Search
397b996e7790ac2a7452e2ba04dc8311_XL

“Unibank” yeni universal kartını təqdim etdi

“Unibank” ölkə bazarı üçün yeni olan kart məhsulunu – “Albalı Plus” kartını təqdim edib.

“Marja”nın məlumatına görə,  “Four Seasons” otelində keçirilən təqdimat mərasimində “Unibank” ASC-nin Marketinq üzrə direktoru Yevgeniy Soltanov bildirdi ki, 2013-cü ilin ortalarından etibarən “Albalı” kartı ilə yenilik edilməsi üzərində düşünülməyə başlanılıb.

“Bu məhsul bazarda yenilik olmalı, bir kart müştərilərin bir neçə ehtiyaclarına cavab verməli idi. Altı ay davam edən işlər nəticəsində “Albalı Plus” kart məhsulu yaradıldı”,- o dedi.

Yevgeniy Soltanov qeyd etdi ki, ötən bir il yarım müddət ərzində 200 mindən çox “Albalı” kartı satılıb. Hazırda kartın partnyoru olan mağaza və xidmət müəssisələrinin sayı isə 1000-dən çoxdur.

NAĞDSIZ ÖDƏNİŞLƏRƏ TÖHFƏ

Təqdimat mərasimində “Unibank”ın İcraçı direktoru (CEO-su) Cəlal Qasımov çıxış edərək bildirdi ki, bank sektorundakı inkişaf, sağlam rəqabət digər ölkə bankları kimi “Unibank”ı da həvəsləndirir, daim öz məhsullarını yeniləməyə sövq edir. “Albalı Plus” da sırf bazarın təlabatı, partnyorların və müştərilərin ehtiyacından yaranan bir məhsuldur: “Bildiyiniz kimi, dövlət tərəfindən bank sektorunun inkişafına, nağdsız ödənişlərin artmasına xüsusi diqqət yetirilir. Mərkəzi Bank da hər zaman nağdsız ödənişlərin miqyasının genişləndirilməsini prioritet  sayır və banklara bu istiqamətdə tövsiyələrini verir. Biz əminik ki, “Albalı Plus” ölkədə bu istiqamətdə görülən tədbirlərə öz töhfəsini verəcəkdir”.

BU KART MÜŞTƏRİNİN ŞƏXSİ BANKIDIR

Cəlal Qasımov yeni kart haqqında qısa məlumat verərək bildirdi ki, “Albalı Plus”u “Müştərilərin şəxsi bankı” da adlandırmaq olar: “Bizim əməkdaşlar öz aralarında  “Albalı Plus”u “Müştərilərin şəxsi bankı” adlandırırlar.  Müştəri istəsə bu kart vasitəsilə kredit götürə, banka gəlmədən sərfəli şərtlərlə depozit yerləşdirə, taksit kartı kimi istifadə edə, komunal xidmət haqlarını və digər ödənişləri həyata keçirə bilər”.

“ALBALI PLUS” NƏDİR?

Mərasimdə “Unibank”ın Biznesin inkişafı üzrə direktoru Taleh Tahirli “Albalı Plus” kartı haqqında ətraflı məlumat verdi. O bildirdi ki, “Albalı Plus” özündə 4 bank məhsulunu – kredit kartı, taksit kartı, komissiyasız kart və depozit kartı funksiyalarını birləşdirən unikal bank məhsuludur. Kart beynəlxalq kartdır, dünyanın istənilən ölkəsində əməliyyat etməyə imkan verir. Bu işdə “Unibank”a “MasterCard” dəstək göstərir.

KREDİT XƏTTİ

Taleh Tahirli bildirdi ki, “Albalı Plus”da birləşdirilmiş birinci məhsul onun kredit kartı funksiyasına malik olmasıdır.  “Albalı Plus”, “MasterCard” loqosu olan istənilən satış nöqtəsində kredit xəttindən istifadə edilərək alış-veriş etməyə imkanı verir. İstifadə edilən müddətdə kart sahibinə 40 gün güzəşt müddəti də təqdim olunur.

TAKSİT KARTI

Kartda birləşdirilmiş ikinci məhsul “Albalı” taksit kartının olduğu kimi saxlanılmasıdır: “Yəni, bu gün kart sahibləri 1000-dən çox partnyor şəbəkəsində 18 ayadək hissə-hissə (taksitlə) ödənişlərini edə bilərlər”.

KOMİSSİYASIZ NAĞDLAŞDIRMA

Kartın əhatə etdiyi üçüncü bank məhsulu Komissiyasız kartdır. Bu imkan kart sahibinə  öz şəxsi vəsaitini güzdanında nağd şəkildə deyil, kartında saxlamağa stimul verir: “Stimul ondan yaranır ki, bu gün bir çox bank kartlarında olan vəsaitin nağdlaşdırılması zamanı müəyyən komisyon haqqı tutulur. Biz belə qərara gəldik ki, “Albalı Plus” kartının sahibi öz vəsaitini, məsələn maaşını asanlıqla bu kartına köçürüb saxlayaraq, istədiyi vaxt “Unibank”ın geniş ATM şəbəkəsindən tamamilə komissiyasız nağdlaşdıra bilsin”.

DEPOZİT KARTI

“Albalı Plus”un təqdim etdiyi dördüncü imkan kart sahibinin öz vəsaitini komissiyasız nağdlaşdırmaqdan əlavə onu hesabında saxlayaraq əlavə gəlir əldə edə bilməsidir. Belə ki, müştərinin vəsaiti hesabında olduğu müddətdə ona gündəlik əsasda faiz gəlirləri hesablanır.

Taleh Tahirli qeyd etdi ki, “Albalı Plus” 3 dizaynda təqdim olunacaqdır. Yaxın günlərdə məhsulun geniş reklam kampaniyasına başlanılacaqdır.

Təqdimat mərasiminin sonunda Bankın Marketinq üzrə direktoru Yevgeniy Soltanov “Marja”ya bildirdi ki, “Albalı Plus” kartını əldə etmək üçün iş yerindən arayış və şəxsiyyət vəsiqəsilə  banka yaxınlaşmaq lazımdır. Kredit limiti kredit inspektoru tərəfindən müəyən olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir