Search
overseas-620x350

Xarici investorlar güzəşt edəcəkmi

Azərbaycanın bank olmayan kredit təşkilatları (BOKT) devalvasiyadan sonra düşdükləri vəziyyətdən çıxmaq üçün əməkdaşlıq etdikləri investorlardan texniki dəstək gözləyir. Bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva məlumat verib.

“Müəyyən metodologiyalara ehtiyac var”

Onun sözlərinə görə, söhbət əsasən yığım səviyyəsini artırmaq, xərcləri azaltmaq üçün yeni texnologiyaların tətbiqindən gedir: “Məqdəsimiz odur ki, investorlar bizim kredit təşkilatlarında tərəfdaş kimi baxsınlar, sadəcə investisiya ayırıb kənara çəkilməsinlər. Burada sosial məsuliyyət, inkişaf strategiyası kimi məsələlər var. Hesab edirik ki, onlar məhz indiki çətin vəziyyətdə BOKT-lara texniki dəstək verməli, əməliyyat xərclərini azaltmaqda, yığıma artırmaqda yeni texnologiyaların tətbiqinə kömək etməlidir. Müəyyən metodologiyalar ola bilər. Bu, beynəlxalq təcrübədə də var. Mütləq deyil ki, pul formasında dəstək verilsin”.

“Dollar borcları manatla qaytarıla bilər, amma …”

Jalə Hacıyeva deyib ki, hazırda BOKT-lardan kredit götürənlər borcun manata çevrilməsini istəyirlər. Amma bu, həm də BOKT-a borc vermiş investorların valyuta məsələsində güzəştə getməsindən asılıdır: “Kredit təşkilatının özünə güzəşt olunsun ki, o da güzəşt etsin. Xarici investorlar bunu edə bilərlər, amma onda azı illik 20%-lə o borcu hesablayacaqlar. Bu da bir investorun işi deyil. Onlar birlikdə müzakirə edirlər ki, hansı formada güzəştə gedə bilərlər. Elə investor var ki, onun burada 3-4 tərəfdaşı var. Güzəşt olunsa hamısına edilməlidir”.

          Xarici tərəfdaşlara gündəlik məlumat verilir

Onun sözlərinə görə, BOKT-lar investorlardan güzəşt əldə etmək üçün onları az qala gündəlik olaraq mövcud vəziyyət barədə məlumatlandırırlar: “BOKT-lar 2-3 gündən bir, bəzən həftədə 1 dəfə investorlara məlumat verirlər, ödənişlərin səviyyəsini çatdırırlar ki, onlar dinamikanı görsünlər, bilsinlər ki, vəziyyət necədir, yəni iş gedir. İndi problem təkcə bir təşkilatda deyil, sektor özü problem içindədir”.

Söhbət ölkənin adından gedir

Jalə Hacıyevanın sözlərinə görə, Azərbaycan BOKT-larının xarici investorlarla gələcək əməkdaşlığı onlarla yanaşı həm də bankların vəziyyətindən, ümumilikdə ölkənin imicindən asılıdır: “Biz xarici borc haqqında danışanda banklar və BOKT-lar arasında ayrı-seçkilik qoymuruq. Əgər investor qoyduğu pulu götürməkdə çətinlik çəkirsə, artıq kredit komitəsində gələcək inkişaf strategiyası müzakirə olunarkən ümumilikdə ölkə ilə bağlı qərar verilir, alternativ ölkə seçilir. Yəni, burada söhbət ölkənin adından gedir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir