Search
hadi_receblih

Biznes təlimləri başlayır – Hər ailənin öz biznesi

Azərbaycan hökumətinin əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı gördüyü işlər çərçivəsində 395 min ölkə vətəndaşı işlə təmin olunacaq. Bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Kənd təsərrüfatı, turizm, xidmət

Onun sözlərinə görə, bu məqsədlə Azərbaycanda kənd təsərrüfatı, turizm və xidmət sektorlarının inkişaf etdirilməsi nəzərdə tutulub: “Əgər biz əmək ehtiyatları çox olan ölkələrin təcrübəsinə baxsaq görərir ki, bu 3 istiqamət diqqəti daha çox cəlb edir və dövlət də həmin sektorlara daha çox vəsait ayırır”.

Xatırladaq ki, bu il aprelin 7-də Prezident İlham Əliyev əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət başçısının ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon manat ayrılıb.

Biznes təlimləri olacaq

Sərəncamın icrasının detalları barədə isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli danışıb. Onun sözlərinə görə, sərəncam çərçivəsində Azərbaycanın 68 şəhər və rayonun hər birinə 2 təlimçi ayrılacaq və onlar vətəndaşlara öz biznesini qurmaqda kömək edəcəklər: “Bu məsələ ilə əlaqədar biz Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq edirik, təlimçilərin işi ilə bağlı bu gün də qurumun ekspertləri ilə müzakirələr apardıq. İlkin mərhələdə hər hər rayonda 15-20 ailə seçiləcək. Təlimçilər həmin ailələrə biznesini qurmaq üçün təlim keçəcək. Bu təlimin sonunda həmin ailələrin biznes planı olacaq. Bu da onlara özlərinin məşğulluğunu təmin etməyə imkan verəcək. Sonrakı mərhələdə yeni ailələr seçiləcək. Bunun üçün yerli məşğulluq mərkəzləri prioritet istiqamətləri, əmək bazarının imkanlarını müəyyən edəcəkklər və təlimlər də həmin istiqamətlərə uyğun olacaq”.

Nağd pula ümid etməyin

Nazir müavini qeyd edib ki, təlimin sonunda biznes plana malik olacaq ailələrə işə başlamaq dövlət lazımi dəstəyi verəcək: “Heç kim düşünməsin ki, prezidentin ayırdığı vəsait nağd pul kimi onlara veriləcək. Ailələr biznezlərini qurmaq üçün lazımi xidmət və avadanlıqlarla təmin ediləcək. Həmin avadanlıqlar da sığorta olunacaq. Biznesin səmərəli icrası da nəzarət ediləcək”.

Mətin Kərimlinin sözlərinə görə, təmsil etdiyi qurum ötən il BƏT ilə birlikdə Göyçay rayonunda “Öz biznesinə başla” adlı layihə həyata keçirib: “Bu layihənin məqsədi 21 gənc seçmək və onlara öz bisnesini qurmaqda şərait yaratmaq idi. Həmin gənclərdən biri istixana açdı, bu gün öz gəlirini təmin edir. Həmçinin Şamaxı rayonudna Türk İş və Koordinasiya Agentliyi (TİKA) bir layihə həyata keçirdik. Bu rayonda isə 11 əlilliyi olan gənc seçilmişdi. Təlimdən sonra həmin gənclər arıçılıq üçün lazım olan mal və avadanlıqlarla (pətək, arı ailəsi və s.) təmin edildi. Bu kimi layihələrə bizə passiv sosial müdafiədən aktiv məşğulluğa keçmək imkanı yaradır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir