Search
Long-Term-Care-Insurance-Agent

“Deyəsən, birləşməli olacağıq” – SIĞORTA ŞİRKƏTLƏRİNİN PLANLARI

Azərbaycanda sığorta şirkətlərinin birləşməsi prosedurunun dəqiqləşməsi sığorta bazarında dəyişiklikləri gündəmə gətirib. Söhbət rəqabətə çətinliklə davam gətirən şirkətlərin vəziyyətdən çıxması üçün birləşməsi imkanlarından gedir.
Sığorta bazarında belə şirkətlərin adı məlumdur. Fins.az-ın məlumatına görə, hazırda Azərbaycanda fəaliyyət göstərən 28 sığorta şirkətindən 6-sı həm yığdıqları sığorta haqqının, həm də həyata keçirdikləri sığorta ödənişlərinin məbləğinə görə digər şirkətlərdən qat-qat geri qalır. Fins.az-ın məlumatına görə, söhbət “Azərqarant Sığorta”, “Era Trans Sığorta”, “Günay Sığorta”, “Çartis Azərbaycan Sığorta”, “Əmrah Sığorta” və “Royal Sığorta” şirkətlərindən gedir. Onların bazar payı isə digər şirkətlərlə müqayisə olunmayacaq dərəcədə aşağıdır. Belə ki, 2013-cü ilin nəticələrinə görə, adı çəkilən 6 şirkətin yığımlarının ümumi həcmi 4,067 mln. manat təşkil edir ki, bu da ölkənin sığorta bazarının cəmi 1%-i deməkdir.
Bunlardan 2-sinin – “Günay Sığorta” və “Royal Sığorta”nın məcmu kapitalı tələblərə cavab vermədiyi üçün onların lisenziyasının qüvvəsi 2 aydan çoxdur ki, dayandırılıb. İndi bu şirkətlər əlavə səhm emissiyası ilə kapitallarını artırmağa çalışırlar.
Sığorta şirkətlərinin birləşməsi ilə bağlı qaydalar təsdiqləndikdən sonra müştəri qıtlığından əziyyət çəkən, maliyyə göstəriciləri digər şirkətlərlə ayaqlaşa bilməyən sığortaçıların birləşib-birləşməyəcəyi maraq doğurur.
“Azərqarant”: “Birləşə bilərik – amma təsisçidən asılıdır”
Şirkətin İdarə Heyətinin sədr müavini Nəriman Əzizov “Azərqarant”ın başqa şirkətlə birləşməsini mümkün hesab etsə də, deyir ki, bununla bağlı hələ ki, heç bir təşəbbüs irəli sürülməyib: “Bu məsələ yalnız şirkətin təsisçisi tərəfindən qaldırıla bilər, onun da hələ ki, belə bir fikri yoxdur”.
Xatırladaq ki, “Azərqaranat Sığorta” ASC ötən ilin yekunlarına görə cəmi 1 milyon 118,3 min manat sığorta haqqı toplayıb və bunun 276,6 min manatını ödənişə yönəldib. Bu da müvafiq olaraq bazar payının 0,28%-i və 0,23%-i deməkdir.
Əmrah Sığorta”: “Rəqabət apara bilməsək, birləşəcəyik”
İlk baxışdan “Əmrah sığorta”nın bu siyahıda olması təəccüb doğurur. Şirkətin eyni adlı “qohum” bankı var və adətən bu bağlılıq sığorta şirkətini risklərdən qoruyur. Doğrudan da  “Əmrah Sığorta”ın İdarə Heyətinin sədr müavini Rəşid Salıfov deyir ki, hələ ki, “Əmrah Sığorta” başqa şirkətlərlə birləşmək barədə deyil, bazara yeni sığorta məhsulları çıxarmaq, yığım səviyyəsini artırmaq barədə düşünür: “Əgər nə vaxtsa rəqabət imkanları tükənərsə, bazarda qalmaq üçün çıxış yolu kimi hansısa şirkətlə birləşmək məsələsinə baxıla bilər. Amma bunun üçün səhmdarları rəyi, istəyi olmalıdır və yalnız onlar İdarə Heyəti qarşısında birləşmək məsələsini qoymalıdırlar. Hələ ki, belə bir təşəbbüs yoxdur”.
Xatırlahaq ki, 2013-cü ilin yekununa “Əmrah Sığorta” 800 min manat (bazarın 0,2%-i) sığorta haqqı toplayıb və bunun 518 min (bazarın 0,42%-i) manatını ödənişə yönəldib.
“Era Trans Sığorta”: “Birləşmək də, şirkəti satmaq da mümkündür”
Sığorta bazarının reallıqlarını nəzərə alan “Era Trans Sığorta” başqa şirkətlərlə birləşməyə hazırdır. İdarə Heyətinin sədri Elşən Babayev deyir ki, sığorta bazarında rəqabət imkanları zəiflədiyindən həm başqa şirkətlə birləşmək, həm də şirkəti başqasına satmaq düşünürlər: “Bazarda rəqabət aparmaq çətinləşir, bizim maliyyə göstəricilərimiz və rəqabət aparmaq üçün imkanlarımız isə məhduddur. Ona görə də, hansısa sığorta şirkətindən bununla bağlı konkret təklif olsa, ona baxa bilərik”.
Qeyd edək ki, “Era Trans Sığorta” ASC isə 2013-cü ildə daha az, 710,5 min manat (bazarın 0,18%-i) sığorta haqqı yığıb. Bunun da 362,4 min manatı (bazarın 0,29%-i) ödənişə gedib.
“Günay Sığorta”: “Yaxşı şərtlər olsa birləşərik”
Şirkətin İdarə Heyətinin sədri İlham Əmiraslanov bildirir ki, yalnız normal kommersiya şərtləri əsasında başqa şirkətlə birləşmək olar: “Tutaq ki, bizdə kasko sığortası ilə bağlı yığım yaxşıdır, başqa bir şirkət yanğın sığortasından yaxşı qazanır. O halda birləşmək mümkündür, yəni əsas odur ki, iş birliyindən bizim şirkət itirməsin, əskinə qazansın. Amma hələ ki, buna ehtiyac yoxdur. Kapitalla bağlı problemi də yaxın günlərdə həll edəcəyik”. Ümumiyyətlə isə İ.Əmiraslanov birləşmə məsələsinin birbaşa təsisçinin ixtiyarında olduğunu deyir.
Xatırladaq ki, “Günay Sığorta” ASC ötən il 383,8 min manat (bazarın 0,09%-i) sığorta haqqı toplayıb və 84,5 min manat  (bazarın 0,07%-i) ödəniş edib.
“Royal Sığorta”: “Çalışırıq kapitalı artıraq, alınmasa birləşə bilərik”
Şirkətin İdarə Heyətinin sədri Nüsrət Babayev deyir ki, hələlik şirkət yalnız kapitalla bağlı Maliyyə Nazirliyinin qoyduğu tələbi yerinə yetirmək və bazarda müstəqil oyunçu kimi fəaliyyət göstərmək niyyətindədir. Amma birləşmə də istisna deyil: “İşimiz alınmasa, onda birləşmə məsələsinə baxa bilərik”.
Ötən il “Royal Sığorta”nın yığım və ödənişlərinin məbləği isə müvafiq olaraq 128,3 min manat (bazar payının 0,03%-i) və 4,6 min manat təşkil edib.
“Çartis Azərbaycan Sığorta”: “Ümumiyyətlə bazarı tərk edirik”
Sığorta bazarının daha bir “problemli” iştirakçısı “Çartis Azərbaycan Sığorta” isə bu sahədə fəaliyyət ümidini itirib. Şirkətdən fins.az-a verilən məlumata görə, “Çartis Azərbaycan Sığorta Şirkəti” ASC fəaliyyətinin dayandırmağa hazırlaşır. İndi şirkət yalnız indiyə qədər bağladığı müqavilələr üzrə öhdəliklərini yerinə yetirməklə məşğuldur: “Çox güman ki, ilin sonuna qədər Azərbaycanın sığorta bazarını tərk edəcəyik”. Qeyd edək ki, 2013-cü ilin nəticələrinə görə. “Çartis Azərbaycan” cəmi 927,6 min manat sığorta haqqı (bazarın 0,23%-i) yığıb, 412,8 min manat (bazarın 3,36%-i) ödəniş edib.
fins.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir