Search
socar

H.Əliyev adına NEZ-də yenidənqurma və modernizasiya

Martın 11-də SOCAR-ın Baş ofisində Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Zavod ilə Amec-Foster Wheeler/SOCAR-Foster Wheeler alyansı arasında İlkin Detallı Layihələndirmə (FEED) işlərinin icrası ilə əlaqədar FEED müqaviləsinin imzalanma mərasimi keçirilmişdir.Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Amec-FW şirkətinin Cənubi Avropa üzrə prezidenti, SOCAR-FW Mühəndislik Xidmətləri birgə müəssisəsinin İdarə Heyətinin üzvü Marco Moresco, hər iki şirkətin rəhbər nümayəndələri iştirak etmişlər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev qonaqları salamlayaraq, H.Əliyev adına NEZ-də həyata keçiriləcək yenidənqurma işlərinin əhəmiyyətindən danışmış, layihələndirmə və tikinti işlərinin mərhələli olaraq 2019-2020-ci illərdə həyata keçiriləcəyini qeyd etmişdir. SOCAR prezidenti yenidənqurma mərhələsinə daxil olan qurğular üzrə lisenziar şirkətlərlə müqavilələrin imzalandığını və texnoloji layihələndirmə paketlərinin hazırlanma işlərinin artıq yekunlaşmaq üzrə olduğunu söyləmişdir. Amec-FW şirkətinin Cənubi Avropa üzrə prezidenti Marco Moresco layihənin növbəti mərhələsi olan İlkin Detallı Layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə rekonstruksiya layihələrində böyük təcrübəyə malik Amec-FW və Socar-FW Mühəndis Xidmətləri Alyansının FEED podratçı qismində işlərə cəlb edilməsindən məmnunluğunu ifadə etmişdir. Daha sonra sənədin imzalanma mərasimi keçirilmişdir. Müqaviləni Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılov, Amec-FW şirkətinin kommersiya əməliyyatları üzrə direktoru Enzo Gioviale və SOCAR-FW Mühəndislik Xidmətləri birgə müəssisəsinin baş direktoru Elməddin Dadaşov imzalamışlar.

Qeyd edək ki, Amec-FW artıq SOCAR-ın STAR layihəsində əvvəlcə FEED podratçı qismində, hazırda isə PMC qismində işlərə cəlb edilmişdir. Eyni zamanda, Amec-FW SOCAR ilə yaradılan birgə müəssisəsi vasitəsilə NQENKK layihəsində bir sıra mühəndislik işləri həyata keçirmiş, H.Əliyev adına NEZ-də isə ilkin mühəndislik işlərini həyata keçirmişdir. Birgə müəssisənin yaradılmasında əsas məqsəd yüksək ixtisaslı yerli kadrların hazırlanmasıdır. Birgə müəssisənin Azərbaycanda cəlb olunduğu bütün layihələrdə yerli kadrlar üçün Amec-FW şirkətinin Milan ofisində təlimlər təşkil olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir