Search
nevada

Nevada Ştatı ilə iqtisadi əlaqələr genişləndirilir

Aprelin 5-də İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Həmbriki qəbul etmişdir.
Görüşdə ABŞ-ın Nevada ştatı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.
Nazir Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycan və ABŞ arasında əlaqələr təhlükəsizlik, terrorizmə qarşı mübarizə, eləcə də enerji, logistika və digər sahələrdə uğurla davam etdirilir. Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayan Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin Nüvə Sammitində iştirak etmək məqsədilə bu yaxınlarda ABŞ-da səfərdə olduğunu, səfər zamanı bir sıra görüşlər keçirdiyini bildirmişdir. ABŞ nümayəndə heyətinin Azərbaycana səfəri də ölkələrimiz arasında əlaqələrin inkişafına verilən önəmin göstəricisidir. Şahin Mustafayev hazırda ölkəmizdə 200-dən çox ABŞ şirkətinin fəaliyyət göstərdiyini, indiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 10 mlrd. dollar investisiya qoyulduğunu qeyd etmiş, Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırmışdır. ABŞ Azərbaycanın iştirakı ilə reallaşdırılan enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir. Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu vurğulayan Şahin Mustafayev bu sahəyə investisiya qoyuluşu üçün imkanları vurğulamışdır.
ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Həmbrik ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün imkanları vurğulamış, Nevada Ştatının İqtisadi İnkişaf İdarəsinin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarından ibarət heyətin Azərbaycana səfərini təklif edərək, iqtisadi sahədə əlaqələrin inkişafı barədə fikirlərini bildirmişdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir