Search
13521200_10209866307393905_865210537_n

İxracı necə xilas edək?

“2016-cı ilin ilk kvartalında Azərbaycanın qeyri-neft sektoru üzrə eksport göstəriciləri 44.5% azalıb” – KİV-lərdə dərc edilmiş bu May başlıqları Azərbaycanın iş dairələrində böyük səsə səbəb oldu. Ümumi baxışda neft məhsullarının ixrac göstəriciləri üzrə azalmanı neft qiymətlərinin enməsi səbəbindən cəmiyyət gözləyirdi. Lakin qeyri-neft sektoru üzrə bu səviyyədə azalma bir sıra iş adamları üçün gözlənilməz oldu.

2016-cı ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 3 mlrd.606.5 mln ABŞ dolları təşkil etmişdir. Bunun daxilində ixrac rəqəmləri 1 mlrd.780.6 mln manata bərabər olmuşdur. Qeyri-neft sektoru ixracı isə 244.8 mln ABŞ dolları təşkil etmişdir ki, bu da keçən ilin analoji göstəricilərinə nisbətən 44.5% az olaraq, ümumi eksport həcminin 13.7% təşkil etmişdir. Bu məlumatlar statistika komitəsi tərəfindən yayılıb.

Burada vacib bir məqamı vurğulamaq istərdim: son bir neçə il ərzində ilk dəfədir ki, ölkənin xarici ticarət dövriyyəsində iri həcmli mənfi saldo yaranmışdır. Digər sözlə ifadə etsək – Azərbaycan xarici dövlətlərə ixrac etdiyi malların həcmi idxal etdiyi malların həcmindən azdır.  Hesabata əsasən 2016-cı ilin ilk 4 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsində 144 368 840 ABŞ dolları həcmində mənfi saldo yaranmışdır. Keçən ilin sözügedən periodunu nəzərə alsaq, müsbət saldo 867 189 170 ABŞ dolları təşkil etmişdir.Saldo göstəriciləri isə 1 mlrd ABŞ dolları həcmindən çox dəyişilmişdir.Bunun əsas səbəbi – neft və qaz qiymətlərinin enməsidir.

Bəs bu halda qeyri neft sektoruna aid eksportun demək olar ki 2 dəfə azalmasını necə izah etmək olar? Gəlin ətraflı olaraq keçən ilin eyni periodu ilə müqayisədə daha az eksport olunan malların siyahısı və həcmi ilə tanış olaq. Bu cədvəldə ən çox dəyişikliyə məruz qalan mallar qeyd edilib:

Artım Azalma
Tərəvəz: + 570%

Polietilen: + 11,3%

Rəngsiz metallardan borular: + 530%

Pambıq: + 230%

Meyvə: – 18,9%

Şəkər: – 57,4%

Bitki yağları: – 52,3%

Çay: – 76%

Marqarin və digər qida əlavələri: – 90,5%

Emal edilmiş alyuminium: – 3,9%

Qeyri-neft sektoru məhsullarının ixrac vacibliyini danmaq mümkün deyil. Strateji olaraq eksport ölkəyə valyuta, resurs, var-dövlət axınını təmin edən qızıl borudur. Fakt olaraq qeyd etmək lazımdır ki, “iqtisadi möcüzə” nümayiş etdirən bütün ölkələr, yəni yüksək temp ilə iqtisadi inkişaf göstərən ölkələr bunu eksport və ya kapital, investisiya axını hesabına təmin etmişlər. Məhz əsasını neft və neft məhsulları təşkil edən iri həcmli eksport gəlirləri sayəsində Azərbaycan stabil inkişaf nümayiş etdirdi. Məhz neft resursları eksportunun diversifikasiya edilmiş satışını təşkil etdikdən sonra ölkə illər boyu hər il artan dövlət büdcəsinin formalaşdırılmasına nail oldu.

Bu məsələdə dayanaraq təkrar etmək istərdim ki, Azərbaycan ÜDM artımına neft məhsullarının ixracı hesabına nail oldu.Dünyada 1 insan üçün nəzərdə tutulan karbohidrogen xammalına olan tələbatın azalması, xammal qiymətinin düşməsi kimi faktorları nəzərə alaraq qeyri-neft sektorunun inkişafı nəticəsi kimi çıxış edən eksport həcminin artımına nail olmaq – dövlətin strateji hədəflərindən biridir.

Eksport həcmi azalmasının ümumi baxışda 2 səbəbi ola bilər: Azərbaycanda məhsul istehsalının azalması və ya ölkədə istehsal edilən mallara xarici bazarlarda tələbatın azalması.

Vəziyyətin bu cür olmasına təsir edən əsas faktorları müəyyən edək. 2015-ci il ərzində nə baş verib?

Faktor 1. Milli valyutanın kəskin, ikili devalvasiyası. Bütün iqtisadi qanunlara əsasən milli valyutanın devalvasiyası ixraca mənfi deyil, müsbət təsir göstərməlidir. Çünki, misal üçün, 100 AZN xərc ilə istehsal edilən məhsul 25 AZN marja ilə, yəni 125 AZN qiymətinə satışı təşkil edildiyi halda 1 USD :  0,78 AZN məzənnəsi ilə digər dövlətdlərdə 160 ABŞ dollarına satılmalı idi. Devalvasiyadan sonra isə 1 USD :  1,5 AZN məzənnəsi ilə həmin məhsul 83 ABŞ dolları qiymətinə satılmalıdır. Ümumi olaraq Azərbaycanda istehsal qiymətləri demək olar ki dəyişməz qaldı (istehsal qiymətində cüzi artım müşahidə edildi). Lakin xarici valyuta qiymətləri ilə məhsul ucuzlaşdı. Odur ki, devalvasiya eksport göstəricilərinə təsir edən, tanınan, müsbət faktordur.

Faktor 2. Daxili istehlakın azalması. Ümumi baxışda il ərzində ölkədə daxili istehlak rəqəmləri azalmışdır. Buna səbəb – iqtisadiyyatın xoşagəlməz vəziyyətidir. Bu istehsal edilmiş məhsul artıqlarının eksporta çıxarılması üçün əlavə təsiredici qüvvədir.

Faktor 3. Daxili istehsalın azalması.  Hazırki ixrac vəziyyətinin bu cür olmasının digər səbəbi qeyri-neft məhsulları istehsalının azalmasıdır. Bu halda ən doğrusu Statistika komitəsinin göstəricilərinə diqqət yetirməkdir. Bu rəqəmlərə baxdıqda məlum olur ki, istehsalın azalması ixracın bu cür kəskin azalmasının səbəbi deyil. Çünki carı ilin ilk 4 ayı ərzində səneye istehsalı keçən ilin analoju periodu ilə müqayisədə cəmi 1.1% enmişdir. Daha dəqiq desək sənaye sektorları üzrə artım və azalma rəqəmləri hesabatda növbəti şəkildə əks edilir:

  • Artım: ərzaq məhsulları – 2.3%, içkilər – 8.2%, tütün məhsulları – 52.1%, tekstil sənayyesi məhsulları – 350%, hazır metallurqiya avadanlığı – 36.5%, kompyuterlər, elektron və optik cihazlar – 270%, elektron avadanlıq – 7.8%, avtomobil və s. – 48.4%, maşın və cihazlarının təmiri – 210%.
  • Azalma: paltar istehsalı – 19.6%, dəri və dəri məhsulları, ayaqqabı – 72.9%, kağız və karton – 14.9%, poliqrafiya məhsulları – 6.7%, kimya sənayesi məhsulları – 13.8%, rezin və plastik məhsullar – 24.4%, tikinti materialları – 28.6%, maşın və cihazların istehsalı – 20.5%, mebel – 14.2%

Bu arada gördüyünüz siyahıda bir məqama diqqət yetirmək zəruridir: artım müşahidə edilənlərin sırasında sənaye məhsullarını, azalmaya məruz qalanların arasında isə əsasən xammalı qeyd etmək olar. Bu hal Azərbaycanın resurs iqtisadiyyatının yaxın zamanlarda senaye iqtisadiyyatına dönmə haqda ümüdlər bəxş edir.

Faktor 4. Rəqabətdə uduzmaq, Azərbaycan istehsalçıları tərəfindən satış bazarlarının itirilməsi. Azərbaycan satış bazarlarını itirməkdədir. Bunu etiraf etmək nə qədərdə çətin olsa, bizim mallar digər ölkələrin malları ilə birbaşa rəqabətə davam gətirə bilmir. Fakt olaraq qeyd edim ki, məhsul ixracı azalmasının səbəbindən aslı olmayaraq Azərbaycan məhsulları yerləşən “rəf” uzun zaman boş qalmayacaq. Bazar iqtisadiyyatı şəraitində tələb vakuumu təklif ilə tez bir zamanda dolur. Əfsuslar olsun ki, hansı bazarların itirilməsini dəqiq müəyyən etmək (hansı ölkələrdə) mümkün deyil, lakin məhsulların hansı ölkələrə ixrac edildiyi haqda məlumatlara baxmaq mümkündür: İtaliya – 20.7%, Fransa – 11.3%, Almaniya – 9.7%, Çexiya – 7.2%, Gürcüstan – 6.6%, İzrail – 5.5%, Tayvan – 5.4%, Portuqaliya – 3.5%, Türkiyə və Türkmənistan (ayrılıqda) – hər biri 3.3%, Rusiya – 2.6%, Hindistan – 2.5% və s.

Rəqabətdə uduzmağımızın və bizim məhsulların əvəzlənməsinin səbəbləri çoxdur: məhsulun adi aşağı keyfiyyətindən tutmuş, yüksək qiymət, sahibkarlar tərəfindən satış, çatdırılma, reklam, loqistika, saxlanılma qaydalarının səhf və ya qeyri-effektiv yerinə yetirilməsinədək. Bu mövzuda marketoloq kimi mülahizələrim çoxdur, ehtimallarım isə dahaçox.

Siz soruşa bilərsiniz – bu necə mümkündür ki, bizim məhsullar məhz bu il rəqabətdə uduzmuş, əvvəlki illər ərzində isə satış artımı nümayiş etdirmişdir?

Cavab sadədir – bizim məhsullar geniş assortimentdə xarici analoqlar ilə rəqabəti bir çox sahələrdə heç vaxt udmayıblar. Güman edirəm ki Azərbaycan şirkətlərinin bir çoxu mərkəzi Asiya, Rusiya və Avropa bazarlarında yer almaq üçün aqressiv marketinq və qiymət siyasəti həyata keçirərək “dumping” addımları ilə süni şəkildə qiymətləri azaltmış, yüksək saxlanma və ambar xərcləri həyata keçirərək , eləcədə qeyri-ənənəvi yollar ilə müxtəlif satış nöqtələrində “rəf” paylarının süni artımını əldə etmişlər.  Yerli bazar payının “qoparılması” üçün bu növ addımlar marketinq və satış teoriyası çərçivəsində normal sayıla bilər. Lakin uğursuzluqların əsas səbəbi odur ki, sözügedən addımların effektiv nəticə göstərməsi üçün davamlılığı şirkətlərin resursları tükəndikcə mümkün olmamışdır. Azərbaycan şirkətlərinin əsas gəlirləri yerli bazarda satışlardan ibarətdir və böhran nəticəsində yerli bazarda satış səviyyəsinin enməsi şirkətlərə olduqca böyük zərbə vurur. Azərbaycanda baş verdiyi kimi yerli bazarda satışların azalması baş verdikdə şirkət və müəssisələr müflislik təhlükəsi ilə üzləşərək xarici bazarlara xərcli aqressiv addımlarından imtina etməli olmuşlar. Yekun olaraq «ixracın şişirdilmiş şarı» kiçilir. Xarici ölkə bazarlarına daha effektiv tərzdə daxil olmaq mümkün olardımı sualı isə açıqdır. Düşünürəm ki – olar. Lakin bu sual və cavablar artıq şirkət və müəssisələrin kommersiya idarə orqanlarının  kompetensiyasındadır.

İqtisadiyyatımızın qeyri neft sektoru ixrac göstəricilərinin azalması səbəblərini qeyd edib təhlil edərək bir məsələni dəqiq anlamaq mümkün olur – müəssisələr tərəfindən geniş sərmaye yatırımı ilə rahat əldə olunan ixracın “ağ günləri” geridə qalıb.

2015-ci ilin yanvar ayından Azərbaycan şirkətləri və vətəndaşlarının iştirakı ilə həyata keçirilən əmtəə-pul münasibətlərində yeni era başlayıb.

Bizim müəssisələrin fokuslandığı xarici bazarlar yüksək rəqabətli, müştərilər isə tələbkar və seçimdə diqqətlidirlər. Bu bizim ölkə və iqtisadiyyatımızı, biznes və müəssisələrimizi yüksək keyfiyyətli məhsul istehsal etmək, onun çatdırılması, saxlanması, satış və reklamını daha effektiv və optimal həyata keçirərək rəqiblərdən sözügedən məhsulu daha keyfiyyətli istehsal etməyə, satış nöqtəsinə daha tez çatdırmağa, daha sərfəli qiymətə satmağa vadar edir. İqtisadiyyatı ixrac gəlirləri hesabına inkişaf etdirmək istəyiriksə, ölkə və müəssisələrimizin digər çıxış yolu yoxdur.

Tural Həsənov

DəmirBank ASC-də “Marketinq Araşdırmaları” qrupunun rəhbəri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir