Search
fond_banner

Sabirabadda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib

Avqustun 4-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabirabad rayonunun Qaratəpə kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Sabirabadda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Sabirabad rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq təsərrüfatlarının, meyvə-tərəvəz və süd emalı müəssisələrinin və 3 ulduzlu otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 1460 sahibkara 78,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 488 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Sabirabad və ətraf rayonlardan olan 55 sahibkara 833 min  manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, taxılçılıq, balıqçılıq, meyvə şirələrinin istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Sabirabad rayonunda güzəştli kreditlər hesabına yaradılmış müasir istixana kompleksinə və meyvə-tərəvəz emalı müəssisəsinə baxış keçirilib. Ümumilikdə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 48 müasir istixana kompleksinin yaradılmasına 141,5 milyon, il ərzində 121 min ton meyvə-tərəvəz emal etmək gücündə olan 17 müəssisənin yaradılmasına 59 milyon manat güzəştli kredit verilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir