Search
3ac1c8ac2029146fb3bda127107ab4d4_XL

Poçt şöbələrində mikrokreditlər veriləcək

Azərbaycanın poçt operatoru – “Azərpoçt” MMC mikrokreditləşmə sahəsində xidmətlər göstərməyə hazırlaşır. Bu məqsədlə lizensiya almaq üçün Mərkəzi Banka müraciət ediməsi nəzərdə tutulub.

“Marja” Fins.az- a istinadən xəbər verir ki, bunu Qurumun poçt analizi şöbəsinin rəisi Nüsrət Səmədov bildirib.

Paralel olaraq “Poçt haqqında” Qanuna dəyişiklik edilməsi planlaşdırılır və artıq “Azərpoçt” bu məsələ ilə bağlı təkliflərini Milli Məclisə təqdim edib. Çox güman ki, ilin sonuna qədər maliyyə xidmətlərinin genişləndirilməsi ilə bağlı qanunvericilik bazası formalaşdırılacaq və mikrokreditlərin verilməsinə yaxın 1 il ərzində başlanılacaq.

Nüsrət Səmədovun sözlərinə görə, kreditlərin ayrılması üçün maliyyə resurslarına ehtiyac olduğundan eyni vaxta vətəndaşlardan əmanət qəbul edilməsi də nəzərdə tutulur. Poçt şöbələrində həm kreditlərin, həm də əmanətlərin faiz dərəcələri banklarla müqayisədə aşağı olacaq. İlkin olaraq vətəndaşlara 1000 manata qədər kredit ayrıla bilər, tədricən isə bu məbləğin artırılması mümkündür. Kreditlərin maksimum 2-3 illik müddətə ayrılacağı gözlənilir.

Mikrokreditləşmə əsasən rayon mərkəzlərini və ucqar kəndləri əhatə edəcək, çünki paytaxtda və ölkənin digər iri şəhərlərində bankların filialları var və vətəndaşların kredit götürməklə bağlı problemi yoxdur.

Ümumiyyətlə isə, “Azərpoçt” ölkə üzrə geniş filial şəbəkəsinə malik olduğundan heç bir bank mikrokreditlərin verilməsi sahəsində onunla rəqabət apara bilməz. Belə ki, ölkədəki 43 bankın filiallarının ümumi sayı təxminən 700 olduğu halda, “Azərpoçt”un şöbələrinin sayı 1600-ə çatır. Poçt şöbələrinin bu sahədə fəaliyyəti Azərbaycanın rayonlarında iqtisadi aktivliyin artmasına imkan verəcək.

Hələlik isə, “Azərpoçt”un təxminən 1000 şöbəsində Mərkəzi Bankın lizensiyası əsasında kredit verilməsi və əmanət qəbul edilməsi istisna olmaqla maliyyə xidmətləri göstərilir. Bunun üçün poçt operatoruna avtomatlaşdırılmış korporativ informasiya sistemi kömək edir.


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir