Search
amcham

Tranzit koridorlarına yenidən baxış keçirildi

Martın 14-də “Fairmont Baku” otelində Azərbaycanda Amerika Ticarət Palatası və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkil etdiyi “Gömrük sistemində inkişaf və gələcək perspektivlər” mövzusunda konfrans keçirilib.

Konfransda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Komitə sədrinin müavinləri və baş idarə rəisləri, Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti İlqar Vəliyev və Palatanın üzvü olan şirkətlərin nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti İlqar Vəliyev konfransın əhatə etdiyi mövzunun önəmini vurğulayıb və bu kimi görüşlərin ümumi işə faydasını, eləcə də gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin dərinləşməsində mühüm rol oynadığını nəzərə çatdırıb. O, əmin olduğunu bildirib ki, konfrans gömrük-biznes sahəsində qarşıda duran vəzifələri bir daha müəyyənləşdirmək və inkişaf yollarını aramaq işinə öz töhfəsini verəcək.

Sonra çıxış üçün söz alan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev konfrans iştirakçılarına Azərbaycan gömrüyünün inkişaf yolu, eləcə də gömrük xidmətinin ölkə iqtisadiyyatındakı rolu, iqtisadi təhlükəsizliyin təminatı, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi sahəsində atılan addımlar barədə məlumat verib.

Son illər dünyada baş verən iqtisadi təlatümlərin Azərbaycan iqtisadiyyatı üçün də yeni prioritetlər yaratdığına diqqət çəkən Aydın Əliyev ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, gömrük işinin günün tələbləri səviyyəsində qurulması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi qərarların və dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların inqilabi xarakter daşıdığını vurğulayıb.

Daha sonra konfransda Azərbaycanda Amerika Ticarət Palatasının üzvü olan şirkətlərin nümayəndələri “İxracın stimullaşdırılmasında gömrük orqanlarının rolu və bu sahədə dünya praktikası”, “İdxal prosesində gömrük orqanlarının rolu və gömrük sferasında gələcək perspektivlər”, “Yeni tranzit koridorlarının aktuallığı. Mövcud koridorların səmərəli istifadəsi” mövzularında təqdimatlarla çıxış ediblər.

Öz növbəsində, Dövlət Gömrük Komitəsinin mütəxəssisləri “Qanunvericilik və prosedurlar”, “Gömrük tarifləri və maliyyə məsələlərinin tənzimlənməsi”, “Gömrük rəsmiləşdirilməsi prosedurlarında informasiya texnologiyalarının rolu və innovativ yanaşmalar” mövzuları ətrafında məruzə söyləyiblər.

Konfransın sonunda isə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir