Search
Bank Of Azerbaijan

Hafiz Məmmədov: “Bank of Azerbaijan”da heç bir problem yoxdur

“10, 20, 50,100 min manat depozitini istəyən adama Hafiz və ya Hafizin dostu pul tapıb verə bilməyəcək?”

“Bank of Azerbaijan”ın sahibi Hafiz Məmmədov son günlər Azərbaycan mətbuatında bankın problemləri ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirib.

O, bildirib ki, Bankın heç bir problemi yoxdur. “Bank işi olduqca təhlükəlidir. Mənə deyirlər ki, saytlarda bankla bağlı nəsə yazırlar. Onları yazanlar təxribatçılardır. Sən necə fikriləşə bilərsən ki, 10, 20, 50,100 min manat depozitini  istəyən adama Hafiz və ya Hafizin dostu pul tapıb verə bilməyəcək? Bu mümkün olan şey deyil. Mən “Ziver Bank”da çalışmış adamam. Ordan biznesə gəlmişəm. Adətən bankda bir balaca narahatlıq olanda insanlarda təşviş yaranır ki, gedim əmanətlərimi götürüm. “Bank of Azerbaijan”da heç bir problem yoxdur”.

“BANK OF AZERBAİJAN” HƏSƏN ƏLİYEV KÜÇƏSİNƏ KÖÇƏCƏK

Bankın sahibi  “Bank of Azerbaijan”ın ofisini tərk etməsilə bağlı suala belə cavab verib:

“Mənim İnqilab küçəsində (Həsən Əliyev küçəsini nəzərdə tutur-Marja) yaxşı bir binam var. O yeri hamı tanıyır, mən niyə orda oturmayım? Ancaq əvvəlki yerdə filialımız qalacaq. Mənim keçən ildən belə bir planım var idi. Fikirləşdim ki, bank üçün yaxşı binadır. Bankın binası ayrı olmalıdır da. Bank olan yerdə mən olmamalıyam. Bank başqa binada olmalıdır. Bank sirrləri olan bir şirkətdir. Heç kəs onun sahibini, depozitlərin sahibini görməməlidir. Xalqda isə krediti alıb qaytarmaq mədəniyyəti olmalıdır. Kredit vaxtında qaytarılmayanda bəzi problemlər də çıxa bilər”.

Hafiz Məmmədov bildirib ki, Bankın bəzi filialları yox səviyyəsində işləyirlər. O, Sumqayıt filialının bağlanmadığını deyib:

“Sumqayıt yox. Bu gün birinə qol çəkmişəm, ancaq bilmirəm hansı filialdır. Amma, bilirəm ki, bəzi filiallar yox səviyyəsində işləyirlər. Bunlar lazımsızdır. Filial xətrinə filial lazım deyil. Lazımdısa, orada bir zavod quraram, fond açaram camaata kömək edərəm. 10 nəfər işləsin deyə orada filial aça bilmərəm, bazar iqtisadiyyatıdır”.

“BANK MƏNİMDİR”

Hafiz Məmmədov  “Bank of Azerbaijan” sizindir,  ya Ziya Məmmədovun?” sualına isə “Bank mənimdir” cavabını verib. Daha sonra o, dediyini dəqiqləşdirərək “Əslində mənim bankım deyil, uşaqlarımın bankıdı. Buna deyirlər, aidiyyatı şəxslər”,- deyə söyləyib.

“5 FAİZƏ DEPOZİT ALIB, 1 FAİZƏ KREDİT VERƏ BİLMƏRƏM”

Hafiz Məmmədov Azərbaycanda bank fazilərinin yüksək olmasına da öz münasibətini bildirib: “Banka qoyulan depozit satılmalıdır. Digər tərəfdən əhaliyə yüksək depozit faizi verilir axı. Əhali pulu 5 faizlə depozitə qoyursa, 7 faizlə kredit verilir. Mən 5 faizə depozit alıb, 1 faizə kredit verə bilmərəm axı. Bankın işi pul alıb satmaqdır. Baha alınanda baha satırsan. Bizim hələki bazarımız budur. Bu gün Avropa banklarında 1-dən yuxarı faizlə depozit qoya bilmərsən. Ancaq Azərbaycan banklarında 12-13 faizlə depozit qoyursan. İndi bəzi əks fikirlər səsləndirənlər iqtisadçı deyillər, ona görə belə düşünürlər. Yavaş-yavaş biz də Avropa səviyyəsinə gələcəyik, yəni sizin arzuladığınız 1, 2 faiz söhbətinə. Faiz nə qədər aşağı olsa, inam da bir o qədər çox olar”.

“ZİYA MÜƏLLİM XİDMƏTLƏRİ DOSTUNA VERMƏYİB”

Hafiz Məmmədov bir çox bizneslərə Ziya Məmmədovun köməyilə sahib olmadığını deyib:

“Ziya müəllim Azərbaycanın hörmətli naziridir. Heydər Əliyev siyasətinə sadaqətli bir insandır. Mənim ağsaqqalımdır, böyüyümdür, dostumdur, atamdır, ata əvəzimdir. Mənim formalaşmağımda çox böyük rolu olub, mənə dəstək verib. Bir vaxtlar deyirdilər ki, taksi xidmətini dostuna bağışlayıb. Ziya müəllim nə taksi xidmətini, nə avtobus xidmətini dostuna verməyib. Bu işlər hamısı tenderlə müəyyənləşir. Təklif verildi və dəstəkləndi. Hafiz Məmmədov 30 milyon pul xərclədi taksiləri Bakıya gətirmək üçün. Bəziləri iddia edirdi ki, Hafiz Məmmədov ölkəsinə ziyan vurur, korrupsionerdir, monopoliyası var. Xeyr, monopoliya filan deyil… Nəqliyyat Azərbaycanda özəl əldədir, dövlətin əlində deyil. Hər şirkət isə bu riskə razı olmazdı. Kim risk edərdi bu işi öhdəsinə götürməyə? Hafiz Məmmədov isə Fransadan kredit cəlb etdi və taksiləri gətirdi”.

Mənbə: Qafqazinfo




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir