Search
1447419054_659261_41193

Prezident mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

2016-cı ilin aprel ayının ilk günlərindən başlayaraq erməni silahlı qüvvələri Ağdam və Tərtər rayonlarının təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iri çaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmuşlar. Nəticədə mülki əhalidən 6 nəfər həlak olmuş, 26 nəfər yaralanmış, 445 evə, 5 məktəbə, 2 tibb məntəqəsinə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ciddi ziyan dəymişdir. Hazırda düşmən güllələrinin və mərmilərinin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.

Sərəncamda qeyd olunur ki, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, habelə mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Ağdam və Tərtər rayon İcra hakimiyyətlərinin hər birinə 3 milyon manat olmaqla cəmi 6 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir