Search
avtomobil9291

Sığorta bazarı niyə zəifləyib? – ARAŞDIRMA

Avtomobil kreditlərinin verilməsinə qoyulan məhdudiyyətlər sığorta sektorunda ciddi təsir göstərməyə başlayıb. Belə ki, ilin birinci rübündə sığorta yığımlarının artım dinamikasında kəskin azalma müşahidə olunur. Hətta 10-dan çox şirkətdə ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımlarında göstəricilər mənfi olub.

I rübün ayrı-ayrı sığorta sinifləri üzrə yığılmış sığorta haqlarının dinamikasına nəzərə yetirdikdə, əsas azalma əmlak, hava nəqliyyatı vasitələri sahiblərinin mülki, kredit sığortalanmasında baş verib. Əmlak arasında isə avtonəqliyyat vasitələrinə vətəndaşlar tərəfindən ödənilən vəsaitlər 25 faiz azalıb. Könüllü və icbari sığortalanma hadisələrində isə həyat sığortasının həcminin nəzərə çarpacaq həddə artması maraq kəsb edir.

Qeyd edək ki, yanvar-mart ayları üzrə yığımlarda əsas azalma baş verən şirkətlərdən biri də «Başak İnam»dır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma tendensiyası 9,7%-dir.

«Başak İnam» Sıgorta şirkətində Biznesin İnkişafı Departamentinin direktoru Hikmət Allahverdi bildirib ki, avtomobil kreditlərinə qoyulmuş məhdudiyyətlər, ümumilikdə sığorta sektorunda avtomobil sığortası üzrə yığılmış sığorta haqqlarının azalmasına səbəb olub: «2013-2014-cü illərin I rübünə görə təxminən 25 faiz azalma müşahidə edilib. Amma anoloji dövr üçün «Başak-İnam» Sığorta Şirkəti olaraq «avtonəqliyyat vasitələrinin sığortası» üzrə sığorta haqqlarının yığımında  1,7  faiz artım əldə etmişik. Bu, əslində şirkətimizin bu sığorta növündə bank kanalından asılılığının olmamasına və ya çox az olmasına dəlalət edir. Sığorta haqlarının toplanmasında «bank kanalı»nın rolunu inkar etmək olmaz, sadəcə satış mütəxəsislərimizin, agentlərimizin fəaliyyəti bəzi itkiləri kompensasiya etməkdə kömək etdi».

H.Allahverdi əlavə etdi ki, şirkətlərinin yığımlarının sözügedən dövrdə azalmasında digər faktorlar da rol oynayıb: «Məsələn, bu ilin əvvəlindən bütün qeyri-həyat sığortaları üzrə fəaliyyət göstərən şirkətlərin «fərdi qəza və xəstəlik sığortası»nı aparması haqqında nəzarətedici orqan tərəfindən qoyulmuş qadağa. İndiyədək portfelimizdə xüsusi çəkisi olan bu sığorta növünün dayandırılması portfelimizdə ciddi itkiyə səbəb oldu. Doğrudur, alternativ məhsul bazara təqdim etmişik, amma bu məhsulun satışının əvvəlki tempi yaxalaması üçün müəyyən vaxta ehtiyac var.

Digər bir səbəb, ipoteka kreditlərinin verilməsinin 1-ci rübdə azalması (şirkətdə partnyor banklar üzrə), «ipotekaya qoyulmuş əmlakın sığortası» növü üzrə sığorta haqlarının yığımında azalmanı labüd etdi. Başqa  tərəfdən, əvvəllər ipoteka krediti götürən şəxslərə bayaq bəhs etdiyim «fərdi qəza və xəstəlik sığortası» satılırdı. Bu, İpoteka Fondunun tələbi idi,  hazırda kredit götürənlərin həyatı sığortalanır. Məlum səbəbdən o portfeli də itirdik».

Müsahibimizin sözlərinə görə, avtomobil kreditlərinin dayandırılması yığımlarda azalmaya səbəb olmaqla yanaşı, bu, həm də sığorta sektoruna ciddi bir siqnal oldu: «Sığorta şirkətləri portfelin sığorta növləri və satış kanalları üzrə diversifikasiya edilməsində diqqəti artırmalıdırlar. «Başak-İnam» Sığorta Şirkəti olaraq bu yöndə addımlar atmağa davam edirik. Artıq «avtonəqliyyat vasitələrinin sığortası»nın əhali arasında satışını artırmaq məqsədilə, əksər avtomobil sahibinin ala biləcəyi məhsul paketləri çıxarmağı qarşımıza məqsəd kimi qoymuşuq. Yeni sığorta paketimiz-«Sürpriz Kasko» bu qəbildəndir. Bu sığorta paketi özündə 3 sığorta növünü («avtonəqliyyat vasitələrinin sığortası», «sürücü və sərnişinlərin fərdi qəza sığortası» və «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası») və 6 əlavə xidməti (evakuator, ayıq sürücü, təkər təmiri, yanacaq çatdırma, hüquqi məsləhət, alternativ avtomobil) birləşdirir. Bütün bunlar üçün müştəri sadəcə 59 manat ödəməlidir. Bu məhsul üçün ayrıca internet səhifə də yaradılıb ki, müştərilər daha asan məlumat ala bilsinlər. Düşünürük ki, bu məbləği ödəyə biləcək çox sayda sürücü tapılacaq. Hətta digər sığorta şirkətində sığortalı olan avtomobil sürücüləri də azadolma məbləğini , köhnəlmə faizini bu məhsulu almaqla tamamlaya bilər. Çünki həm xidmətlərin çoxluğu, həm də qiymətin, sığorta haqqının az olması bu məhsulu cəlbedici edir. Digər tərəfdən bu sığorta məhsulu eyni zamanda daha 2 sığorta məhsulunu-«sürücü və sərnişinlərin fərdi qəza sığortası» və «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası»nı təşviq edir».

Şirkətlərin itirdikləri avtomobil sığortası bazarına hansı sektorlar əvəz edə bilər? Şirkətin nümayəndəsi bildirdi ki, avtomobil sığortasını əvəz edə biləcək sahələr arasında aqrar, inşaat sektorunda böyük potensial var. H.Allahverdi kənd təsəsrrüfatı sığortaları üzrə fəaliyyət göstərən üç şirkətdən biri olduqlarını dedi: «Bu sahədə dünya təcrübəsinə sahib olan ortaqlarımızdan da dəstək almaqdayıq, bunlar bizə əsas verir ki, bu sığorta növü üzrə fəaliyyətimizi genişləndirək. Bu sahədə risklə bərabər, ciddi potensialın olduğunu düşünürük. Eyni zamanda «Avtonəqliyyat vasitələrinin sığortası» üzrə də potensial tükənməyib. Sual oluna bilər ki, respublikada olan avtomobillərin neçə faizi sığortalanıb ki?

İnşaat sektorundakı canlanma «inşaat sığortaları»nın potensialını artırır və s. sahələri qeyd etmək olar»-deyə müsahibimiz vurğuladı.

Mənbə: Bizimyol




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir