Search
merger.jpg.crop_display

Bu bankların birləşməsi hələ sual altındadır

“Qafqaz İnkişaf Bankı” və “Atrabank”ın birləşməsi barədə məhkəmə qərarı olsa da, Azərbaycan Mərkəzi Bankı (AMB) bu qərardan Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Bunu “Qafqaz İnkişaf Bankı”nın Müşahidə Şurasının sədri Eldar İsmayılov bildirib: “AMB bu bankların birləşməsinin qəti şəkildə əleyhinədir, ona görə də, konsolidasiya barədə məhkəmə qərarının ləğv olunmasına çalışır. Baxmayaraq ki, ölkə prezidenti bankların birləşməsinin vacibliyini dəfələrlə bildirib”.

Bununla belə, AMB-nin banklarla bağlı səlahiyyətləri yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına keçib. Buna görə də, “Qafqaz İnkişaf Bankı” avtomatik olaraq məhkəmədə AMB ilə deyil, Palata ilə üz-üzə gəlməlidir. Bunu da Eldar İsmayılov deyir: “Biz ümid edirik ki, Palata bu məsələyə AMB-dən fərqli yanaşacaq, məhkəmə iddiasından əl çəkəcək və bankların birləşməsinə mane olmayacaq”.

Eldar İsmayılov rəhbərlik etdiyi bankda əmanəti olan 165 nəfərin təxminən 12 milyon manat məbləğində əmanətinə də aydınlıq gətirib. Onun sözlərinə görə, hələ ki, əmanətçilərin pulu verilməyib: “Əmanətləri qaytarmaq üçün məhkəmə qaydasında bank müflis elan edilməlidir, ləğvetmə prosesi başlanmalıdır. Bundan sonra sığortalı əmanətləri Əmanətlərin Sığortalanması Fondu, sığortasız əmanətləri isə ləğvetmə prosesində biz qaytarmalıyıq. Amma bizim bank hələ ki, o mərhələdə deyil və konsolidasiya yolu ilə bazara qayıtmağa hazırlaşır. Bu baş tutsa, əmanətlərin qaytarılması məsələsinə baxıla bilər. Hələ ki, bu məsələ qalıb”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir