Search
14577748342626535532_554x360

“Bank of Azerbaijan” və “Gəncəbank” əmanətçilərinə ödənilən kompensasiyanın həcmi açıqlanıb

Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Əmanətlərin Sığortalanması Fondunun verdiyi xəbərə görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 96,3 %, yəni 23 mln. 892 min  manatdan artıq kompensasiya ödənilib.

Fond ictimaiyyətin diqqətinə çatdırır ki,  30 iyul 2007-ci ildən Fonda üzv olan “Gəncəbank” ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib.

Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 04 fevral 2016-cı il tarixindən etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 83,3%, yəni  866 min manatdan artıq kompensasiya ödənilib.

Ərizə formalarını “Bank of Azerbaijan” ASC və “Gəncəbank” ASC-nin  qorunan əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC və “Gəncəbank” ASC-nin filiallarından, Agent Bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC və “Gəncəbank”ASC-nin qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir