Search
0a126646b2eea09b64e9b8acebeefaf5

Maliyyə Nazirliyi dövlət büdcəsinin gəlir və xərclərini açıqlayıb

2016-cı altı ayında dövlət büdcəsinin mədaxili 7 771,5 mln. manat proqnoza qarşı 6133,8 mln. manat və yaxud 21,1% az icra olub. Maliyyə Nazirliyindən verilən xəbərə görə, Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 102,0% icra edilməklə dövlət büdcəsinə 3 190,1 mln. manat vəsait təmin edilib.

Həmin vəsaitin 77,8 faizi (ötən ilin eyni dövrünə nisbətən 10,6 faiz-bənd çox) və ya 2 481,1 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən 242,7 mln. manat və ya 10,8 faiz çoxdur. 2016-cı ilin altı ayında Dövlət Gömrük Komitəsi proqnoza 118,2% əməl edərək dövlət büdcəsinə 995,4 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz və yaxud 230,4 mln. manat çoxdur.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transfertdən  1 886,0 mln. manat (51,7 faiz) az və ya 1760,0 mln. manat istifadə edilib. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 127,3 mln. manat təşkil edib.

Sair daxilolmalar üzrə büdcəyə 56,9 mln. manat vəsait daxil olub. 2016-cı ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 2455,3 mln. manat icra olunub.

2016-cı ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 88,8 faiz və yaxud 6 821,5 mln. manat icra olunub. İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 43,4% və yaxud 2 958,5 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz və yaxud 211,2 mln. manat çoxdur.

Cari ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 103,1 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 532,0 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 19,1 mln. manat vəsait yönəldilib.

2016-cı ilin altı ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 4198,1 mln. manat icra olunub.

Cari ilin altı ayında icmal büdcənin gəlirləri 9 262,7 mln. manat, icmal büdcənin xərcləri isə 8 226,1 mln. manat icra olunub. İcmal büdcənin artıqlığı 1 036,6 mln. manat təşkil edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir