Search
ADİF

Azad Cavadov: Fondun ehtiyatında 40 milyon manat qalıb

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov məsələylə bağlı açıqlama verib. Onun sözlərinə görə, “Əmanətlərin tam sığortalanması haqqında” qanun 2019-cu ilin martına qədər qüvvədə olacaq, amma müddətin uzadılması istisna deyil: “Ola bilər ki, ondan sonra da vaxt uzadılsın. Lakin qanunun geriyə qüvvəsi mümkün deyil”.

Azad Cavadov onu da bildirib ki, artıq rəhbərlik etdiyi qurum “Texnikabank”, “Bank of Azerbaijan” və “Gəncəbank”ın əmanətçilərinə 93 milyon manat kompensasiya ödəyib. Fondun ehtiyatında 40 milyon manat qalıb.

A.Cavadov əlavə edib ki, gələcəkdə Fonda üzv olan kommersiya banklarının ödədiyi sığorta haqlarının həcmi risk dərəcəsinə görə dəyişə bilər: “Artıq muvafiq qanun layihəsi hazırlanır və bankların risk dərəcəsinə görə onlardan əmanətlərin sığortalanması üçün yığılan faizlər dəyişə bilər”

ƏSF başçısı həmçinin əlavə edib ki, banklardan rüblük yığım 7 mln. manata qədər olmalı idi, lakin bu aydan qorunan əmanətlərin həcmi artdığına görə, həmin məbləğin 7 mln. manatdan artıq olacağı gözlənilir.

A. Cavadov qeyd edib ki, bağlanan 3 bankda vahid Avropa valyutasında 5 mln. avroluq əmanət olub: “Bunun cəmi 500 min avroluq hissəsi ödənilib”.

Bununla belə, ƏSF yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankından kredit cəlb etməyi planlaşdırmır.

“Əgər AMB-dən vəsait cəlb ediləcəksə, bu, yalnız manatla olacaq”, – o bildirib.

O həmçinin qeyd edib ki, bu gün ölkədə əmanətlərin 85%-i dollarla, geridə qalan hissəsi isə manatla banklarda yerləşdirilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir