Search
Leasing

Lizinq şirkətlərinə – TÖVSİYYƏ MƏKTUBU

Vergilər Nazirliyi Azərbaycanda fəaliyyət göstərən lizinq şirkətlərinə lizinq əməliyyatlarında sahibkarlara üstünlük verilməsini tövsiyyə edib.
Bu barədə fins.az-a “Qafqaz Lizinq” şirkətindən məlumat verilib. Şirkətdə bildirirlər ki, nazirlikdən göndərilən tövsiyyə məktubunda lizinqlə mal satılarkən sahibkarlara, yəni VÖEN alaraq fəaliyyət göstərən və gəlirləri barədə bəyannamə təqdim etməyi bacaran şəxslərə üstünlük verilməsi tövsiyyə edilir. Başqa sözlə, lizinqlə avtomobili yalnız o şəxslərin alması istənilir ki, onların aylıq ödənişləri həyata keçirməklə bağlı problemləri ümumiyyətlə olmasın: “Yəni, lizinqlə maşın almaq istəyənlər ən azı VÖEN-i olan taksi sürücüləri olmalıdır”-deyə şirkətdən bildiriblər.

Lizinq əməliyyatları zamanı sahibkarlara üstünlük verilməsi ilə bağlı tövsiyyənin olmasını fins.az-a Azərbaycan Lizinq Assosiasiyasının rəhbəri və “Joint Leasinq” şirkətinin idarə heyətinin sədri Elçin Əhmədov da təsdiqləyib. Amma onun sözlərinə görə, bu yalnız tövsiyədir: “Sadəcə tövsiyə edirlər ki sahibkarlara üstünlük verək, heç bir qadağadan söhbət getmir, çünki qanuna görə də belə qadağa ola bilməz”. Üstəlik, vergi ödəyicisi deyəndə də təkcə sahibkarlar nəzərdə tutulmur: “Müəyyən bir yerdə çalışan və işçi kimi əmək müqaviləsi olan, əmək haqqından vergiləri dövlət büdcəsinə ödənilən vətəndaşlar da vergi ödəyiciləridir”.

O ki qaldı bu tövsiyəyə əməl olunmasına, Elçin Əhmədov bildirib ki, gəlirlərini  və ondan vergi ödənildiyini rəsmi təsdiqləyə bilən istənilən şəxs lizinq əməliyatları apara bilər və şirkətin bu sahədəki xidmətlərindən yararlana bilər.
“Qafqaz-lizinq” şirkəti də hələlik öz qaydalarında dəyişiklik etməyib – məsələn şirkət “Hyundai” avtomobillərini vətəndaşlara adi qaydada lizinq şərtləri ilə təqdim edir. Dəyişən yalnız vətəndaşların gəlirləri və ondan vergi ödənilməsinin təsdiqlənməsi ilə bağlı tələblərdir.

Xatırladaq ki, bu, Azərbaycanda avtomobil kreditləşməsi ilə bağlı ilin əvvəlindən bəri atılan sayca 2-ci oxşar addımdır. Bu ilin yanvar ayında Mərkəzi Bankın kommersiya banklarına göndərdiyi tövsiyyə xarakterli məktubdan sonra banklar avtokreditləşməni dayandırmışdılar və sonradan yeni şərtlər əsasında avtomobil kreditləri verməyə başladılar. Amma yeni şərtlərdə ilkin ödəniş tələbi 50% olduğu üçün avtomobil salonlarında satış kəskin azaldı. Buna görə də alıcıların əksəriyyəti avtomobilləri daha sərfəli olan lizinq yolu ilə almağa başlamışdı.


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir