Search
6502eee0-c300-4e5f-bcf7-1812e0ca4ca1

Qubada sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilmişdir

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Bu məqsədlə növbəti işgüzar forum mayın 12-də Quba rayonunun Barlı kəndində keçirilmişdir. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, Qubada həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir.

İşgüzar forum çərçivəsində Quba rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, meyvə-tərəvəz emalı zavodunun, intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2016-cı ilin ötən dövrü ərzində 778 sahibkara 50 milyon manata yaxın güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1700-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 170,4 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, çörək zavodunun, istixana, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmişdir.

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 40 sahibkara 445 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu layihələrin reallaşdırılması hesabına 50-yə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Qubada güzəştli kreditlərdən istifadə etməklə salınmış intensiv meyvə bağlarına baxış keçirilmişdir. Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1856 ha ərazidə 23 intensiv bağçılıq və tingçilik təsərrüfatının yaradılmasına 27,5 milyon manat güzəştli kredit ayrılmışdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir