəri də əlaqələrimizin inkişafına öz müsbət töhfəsini verəcəkdir. Nazir Şahin Mustafayev iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi, sənaye, o cümlədən maşınqayırma sahəsində əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırmışdır.
İran İslam Respublikasının Şərqi Azərbaycan əyalətinin valisinin müavini Səid Şəbistəri dövlət başçılarının birgə səyləri nəticəsində son illər ölkələrimiz arasında əlaqələrin genişləndiyini, İranın Şərqi Azərbaycan vilayətinin sənaye sahəsində Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirmişdir. Rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində maşınqayırma sahəsində fəaliyyət göstərən müəssisələrin təmsil olunduğunu qeyd edən Səid Şəbistəri Azərbaycanın bu sahədə fəaliyyət göstərən şirkətlərini ölkəsinə dəvət etmişdir. İranlı qonaq Azərbaycanda sənaye parklarının yaradılmasını müsbət qiymətləndirmişdir.
Görüşdə İranın “Təbriz Traktorqayırma Zavodu” və avtobus istehsalçısı “AKİA” maşınqayırma zavodu barədə məlumat verilmiş, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində İran nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında (SKSP) da olmuşdur. Qonaqlara sənaye parkında investorlar üçün yaradılmış əlverişli imkanlar, sənaye parkının rezidentləri tərəfindən istehsal olunan məhsullar barədə məlumat verilmişdir. Sonra SKSP-də İran nümayəndə heyəti ilə Azərbaycanın maşınqayırma müəssisələrinin nümayəndələri arasında görüş keçirilmişdir. Görüşdə İranın “Təbriz Traktorqayırma Zavodu”u və avtobus istehsalçısı “AKİA” maşınqayırma zavodu ilə Azərbaycanın maşınqayırma müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Səfər zamanı İran nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkı (STP) ilə tanış olmuşlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir