830146_480010

“Beynəlxalq Bank”ın problemli kreditləri ilə bağlı komissiya yaradıldı

Nazirlər Kabineti “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə qərar verib.

Müsabiqə Komissiyasının sədri maliyyə nazirinin müavini Azər Bayramov, Komissiyanın üzvləri İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal şöbəsinin müdir müavini Bayram Rzayev, Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsi müdirinin müavini, daxili audit sektorunun müdiri Mehman Səfərov, Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinin böyük məsləhətçisi Tehran Mehdiyev və “Aqrarkredit” QSC-nin İdarə Heyəti sədrinin müavini Cahangir Kərimov təyin ediliblər.

Müsabiqə Komissiyasına tapşırılıb:

“Aqrarkredit” QSC-nin əsaslandırılmış təklifləri əsasında:

– əmlakların satılması və ya kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərar qəbul etsin;

– satılmasına dair qərar qəbul edilmiş hər bir əmlak üzrə seçilmiş nüfuzlu müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmaqla, ilkin satış qiyməti barədə müvafiq qərar qəbul etsin;

– əmlakların açıq hərraclarda satışı məqsədilə ixtisaslaşdırılmış təşkilatların seçilməsini təmin etsin;

– əmlakların kənar idarəçilərə idarəetməyə verilməsinin üsullarını (birbaşa müqavilə və ya müsabiqə əsasında), şərtlərini, tələblərini və müddətini müəyyən etsin;

“Aqrarkredit” QSC-yə tapşırılıb:

– əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi məqsədilə hazırlıq işləri aparsın, həmin əmlakın qiymətləndirilməsi və satışı üçün müstəqil qiymətləndirici, ekspert, əmlakın növündən və mürəkkəbliyindən asılı olaraq isə kənar məsləhətçi cəlb edilməsi ilə bağlı tədbirlər həyata keçirsin;

– hər bir əmlakın satışı üzrə tələb olunan məlumatları, o cümlədən əmlakın tərkibi, vəziyyəti, texniki parametrləri və ilkin satış qiymətinin formalaşmasına dair digər əsaslandırılmış göstəriciləri Müsabiqə Komissiyasına təqdim etsin;

– ipoteka (girov) predmeti olan və borc tələbi yönəldilmiş əmlakların satılması vəziyyəti ilə bağlı mütəmadi olaraq Müsabiqə Komissiyasına məlumat versin;

– əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi zamanı qanunvericiliyə uyğun olaraq tələb olunan hüquqmüəyyənedici sənədlərin hazırlanmasını təmin etsin.

Komissiya və QSC görülmüş işlər barədə Nazirlər Kabinetinə hesabat təqdim etməlidirlər.

Komissiya iclasda 5 üzvündən 4-nün iştirakı şərtilə qərar qəbul edə bilər.

Trend

 

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir