Search
Pul-Manat-AZN

Manat dollar fonunda – EKSPERT

Manatın dollar qarşısında ucuzlaşmasının davam edəcəyi, yoxsa sabitləşəcəyi cəmiyyətdə geniş müzakirə olunur. 

Bildiyimiz kimi Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu bankların dollara olan təlabatını hərraclar vasitəsilə ödəyir. Hazırda Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 26,3 milyon dollardır. Bundan başqa, Dövlət Neft Fondundan 2016-cı ilin büdcəsinə 7 milyard 615 milyon manat (4 milyard 645 milyon dollar) daxil olmalıdır. Dövlət Neft Fondundan vəsaitlər dollardadır, Fond büdcəyə vəsaiti köçürməmişdən əvvəl hərracda satıb manata çevirir.

Azərbaycan Republikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ildə manatla öhdəlikləri dövlət büdcəsinə transfer və digər öz xərcləri ilə birlikdə 8 milyard manata (4,9 milyard dollar) yaxındır. Bu halda Fond hər ay hərraca orta hesabla 400 milyon dollar çıxarda bilər. Nəzərə alınmalıdır ki, artıq Neft Fondu ötən 2,5 ayda həracda təxminən 1 milyard dollar valyuta satıb.

Mərkəzi Bankın 4 milyard valyuta ehtiyatları daxil bu il hərraca 8,9 milyard dollara yaxın vəsait çıxardıla bilər (Mərkəzi Bank bu vəsaitləri qorumaq istəyir). Bu da hər ay hərraca orta hesabla 740 milyon doların çıxardılması deməkdir. Dollara aylıq təlabat isə 1 milyard dollardan  çox olacağı proqnozlaşdırılır.

Neft Fondunun və Mərkəzi Bankın hər ay hərraca 740 milyon dollar çıxarda bilmək imkanını nəzərə alsaq, bu  valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq üçün kifayət etməyəcək.

DÖVLƏT BORCUNUN QAYTARILMASINA AYDA 150, İDXALA İSƏ 550 MİLYON DOLLAR LAZIMDIR

Çünki, 2016-cı il büdcəsinin beynəlxalq öhdəlikləri və dövlət borcuna xidmət xərcləri 1 ay ərzindən 150 milyon dollar məbləğində valyutaya tələbat yaradır. Bundan başqa ötən il yalnız sərbəst dönərli valyuta (SDV) ilə rəsmi olaraq bəyan edilən idxal əməliyyatları üzrə hesablaşmalar 6,5 milyard dollar təşkil edib. Baxmayaraq ki, bu hesablama yalnız rəsmi idxal göstəricilərinin bazasında aparılıb, gerçəklikdə isə cəmi idxal əməliyyatları rəsmi açıqlanan rəqəmdən çox olur, yenə də bu il üçün idxalın həcmini ötən ilin rəsmi səviyyəsinə bərabər götürəndə cari ildə onun reallaşması üçün hər ay orta hesabla 550 milyon dollar vəsait tələb olunacaq.

Bununla yanaşı, hazırda bankların, dövlət və özəl şirkətlərin xarici banklar qarşısında öhdəlikləri 10 milyard dolları ötür və bu borclara xidmət xərcləri daxili bazarda mal və xidmətlərini manatla reallaşdıran təşkilatlarda dollara əlavə tələbat yaradır.

Bundan əlavə, xarici investorların valyutaya ehtiyaclarını, vətəndaşların valyuta ilə əməliyyatlarını da nəzərə alanda ölkədə dollara orta aylıq tələbat ən azı 1 milyard dollar təşkil edəcək ki, bu da il ərzində valyuta bazarında təklifin ən azı 12 milyard dollar olmasını tələb edir. Bunun da üçdə biri Dövlət Neft Fondu hesabına təmin olunarsa, yerdə qalan üçdə ikisi Mərkəzi Bankın hazırkı valyuta ehtiyatlarından (4 milyard dollar) 2 dəfə çox məbləğə tələbat yaradır. Mərkəzi Bankla yanaşı bu yöndə olan xərcləri bölüşmək imkanı Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) olsa da, hazırda ARDNŞ-nin özünün valyuta ilə olan borclarını və öhdəliklərini qarşılamaq sahəsində çətinlikləri mövcuddur. Odur ki, yalnız Mərkəzi Bankın ehtiyatları və Dövlət Neft Fondunun daxili bazardakı təklifləri ilə valyuta bazarında tarazlığı qorumaq mümkün olmayacaq. Ona görə də “manatın başı üzrəində qara buludlar” qalmaqdadır.

Mənbə: https://www.facebook.com/gubad.ibadoglu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir