Search
10125462-1-5059e761f0aef795ab49d25899c70d70

Yerli Bank üçün Hazırlanmış “Game of Banks” Posteri və Dünya Təcrübəsi

Kapital Bank öz Facebook səhifəsindən “Game of Banks” adlı konseptual posterini yayımladıqdan sonra bir sıra insanlar HBO-nun brend vəkili roluna girdilər. Yaradıcılığın tənqidi yox, hüquqi aspektlərdən daha çox danışıldı.

Bir poster ətrafında gedən uzun müzakirələr

Rəqəmsal Marketinqdə bu günün müzakirə və qalmaqal mövzusu Kapital Bankın “Game of Banks” məzmunlu posteri oldu. Məsələnin birbaşa iştirakçısı olaraq bu barədə yazmaq qərarına gəldim. Beləliklə, mövzuya əvvəlcə iki prizmadan yanaşaq: Problemlər və Marka Məlumatlılığı. (Qısaldılmış sözlər: GOT (Game of Thrones), KB (Kapital Bank))
Problem #1.  Birinci problem odur ki, köhnə trend olub, hətta insanları bezdirdiyi üçün qınanılan “Be like Bill” söhbəti (Əhməd kimi ol) real-time trend olan ‪#‎GOT‬ və ‪#‎Tyrion‬-a qarışdırılmamalı idi. Əgər hər ikisi real-time trending olsaydı, daha yaxşı tutardı. Kopiraytinq məsələsində problem var və bu da avtomatik olaraq kreativin (ideya = mətn və vizual) çatışmazlığını göstərir. Qeyd edək ki, vizual Endorphinə aiddir.

Problem #2. Post edilən andan indiyə kimi məsələnin intellektual hüquqi tərəfləri müzakirə olunmağa başlanıldı. Əvvəl Caps kimi yanaşmaq olar təklifi etdim, lakin məlum oldu ki, korporativ loqo varsa, kommersial qurumdursa, burada Caps söhbəti gücdən düşür. Bu barədə bildiklərim odur ki, GOT-un Azərbaycanda rəsmi nümayəndəliyi yoxdur, rəsmi yayım hüququ da heç kimdə yoxdur. Ancaq bu o demək deyil ki, dərəbəylikdir, bu beynəlxalq intellektual hüquq məsələləri lokal nümayəndəlik olmayanda necə qorunur və ya işləyir, bilən varsa, məlumat verməyi daha düzgün olar. Nəzərə alaq ki, KB yerli markadır və beynəlxalq xarakter daşımır.

Məlumatlılıq #1. KB öz xidmətini təklif etmir, sadəcə mesaj verir ki, borcu ödəyin. Analoji olaraq başqa bir fikri bildirim: Bill Gates (baxmayaraq ki, personaj deyil, real şəxsdir) vizualı ilə insanları “pirat windows-lardan istifadə etməyin,”-deyə çağırır. Prinsipcə, ‪#‎Windows‬-u (bizim halda GOT-u tanıdır) Bu, bir növ GOT üçün evangelist marketinqinə çevrilir. Yəni ki, KB bu seriala baxır, siz də baxın. Baxanlarda isə loyallıq yaradır.

Məlumatlılıq #2. Azərbaycanda Facebookda cəmi 22.000 GOT, 307.939 KB izləyicisi var. Əgər burada reklam gedirsə, KB GOT-u reklam edir kimi anlaşılır. KB öz loyal müştərilərinə yuxarıdakı subliminal mesajı verir.

Məlumatlılıq #3. İntellektual hüquq məsələlərində həssas olan, ancaq bir çox şeylərdə özlərinin də bu hüquqları pozmuş olan sadə xalq nümayəndələri bilərəkdən və ya bilməyərəkdən bu postu məşhurlaşdırdılar. Bir sözlə, post virallaşdı.

Bəs Dünya Təcrübəsi Bu Barədə Nə deyir? – Heinz Braziliya

Bəs Dünya Təcrübəsi Bu Barədə Nə deyir?  - Heinz Braziliya

Heinz Braziliya “Heinz of Fomes” portuqal dilində “Fome” aclıq deməkdir adlı layihə sifariş verib, Africa Kreativ Agentliyi reallaşdırıb. Yuxarıda sadəcə iki posteri yerləşdirilib. Birinci postun tərcüməsi: “İdeal Antidot” ancaq podium pomidorları. İzahı: Filmdə #Joffrey-nin şərabına zəhər qatılıb, öldürülür. Heinz isə öz Ketçupunu ideal anti-zəhər kimi təqdim edir.

İkinci postun tərcüməsi: “Ən yaxşı dad”a gedən yolun sahibi artıq var. İzahı: Filmdəki “Böyük Divar”a işarə edir. Məsələnin müəllif hüquqları ilə bağlı isə hər hansı bir məlumat tapmaq olmur.

Pepsi Belçika

Pepsi Belçika

Pepsinin bu layihəsinin reallaşma mərhələləri Behance-da açıq göstərilib. Buzz in Box agentliyi posteri hazırlayıb, məsələ təkcə poster deyil, posterdəki görüntü də realdır.  Posterin adı “Game of Straws” (Çöp Oyunları), sloqanı isə “Thirst is coming…” (Susuzluq gəlir). Sloqan filmdə Stark ailəsinin “Winter is coming” şüarının adaptasiya edilmiş formasıdır.  Bu layihənin də müəllif hüquqları ilə bağlı bir məqam ilə rastlaşmadım.

Yuxarıda qeyd edilən şirkətlər beynəlxalqdır və böyük ehtimalla hüquq məsələləri şirkətlərin özləri tərəfindən tənzimlənib, əgər, əlbəttə ki, #HBO-nun belə tələbi varsa.

Türkiyədə hətta bu mövzuda daha irəli gediblər. Bir neçə nümunə:

Türkiyədə hətta bu mövzuda daha irəli gediblər. Bir neçə nümunə:

İntellektual Mülkiyyət məsələləri

Qayıdaq intellektual mülkiyyət məsələsinə. Məlum oldu ki, hazırlanan poster səhifənin öz adından paylaşılmayıbsa, marka həmin poster üçün məsuliyyət daşımır. Fikir versək, görərik ki, Türkiyə misalında olan bütün markalar öz səhifələrindən paylaşıblar. Məsələ bundadır ki, bu sadəcə posterdir. Layihə və ya çap materialı deyil. Ona görə də, yəqin ki leqallıq mövzularından bu nüanslar nəzərə alınıb. Əgər #StarWars onun vizualından istifadə edən dönərçini də məhkəməyə versəydi, o zaman indiki kimi reytinqli qalmazdı.

SMM sahəsi ilə məşğul olan insanlar qlobal və lokal trendləri izləməlidirlər və bununla real-time marketinq həyata keçirirlər. Əgər hər poster üçün hüquqi problemlər yaranarsa, onda real-time anlayışı nostaljiləşər.

Kütlənin reaksiyası

Kütlənin reaksiyası

Sosial Mediada yerləşdirilən hər hansı bir postun ən birinci məqsədi keyfiyyətlə yanaşı, geniş müzakirələrə səbəb olmasıdır. Bu müzakirə hər iki istiqamətdə ola bilər – müsbət və ya mənfi, qərəzli və ya qərəzsiz.

Məsələn, pirat rus və türk film saytlarından pulsuz serial izləyən, #Torrent-dən endirərək müəllif hüquqlarına məhəl qoymayan insanın həmin serialın bu cür posterdə istifadəsi zamanı müəllif hüquqlarını düşünməsi qərəzli olduğu qədər, bir az ironik təəssürat bağışlayır. Bunu yerli markaya qarşı inadkarcasına vurğulamaqları “arxadan zərbə” xarakteri kimi dəyərləndirilə bilər.

Poster ətrafında getmiş söhbətləri daha dərindən izləsək, görərik ki, marka ilə şəxsi problemi olan marketinq sahəsi ilə məşğul olan insanlar, intellektual sayılan şəxslər daha çox qınayır, nəinki sadə camaat. Məsələnin həmkarlar arasında belə qalmaqalla qarşılanması isə posteri virallaşdırmağa kömək edib. Rəqəmsal marketinq ilə məşğul oldularını, yaradıcı yanaşdıqlarını iddia edən şəxslər məsələnin yaradıcılıq tərəfini müzakirə etməli, tənqid etməlidirlər. Hüquq məsələləri ilə isə hüquqşünaslar məşğul olur.

Pahoo.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir