Search
2

Ticarətin maliyyələşdirilməsi məqsədilə Qara Dəniz Ticarət və İnkişaf Bankının ayırdığı vəsaitin artırılması Azərbaycanda Xarici Ticarətin genişlənməsinə kömək edəcəkdir

21 May, 2014-cü il tarixində Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Ticarətin Maliyyələşdirilməsi istiqamətində TuranBanka ayırdığı revolver kredit xəttinin həcmini 14 milyon ABŞ dollarına qədər artırmışdır. QDTİB-in ayırdığı maliyyə vəsaiti TuranBanka QDTİB-ə üzv ölkələrdən mal idxal edən və ya digər ölkələrə mal ixrac edən Azərbaycandakı müştərilərinin idxal-ixrac əməliyyatlarının dəstəklənməsi üçün nəzərdə tutulmuşdur.

Bu saziş QDTİB-in Azərbaycanda sürətlə inkişaf edən maliyyə sektorunun dəstəklənməsi və regional ticarəti genişləndirilməsi strategiyasını həyata keçirir.

İmzalanma mərasimindən sonra çıxış edən QDTİB-in Vitse Prezidenti Mustafa Boran bu əməkdaşlığa xüsusi önəm verdiklərini qeyd etdi: “Bizim bank TuranBankla əməkdaşlığa bir neçə il bundan əvvəl ümumi həcmi 4 milyon ABŞ dolları olan kredit xətti ilə başladı və bu xətt müvəffəqiyyətlə istifadə olundu. Biz ölkənin maliyyə sektorunun inkişafına dəstək olmaq istiqamətində davamlı öhdəliyimizi nümayiş etdirən bu əməkdaşlığı genişləndirməmizə şadıq”.

TuranBankın İdarə Heyətinin sədri Nazim Sadıqov da öz növbəsində izmalanan kredit müqaviləsinin xarici ticarət əlaqələrini inkişaf etdirməklə region ölkələri arasında əməkdaşlığın inkişafına təkan verəcəyini bildirdi.

QDTİB Azərbaycanda ticarətin maliyyələşdirilməsi proqramına 2002-ci ildə start vermiş və ötən müddət ərzində bu proqram çərçivəsində özünün yerli dörd tərəfdaş bankı vasitəsilə 88 milyon ABŞ dollarından çox vəsait ayırmışdır.

1992-ci ildə fəaliyyətə başlayan TuranBank ASC ənənəvi bank fəaliyyətini həyata keçirən tam lisenziyalı bankdır. 2013-cü ilin sonuna 311,2 milyon dollar (244.3 milyon manat) həcmdə aktivlərə malik olan TuranBank bu göstəriciyə görə Azərbaycanın bank sektorunda 1,2 % pay sahibidir. 2013-ci ilin sonuna bankın kredit portfelinin 50%-dən çox hissəsini KOS və mikro kreditlər təşkil etmişdir. TuranBankın 28 səhmdarlarından 22-si fiziki, 6-sı isə hüquqi şəxsdir. Bankın nizamnamə kapitalı 44 milyon manat (56 milyon ABŞ dolları) və məcmu kapitalı isə 50,5 milyon manat (64,3 milyon ABŞ dolları) təşkil edir. Bütün səhmdarlar minoritar səhmdarlardır (10%-dən az pay) və heç bir səhmdar Bankın üzərində tam nəzarətə malik deyildir.

Qara Dəniz Ticarət və İnkişaf Bankı – Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Ermənistan, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna dövlətləri tərəfindən yaradılan beynəlxalq maliyyə institutudur. QDTİB-in qərargahı Yunanıstanın Saloniki şəhərində yerləşir. Bank ssuda, kredit xətləri, səhm kapitalı, layihələrə zəmanət verilməsi, həmçinin ictimai və özəl sektorlarda ticarətin maliyyələşdirilməsini həyata keçirtməklə üzv ölkələrdə iqtisadi inkişaf və regional əməkdaşlığa dəstək olur. Bankın nizamnamə kapitalı 3,45 milyard avro təşkil edir. BDTİB Standard and Poor’s agentliyi tərəfindən uzunmüddətli “A-“, Moody’s agetnliyi tərəfindən isə “A2” reytinqinə layiq görülmüşdür. QDTİB haqda daha ətraflı məlumat üçün “www.bstdb.org” veb səhifəsinə daxil ola bilərsiniz.

 

turanbank.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir