Search
Judge Hitting Mallet On Dollar

İqtisadi məhkəmələr artıb

Azərbaycanda manatın yenidən ucuzlaşmasından sonra biznes qurumları arasında mübahisələr artmağa başlayıb. Manatın ucuzlaşması, iqtisadi aktivliyin aşağı düşməsi və şirkətlərin gəlirlərinin azalması borclanmaya gətirib çıxarıb. Nəticədə iqtisadi məhkəmə mübahisələri xeyli artıb.

İqtisadi məhkəmə mübahisələri 40-50% artıb. İqtisadi məhkəmə proseslərində iştirak edən hüquqi ekspert Pərviz Məmmədov bildirib ki, son iki ayda iqtisadi məhkəmə mübahisələri 40-50 % artıb. Məsələn, bir il əvvəl ayda 3-4 iqtisadi məsələ ilə bağlı məhkəməyə müraciət edilirdisə, hazırda bu rəqəm 5-10-dur. Mübahisələrə əsas səbəb isə gəlirləri azalan şirkətlərin borclarını qaytara bilməməsidir.

Ev sata bilməyən tikinti şirkətləri materialın pulunu ödəyə bilmirlər. Daxil olan müraciətlər arasında tikinti şirkətləri ilə bağlı müraciətlər daha çoxdur. Belə ki, tikinti şirkətləri evləri sata bilmədikləri üçün tikinti material satan şirkətlərə borclarını qaytara bilmirlər. Məsələn, Xırdalan ərazisində tikinti yaşayış evləri tikən şirkət aldığı betonun pulunu ödəyə bilmir. Yasamalda fəaliyyət göstərən tikinti şirkəti isə tikinti zamanı istifadə etdiyi armaturların pulunu qaytara bilmir. Belə olan halda məhkəməyə müraciət edilir. Bundan əlavə topdan satış şirkətləri ilə mağazalar arasında, ölkəyə texniki avadanlıqlar və məişət cihazları gətirən şirkətlərlə elektronika mağazaları arasında yaranan borcla bağlı məhkəmə mübahisələri olur. Şirkətlər malların satılmadığına görə, borclarını qaytara bilmədiklərini bildirirlər.

Borclu şirkətlərin əmlakı hərracda satılıb. Belə olan halda adətən, həmin şirkətlərin əmlaklarına, yəni ofislərinə, anbarlarına, istehsal avadanlıqlarına, bank hesablarına həbs qoyulur. Borclu şirkətin bank hesabına pul köçürülürsə, borc həmin hesabdan çıxılır. Əks halda, borclunun əmlakı hərraca çıxarılaraq satılır. P.Məmmədovun sözlərinə görə, son bir ayda borcunu ödəyə bilməyən 5-6 tikinti şirkətinin anbarları, yük maşınları, istehsal avadanlıqları hərracda satılaraq borc qarşılanıb. Amma bəzən hətta əmlakın satışı da borcun ödənilməsinə kifayət etmir. Belə olan hallarda şirkətlərin başqa əmlakları axtarılır. Bəzi şirkətlərin isə bank hesablarına köçürülən pullardan borc çıxılıb.

İxtisarlara görə məhkəmələr başlayıb. P.Məmmədovun sözlərinə görə, son dövrdə qarşılaşan digər problem şirkətlərlə işçiləri arasında baş verir. İxtisara düşən işçilər onlara verilməli olan kompensasiyanı ala bilmədikləri üçün müraciət edirlər. Hüquqşünasın sözlərinə görə, əvvəllər belə mübahisələr olmasa da, son bir ayda 10-dan çox belə şikayət daxil olub. Digər tərəfdən, gəlirləri azalan şirkətlər işçilərini düzgün şəkildə, hüquqi qaydalara əsaslanaraq ixtisara salmaq üçün hüquqi məsləhət almağa çalışırlar. P.Məmmədovun sözlərinə görə, belə şirkətlər əsasən subpodratçı neft-qazma şirkətləridir: «Neftin dünya bazarında ucuzlaşması artıq bu sahədə də işlərin dayanmasına gətirib çıxarıb. Nəticədə əlavə işçilərə ehtiyac qalmayıb». Onun sözlərinə görə, bir ayda şirkətlərdən 3-4 belə müraciət daxil olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir