Search
ipoteka

Tikinti-əmanət banklarından hələ də xəbər yoxdur

Ramil Osmanov: “Tikinti-əmanət banklarının yaradılması ipotekaya marağı artıra bilər”

 

Nüsrət İbrahimov: “Tikinti-əmanət banklarının yaradılması istiqamətində müəyyən mənbə, şərait, mühit formalaşmayıb”

İpoteka kreditləşməsinin genişləndirilməsi məqsədilə Azərbaycanda tikinti-əmanət banklarının yaradılması hələ də aktuallığıın qoruyur. Amma nədənsə tikinti-əmanət banklarının yaradılması prosesi gecikir. Məlumat üçün bildirək ki, tikinti-əmanət banklarının yaradılması ipoteka kreditləşməsinin bir formasıdır. Dünya ipoteka kreditləşməsinin 50 faizi bu modelin payına düşür. Beynəlxalq təcrübəyə əsasən yaşayış-tikinti əmanəti bankları belə borcalanlar üçün 2 mərhələdən ibarət kreditləşmə proqramı təklif edir. Birinci mərhələ yığım funksiyası daşıyır. Bu mərhələdə borc alan qabaqcadan razılaşdırılmış və bankın faiz ödədiyi məbləği hər ay banka depozitə qoyur. Depozitdə ilkin ödəniş üçün tələb olunan kifayət qədər məbləğ yığıldıqdan sonra proqramın ikinci mərhələsi – kreditləşmə mərhələsi başlayır. Bu mərhələnin əvvəlində bank borcalana kredit verir. Belə kreditlər üzrə faiz dərəcələri adətən digər kreditlər üzrə faizlərdən əhəmiyyətli dərəcədə aşağı olur.
Tikinti əmanət banklarının yaradılmasının gecikməsi səbəblərini ekspertlərlə dəyərləndirdik.
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanov bu istiqamətdə islahatların aparılmasının gözlənildiyini dedi: “Ümumiyyətlə, düşünürəm ki, İpoteka haqqında qanunvericilikdə müəyyən islahatların aparılması gözlənilir. Hökumətin mövqeyi də bunu deməyə əsas verir. Amma bu islahatlar konkret olaraq özünü nədə göstərəcək, əmanət banklarının yaradılması həyata keçiriləcəkmi, bunu demək çətindir. Amma onun yaradılması fikrimcə, ipotekaya marağı artıra bilər. Amma ləngimənin səbəblərini deyə bilmərəm”.
MBA Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov isə bu qənaətdədir ki, tikinti əmanət banklarının yaradılması üçün hələlik şərait yetişməyib: “Düşünürəm ki, tikinti-əmanət banklarının yaradılması istiqamətində yəqin, müəyyən mənbə, şərait, mühit formalaşmayıb. Ona görə də həmin bankların yaradılması gecikir. Ümumiyyətlə, sosial evlərin tikintisi, müəyyən fondların yaradılması ətrafında artıq bir neçə ildir ki, söhbət gedir. Amma söz müstəvisindən real iş müstəvisinə keçilməməsi zənnimcə, iki səbəbdən qaynaqlanır. Birinci səbəb odur ki, ölkəmizdə qiymətli kağızlar bazarı hələ arzuolunan səviyyədə deyil. İkinci səbəb odur ki, ölkəmizdə o layihələrin reallaşması bugünkü biznes mühitinin lazımi səviyyədə qalmasına xələl gətirə bilər. Çünki, sosial layihələrin reallaşması gərək hazırkı qiymətlərdən aşağı, əhalinin ödəmə qabiliyyəti indeksinə uyğun ola. Bu da hazırda biznes seqmentinin marağına uyğun gəlmir. Bu fərq aradan qalxandan sonra həmin sosial layihələr də icra olunmağa başlayacaq”.
İpoteka sistemində bu il gözlənilən yeniliklərdən biri də elektron müraciət formasının tətbiq edilməsidir. Bu, vətəndaşların vaxt itikisinin qarşısını alacaq, eyni zamanda tələb olunan sənədlərin sayının azalmasına xidmət edəcək. Əsas gözlənti isə, yenə də ilkin ödəniş və faiz dərəcəlrinin azaldılması ilə bağlıdır.


movqe.az
Səməd CƏFƏROV




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir